Region (25-05-2015, 15:38)
“Binaların zəlzələyə davamlılığı tam ciddiyyət ilə yoxlanılmalıdır”
Mediatv.az-ın məlumatına görə, şəhərsalma üzrə ekspert, tanınmış inşaat mühəndisi Rahab Qazıyev Moderator.az saytı və “Hürriyyət” qəzetinə müsahibə verib:.
-Rahab bəy, böyük bir faciə yaşadıq, hərə öz çapında və öz marağına uyğun münasibət sərgilədi, kimi asıb-kəsdi, kimi yaltaqlandı, kimi susdu, kimi dəxli olmayan şeylərdən danışdı. Artıq faciədən günlər ötüb və indi söz mütəxəssislərin olmalıdı. Tikinti sahəsində təcrübəli bir mütəxəssis olaraq, emosiyasız, hiss və həyəcansız formada deyin görək baş verən nəydi və olanların fonunda vəziyyətdən çıxış yollarını nədə görürsünüz?
-Lap əvvəldən də deyilmişdi ki, binaların üzlənməsi üçün istifadə edilən bu materiallar tez alışan materiallardır. Yəni ki, bu tip materiallar yanğına davamlı deyillər və bu səbəbdən də onların belə kütləvi şəkildə istifadəsi başından bəri yanış idi. Indi kimlərinsə timsah göz yaşları axıdaraq “xəbərimz olmayıb”, “sertifikat yalnış verilib” və s. kimi ifadələr işlətməklə, əslində məsuliyyətdən yayınmaq istəmələri özü də bir yanlışdı. Çünki söhbət Bakı kimi böyük bir şəhərin, Azərbaycanın paytaxtının yaşayış binalarından gedirsə, indi gah bir-birini suçlamaqla, gah da hansısa sənədlərin yanlışlığına istinad etməklə, sudan quru çıxmaq istəmələrinə heç bir əsas yoxdur. Bir sözlə, bu adamlar olanları və olacaqları bilməyə borcluydular. Çünki söhbət hansısa bir iş adamının və ya biznesmenin villasında gedən təmir-tikinti işlərindən deyil, dövlət proqramı çərçivəsində təşkil olunan və aparılan abadlaşdırma işlərindən gedir. Mən özüm də bu işlərə heç bir qarışacağım olmasa da, dəfələrlə müxtəlif ərazilərdə aparılan üzləmə işlərini görən şəxslərlə bu haqda söhbət etmişəm. Hamısına da bildirmişəm ki, binaların bu cür materiallarla üzlənməsi çox təhlükəlidi. Və çox qəribədi ki, həmişə də həmin işləri görən müxtəlif səlahiyyətli adamlar eyni cavabı veriblər ki, bizə nə var, deyiblər eləyin, biz də eləyirik. Hətta yadımdadı iş icraçılarımdan birinə dedim ki, siz başa düşürsünüzmü ki, bu materiallarla təkcə orda yaşayanları yox, binaların özlərini də kəfənləyirsiniz.
Bəzən elə olurdu ki, bu adamlarla saatlarla söhbət edib, baş verə biləcəklər haqqinda danışırdım. Əlbəttə, gərək bunlar olmayaydı. Özü də bunun bir neçə siqnalı da oldu. Lakin buna reaksiya verən bir kimsə olmadı. Hamı elə hesab eləyirdi ki, yenə də, hətta yanğın olsa belə, indiki fəlakət səviyyəsində itkilər olmayacaq. Amma Allahın yazığı gəldi ki, yenə də bu yanğında olan fəlakət və itkilər öz miqyasına görə ola biləcəklərdən az oldu. Təsəvvür eləyin ki, indi yanan bina cəmi bir blokdan ibarət idi. Amma belə bir dəhşətli yanğ;n coxbloklu binada da baş verə bilərdi. O zaman yaşana biləcək fəlakətin miqyasları barədə düşünmək belə adamı qorxudur. Bütün hallarda yaşanan cox böyük faciədi. Ona görə də bütün bu üzlüklər qəti şəkildə və birmənalı olaraq dərhal sökülməlidi. Həm də bu işlərin gedişində ən böyk səhv o olub ki, həmin o üzlükləri birbaşa divara yapışdırmayıblar. Mən sizə deyirəm ki, bəlkə o üzlüklər divara yapışdırılmış olsaydı, alov bütün binanı ağuşuna ala bilməzdi. Üzlüklərlə divarın arasında olan məsafə yanğına birbaşa nəfəs verib. Düzdü, indi cox adam, çox söz deyir, amma burada çox yüksək səviyyədə səhlənkarlıq olub. Baş vermiş fəlakətə görə, ilk növbədə Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəri və eləcə də Binəqədi Rayon İcra Hakimiyyəti birbaşa məsuliyyət daşımalıdı. Baxın, indi bu işlə bağlı həbs olunanlar var və hələ də araşdırmalar davam edir.
- O məsələyə hələ qayıdacağıq. Amma Azərbaycanın cağdaş idarəetmə sistemində bəlli reallıqlar var. Siz sərbəst adamsınız və mütəxxəssis kimi burda oturub rahat danışa bilirsiniz. Amma prezidentin sadəcə bir təbəssümlə, ya da bir jestlə bəyəndiyini hiss elətdirdiyi hər hansı bir işə qarşı, nazir və ya icra başçısı olmasından asılı olmayaraq, kim qarşı çıxa bilər? Baxın, ində bir “zavxoz”, bir də JEK müdiri tutulub. Məsələyə bu şəkildə yanaşmaq özü növbəti faciələrin siqnalı deyilmi?
- Gəlin hələ məsələnin axırını gözləyək. Bəlkə araşdırmaların nəticələri gedib lap yuxarılara çıxasıdı. Sadəcə, mən buda oturub aparılan istintaqa müdaxilə eləyə bilmərəm. Indi mən də eşitdim ki, artıq qərar verilib, şəhərdə olan bu tip binaların hamısının üzü sökülməli və həmin binalar bayır tərəfdən boyanmalıdı. Bunun özü o deməkdi ki, artıq belə yanğınların meydana gəlmə təhlükəsi sovuşur. Amm indi kimi tutullar, kimi tutmurlar, bu sonrakı məsələdi və biz belə hallarla bağlı dünya praktikasını götürsək, o zaman birmənalı şəkildə deməliyəm ki, hadisə baş verən kimi, Bakı şəhərinin meri Hacıbala Abutalıbov dərhal könüllü şəkildə istefa verib getməliydi. Hətta bu məsələdə onun birbaşa günahkar olub-olmadığını bir kənara qoysaq da, artıq olanlar olub. O tutduğu vəzifəyə rəğmən, Bakı şəhərində hər bir vətəndaşın həyatına birbaşa məsuliyyət daşıyır. Söhbət heç də bu kimi hallarda mütləq daşınmalı olan cinayət məsuliyyətindən getmir və bu ilk növbədə bir mənəvi borc məsələsidi. Bayaq dediyim kimi, müəyyən vəzifə sahibləri var ki, bu cür hallarda birbaşa günahkar olmasa da, mənəvi məsuliyyət daşimalıdır. Amma bizdə necədi? Mən bunu çox səmimi, həm də bütün məsuliyyətimlə deyirəm. Bizdə ölkə boyu bütün tikinti işlərində hamı onu gözləyir ki, büdcədən pul ayrılsın və işə başlasınlar. Amma tikinti sahəsində də, başqa sahələrdə olduğu kimi, bir çox qaydalar və yazılmamış qanunlar var. Bu qaydalara görə iş ilk öncə layihələnməlidi. Həmin layihə Fövqəladə Hallar Nazirliyinə getməlidi. Bütün müvafiq ekspertizalardan sonra layihə təsdiqlənməlidi. Yalnız bundan sonra işlər başlana bilər. Bizdə isə, istər regionların inkişafı proqramı, istərsə də Bakı və Bakıətrafı ərazilərin inkişaf proqramı olsun, ya da, lap elə özəl tikinti şirkətlərinin əksəriyyətinin binaların tikintisi ilə bağlı layihələri Fövqəladə Hallar Nazirliyi tərfindən təsdiqlənməyib. Bir daha deyim ki, mən bunu bütün məsuliyytimlə bildirirəm.
- Hətta artıq insanların yaşadığı binalar var ki, dövlət komissiyası tərəfindən təhvil alınmayıb.
- Bəli, bu məsələ də ciddi məsələdi və bu haqda hələ üç-dörd il əvvəl prezidentin sərəncamı olub ki, binaları sənədləşdirin.
- Bəs niyə sənədləşdirilmir?
- Ona görə sənədləşdirilmir ki, burda elə binalar var ki, lahiyədə 12 mərtəbə göstərilib, amma 16-18 mərtəbə tikilib. Hətta çoxlarının 12 mərtəbəli layihələri də təsdiqlənməyib. Yəni əksər binalarda ciddi şəkildə layihədən çıxmaq və yayınmalar olur. Dövlət komissiyası tək FHN-dən ibarət deyil. Burada xeyli sayda müvafiq qurumlar var və heç kəs də məsuliyyəti öz üzərinə götürmək istəmir. Ya ciddi monitorinqlər aparıb tam yaramaz binaları sökmək lazımdı, ya da mümkün olan binaların layihə çərçivəsinə salınaraq, sənədləşdirilməsi gərəkdir. Yenə deyirəm, mütləq ciddi monitorinqlər keçirilməli və gələcəkdə ciddi fəsadlar yarada biləcək problemlər aradan qaldırılmalıdı. Ilk növbədə, xüsusən də, Bakıda tikilən hündürmərtəbəli binaların zəlzələyə davamlılıq məsələsi tam ciddiyyətilə yoxlanmalıdır. Bu gün hətta insanlar binada yaşasa belə, həmin binanın zəlzələyə davamlılığını yoxlaya biləcək texniki vasitələr mövcuddur.
- Bakıda hündürmərtəbəli binaların sayı həddən artıq çoxdu, hətta regionlarda belə bu cür binaların tikintisinə başlanıb. Bu faciə bir məsələni də ortaya qoydu ki, bizim müvafiq qurumların əlində olan texniki vasitələr 6-7 mərtəbədən yuxarı çıxmaq üçün xeyli problemlə müşayiət olunur. Belə bir şəraitdə daha böyük təbii fəlakətlər-filan baş verərsə, nə olacaq və ümumiyyətlə sizin də dediyiniz kimi bu binaların dayanıqlılığı nə dərəcədə etibarlıdı? Yəni bir mütəxxəssis kimi kənardan bu məsələlərə necə baxırsınız?
-Mən əlimdə müvafiq sənədlər və sübutlar olmadan bu haqda heç nə deyə bilmərəm, amma onu deyə bilərəm ki, biz tikinti işləri ilə məşğul olan zaman bütün binaların dayanıqlılığı 9 bala hesablanırdı. Mən də bayaq ona görə dedim ki, binalar mütləq dayanıqlılıq baxımından monitorinq edilməlidi və bu, mütləq və mütləq olunmalıdı. Baxın, mən sizə tikintisini kənardan izlədiyim bir bina haqqında danışmaq istəyirəm. “Madera Hospital” deyilən bir hospital var, bu bina Naxçivani küçəsində yerləşir və düz mənim evimnən üzbəüzdü. O binanın “katlavan”ı qazılanda mən kənardan müşahidə eləyirdim. Qazıntının bir hissəsindən sonra dördüncü qrup qrunt çıxdı. Bu qrunt adətən bərk suxurlardan ibarət olur, amma bizim anlamda elə də möhkəm qayalar deyil. Bunlar həmin quruntu götürmədilər və necə deyəllər, binaya axsaq bir fundament qurdular. Mən şəxsən bunu texniki tərəfdən təhlükə hesab edirəm. Amma bina tikilib hazırdı və insanlar da orda yaşayırlar, həmin binanın aşağısında hospital da fəaliyyət göstərir. Yəni, demək istədiyim odur ki, bu cür təhlükəli tikintilər şəhərin başqa yerlərində də ola bilər, amma hansı binanın dayanıqlılığının nə qədər olduğunu söyləmək çətindi. Bu günkü FHN-in bu cür yoxlamalar aparılması üçün texniki vasitələrininin olduğunu mən bilirəm. Hələ ki, Allah üzümüzə baxıb və daha böyük fəlakətlər baş verməyib, bu cür monitorinqlərdən keçə bilməyən binalar dərhal sökülməlidi. Layihədən artıq mərtəbələri olan binaların isə monitoriqsiz-filansız düşünmədən sökülməsi vacibdir. Amma indiki kimi, bir hadisə olandan sonra əl-ayağa düşüb, belə oldu, elə oldu, deməyin nə mənası var?
-İndi yaxşı ya pis, ucuz ya baha, yerli ya yersiz, istər Bakıda, istər respublikanın regionlarında yeni yaşayış binaları və digər təyinatlı binalar tikilib və tikilməkdə davam eləyir. Amma burda niyəsə heç kəsin, bilərəkdən və ya bilməyərəkdən, diqqətə almadığı ciddi problemlər var. Bəllidi ki, Bakının kanalizasiya sistemi və digər kommunal xidmət sistemləri milyonluq şəhərin standartlarına hesablanıb. Amma elə indinin özündə Bakıda yaşayan əhalinin sayı 3-4 milyon civarındadı. Belə bir vəziyyətdə yavaş-yavaş insanların yerləşdiyi binaların hamısı dolandan sonra Bakının kanalizasiya və digər kommunal xidmətləri necə işləyəcək və bu problemlərin həlli üçün nələr edilməlidir?