Problem (13-02-2018, 14:48)
Abşeronda xüsusi notarius Günay Məsimova maklerlə birləşərək eyni torpaq sahəsini bir neçə şəxsə satıb
Abşeron rayon 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimovanın görkəmli alim İsa Həbibbəylinin qızı olduğunu və qol qoyduğu qanunsuzluqları məhz atasının nüfuzuna görə ört-basdır etməyə nail olmasından yazmışdıq. Məsələ ictimailəşəndən sonra redaksiyamıza G.Məsimovanın rəvac verdiyi başqa neqativ hallar barədə müraciətlər daxil olmağa başladı.
Mediatv.az RealMedia.az-a istinadən xəbər verir ki redaksiyasına şikayət məktubu ünvanlayan İsmayıllı rayonu Lahıc qəsəbəsi Ərəgit kənd sakini I qrup Qarabağ əlili Məmmədov Nasur Əjdər oğlu bildirir ki, o, 2013-cü ildə Abşeron rayonu Ramana Südçülük Sovxozunun ərazisində icarə hüququ Qasımov Nazim Cavid oğluna məxsus 1,0 hektar torpaq sahəsinin 2,0 sotluq hissəsinin icarə hüququnu dəllal Allahverdiyev Məmməd Sübhan oğlunun vasitəsilə 4100 manat pul verərək alımışdır. Alqı-satqı əməliyyatı da xüsusi notarius G.Məsimova tərəfindən rəsmiləşdirilmişdir. N.Məmmədov 2015-ci ildə həmin torpaq sahəsinə baxış keçirəndə aşkar etmişdir ki, orada başqa şəxs Hüseynov Elkin Cəlal oğlu) tərəfindən ev tikilir. Bu barədə Məmmədə xəbər verib səbəbini soruşmuş, ikinci müxtəlif bəhanələr gətirmiş, nəhayət, ya o vaxtkı məzənnə ilə 6000 ABŞ dolları pul qaytaracağını, ya da əvəzində başqa yerdən 4-5 sot torpaq sahəsi verəcəyini vəd etmişdir.
N.Məmmədov ərizəsində yazır ki, daha bir il bu yolla aldadıldıqdan sonra öyrənmişdir ki, Məmməd bu yolla daha bir neçə adama qarşı dələduzluq etmişdir. Odur ki, M.Allahverdiyevin məsuliyyətə cəlb olunması üçün Sabunçu rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Məmmədi həbs edəndən sonra onun həyat yoldaşı Allahverdiyeva Nəzakət Gəncəli qızı N.Məmmədovu taparaq ondan şikayəti geri götürməsini xahiş etmiş, ərinin vurduğu 4100 manat ziyanın 1500 manatını bəri başdan, qalan hissəsini isə əri həbsdən çıxandan 6 ay sonra ödəyəcəyi barədə hal şahidlərinin iştirakı ilə yazılı iltizamnamə vermişdir. Lakin hələ də həmin pulun 1700 manatı qaytarılmayıb.
Şikayətçinin redaksiyaya yazdığı ərizəyə surətlərini qoşma etdiyi sənədlərdən – ƏMDK yanında DƏDRX 4 saylı Ərazi İdarəsinin arayışından görünür ki, sözügedən 1,0 ha torpaq sahəsinin 99 illik icarə hüququ Lerik rayonunun Mondiga kəndində qeydiyyatda olan Əliyev Qalib Mirzə oğluna məxsusdur. Nazim Qasımov isə onun adından 50 illik etibarnamə ilə çıxış edirmiş (Yeri gəlmişkə, həmin etibarnaməni də G.Məsimova təsdiqləyib – red.); – Torpaq sahəsinin icarə hüququnun satılmasına dair 22 sentyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsindən bəlli olur ki, N.Qasımov həmin müqavilə ilə N.Məmmədovdan başqa daha iki nəfərə – Kazımzadə İbrahim Mehman oğluna və Rasulov Valeh Hacvərdi oğluna müxtəlif ölçülü torpaq sahələri satıb (Satılan sahələrin ümumi ölçüsü 0,174 ha olub – red.); – DƏDRX 4 saylı Ərazi İdarəsinin rəqəmli kadastr xəritəsindən çıxarış isə ümumi 1,0 ha torpaq sahəsinin plan və ölçüsünü təsvir edir.
Lakin hissə-hissə satılan torpaq sahələrinin ayrı-ayrılıqda koordinatları, döngə nöqtələri arasındakı məsafələr müəyyənləşdirilməyib. G.Məsimova bu naqisliyi nədənsə gözdən qaçırıb və bununla da eyni torpaq sahələrinin bir neçə şəxsə satılmasına bilərəkdən və ya bilməyərəkdən şərait yaradıb.