Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (7-09-2015, 11:43)
Deputat Qalib Salahzadə reketlikdə ittiham olunur – “5 hektar torpağımızı zəbt edib”

“Ərazidə reketlə məşğul olan Qalib Salahzadə bizim torpağımızı və əlavə olaraq qonşu 1,3 hektar ərazini zəbt edərək, bizə məxsus dəmir-beton hasarı söküb, yeni daş hasar tikmişdir”

“POSAT” bağ-tikinti kooperativinin bir qrup üzvü adından “AzPolitika.info” saytına şikayət məktubu daxil olub. 

Məktubda Şeyxülislam Allahşükür Paşazadənin qudası kimi tanınan deputat Qalib Salahzadəyə qarşı bir sıra ittihamlar irəli sürülüb. Belə ki, kooperativ üzvləri dövlət tərəfindən onlara ayrılan torpağı Qalib Salahzadənin zorla ələ keçirdiyini bildirirlər. Məktubda yazılır:

“Bizi, ömrümüzün 40-45 ilini bu dövlətimizə xidmətə həsr etmiş 28 nəfər kooperativ üzvünü, Sizə müraciət etməyə vadar edən, deputat statusunu əldə edərək, millətin əmlakını mənimsəyən, vətandaşların hüquqlarını tapdalayan Qalib Salahzadənin və ona havadarlıq edən məmurların qanunsuz hərəkətləridir. Bizə Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 07.05.1976-cı il tarixli 25/347 saylı qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Bilgəh qəsəbəsində 5,0 ha torpaq sahəsi ayrılmışdır.

Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli, 1/14 qərarı ilə isə həmin 5 hektar torpaq sahəsinin 4 hektarında Azərbaycan SSR Tikinti Nazirliyinə kooperativ bağların tikintisinə icazə verilmişdir. Bu məqsədlə qeyd olunan nazirliyin struktur bölməsi olmuş “Tikintiavtonəqliyyat” müəssisəsinin nəzdində “POSAT” Bağ Tikinti Kooperativi (bundan sonra “Kooperativ”) təsis edilmişdir.
Mövcud daydalara müvafiq keçmiş Şaumyan rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 27.10.1989-cu il tarixli 81/58 saylı qərarı ilə Kooperativ qeydiyyata alınmışdır. Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Memarlıq-Planlaşdırma Baş İdarəsi tərəfindən 29.05.1989-cu il tarixdə həmin ayrılmış torpaq sahəsinə təsdiqlənmiş İNŞAAT PASPORTU və AYRIC AKTI tərtib edilmişdir.

Kooperativ üzvlərindən yğılmış vəsaitlər kooperativin o zamankı “SƏNAYE-TİKİNTİ BANK”ında acılmış hesabına köçürülmüş və 1989-1990-cı illərdə nüqavilələr bağlanaraq, bu vəsaitlər hesabına “AZƏRDÖVLƏTLAYİHƏ” layihə institutunun qüvvəsi ilə layihələndirmə işləri yerinə yetirilmiş və müxtəlif təşkilatlardan inşaat materialları alınmış, tikinti işləri, o cümlədən ərazinin beton plitələrlə hasarlanması yerinə yetirilmişdir”.

“O zaman özünü Bilgəhin tam ağası kimi aparan Qalib Salahzadə ərazini zəbt etdi”

Ancaq o dövrdə respublikada baş verən hadisələr kooperativ üzvlərinə ayrılmış ərazilərdə onların tikinti davam etdirmələrinə imkan vermir: “90-cı illərin əvvəlində Respublikada baş verən hadisələr, banklarda olan vəsaitlərin tam qiymətdən düşməsi, erməni təcavüzü nəticəsində yaranmış siyasi gərginlik nəticəsində aparılan işlər müvəqəti dayandırılmışdır”.
Elə hazırda deputat olan Qalib Salahzadənin də həmin vaxt respublikada idarəçiliyin olmamasından istifadə edərək, ərazini ələ keçirdiyi bildirilir: “Həmin qarışıqlıq dövründə özünü Bilgəhin tam ağası kimi aparan, ərazidə reketlə məşğul olan Qalib Salahzadə bizim torpağımızı və əlavə olaraq qonşu 1,3 hektar ərazini (cəmi 5,3 hektar) zəbt edərək, bizə məxsus dəmir-beton hasarı söküb yeni daş hasar tikmişdir.

Sonrakı illər ərzində kooperativ üzvləri Qalib Salahzadə ilə dəfələrlə görüşərək, ona bu hərəkətin qanunsuzluğu barədə xəbərdarlıqlar etmişlər, torpağın qanuni sahibinə – kooperativə qaytarılması təklif olunmuşdur. Lakin özünü deputat olandan sonra tam surətdə qanundan yuxarı hiss edən, adını “Hacı” qoyaraq, reketliklə məşğul olan bu şəxs, kobud və krinimal tərzlə hər hansı bir razılığa gəlməkdən imtina etmişdir. Onun sözü bu olub – gedin nə edirsiniz edin, bu ərazinin ağası mənəm, sizə heç qəbir yeri də verməyəcəm”.

“Deputatın neçə illər əvvəl ölmüş nənəsinin adına saxta sənəd verilib”

Qalib Salahzadə qəti şəkildə “POSAT” bağ-tikinti kooperativinin üzvlərinə ayrılmış torpağı geri qaytarmaqdan imtina etdiyindən, onlar məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etməyi qərara alırlar: “Belə şəraitdə bizim kooperatv torpaq sahəsi üzərində öz qanuni hüquqlarını bərpa etmək üçün, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət orqanlarına müraciət etməyə başladı. İlkin olaraq 04 iyul 2011-ci il tarixində kooperativin Nizamnaməsi Vargilər Nazirliyində təkrarən qeydiyatdan keçirildi və torpaq vergisi ödənildi.

Tələb olunan bütün sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə təqdim olunaraq, kooperativə məxsus torpaq sahəsinə 30.10.2012-ci il tarixdə AN 420054 saylı “Torpaq sahəsinin planı və ölçüsü” (KADASTR) alınmışdır.

Sonra kooperativin torpaq sahəsi üzərində olan hüquqlarının qeydiyyata alınması üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (ƏMDK yanimda DƏDRX-nın) Bakı şəhər Ərazı İdarəsinə müraciət etdik”.

Ancaq Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazı İdarəsi tərəfindən müraciətə bır ildən çox muddətdə baxılmır. Bunun səbəbi ilə bağlı İdarənin rəhbərliyi ilə görüşən koopertiv üzvlərinə məsələnin həllinin “yuxarılar”dan asılı olduğu bildirilir: “Belə şəraitdə biz Reyestr Xidmətinin Bakı şəhər İdarəsini məhkəməyə verməyə məcbur olduq. Bizim mübahisəyə məhkəmədə baxılan zaman məlum oldu ki, Bilgəh Bələdiyyəsinin sədri Fazil Mustafayev özü şəxsən bizim kooperativə məxsus 4 haktar torpaq sahəsinin və qonşu 1,3 hektar torpaq sahəsinin (cəmi 5.3 hektar) Qalib Salahzadənin neçə illər əvvəl ölmüş nənəsinə “həyatyanı torpaq sahəsi” kimi satılması barədə tam saxta sənəd yaratmışdır. Fazil Mustafayevin saxtalaşdırdığı bu sənədin tam qanunsuz olması aşağıdakılarla sübut olunur:

- By torpaq sahəsi dövlət torpağı olduğu ücün bələdiyyə tərəfindən satıla bilməzdi;

– Bələdiyyənin bu torpağın satılması barədə qərarı güya 2005-ci ildə verilib, halbuki o bələdiyyələrə torpaq satmaq hüququ 2009-cu ildə verilib;

– Torpağın satılması barədə saxta sənəddə 2005-ci il qeyd olunub, halbuki 0, 2013-cü ildə Fazil Mustafayev tərəfindən kseroks vasitəsi ilə hazırlanıb və imzalanıb;

-5,3 hektar torpaq sahəsinin həyatyanı torpaq sahəsi kimi verilməsi heç bir qaydada nəzərdə tutulmamışdır”.

Hacıbala Abutalıbov 25 il əvvəl verilmiş qərarı etibarsız hesab edir?!

Məktub müəlliflərinin yazdığına görə, həmin saxta sənəddə gözlə görünən qanunsuzluqlara, tələb olunan sənədlərin və ən əsası, Torpaq Komitəsinin KADASTR-ının olmamasına baxmayaraq, Dövlət Reyestr Xidmətinin Bakı şəhər İdarəsi çox operativ surətdə – cəmi 3 gun ərzində Qalib Salahzadənin neçə illər əvvəl ölmüş nənəsinin adına 02.10.2013-cu il tarixli RX 0272020 saylı “Çıxarış” verib: “Bu səbəbdən biz, 25.11.2013-cü il tarixdə Bilgəh bələdiyyəsinin qərarının, həmin qərara əsasən verilmiş RX seriyalı 0272020 saylı Çıxarışın etibarsız hesab edilməsi üçün 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdik.

Məhkəmə tərəfindən 14.02.2014-cü il tarixdə əraziyə baxış keçirilən zaman, işə birbaşa müdaxilə edən Qalib Salahzadə tərəfindən, ölçmə işləri aparan mütəxəssislərə, nümayəndəmizə təzyiq göstərilib. Ancaq buna baxmayaraq, özünün və himayəsində saxladığı Bilgəh bələdiyyəsinin və ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli şəxslərinin saxtakarlıqları üzə çıxb. Belə ki, Çıxarışa əlavə edilən texniki pasportda torpaq sahəsinin ölçüləri göstərilsə də, koordinatları verilməmişdi. Hətta, məhkəmə tərəfindən 3 aya yaxın müddət ərzində dəfələrlə torpaq sahəsinin koordinatlarının verilməsi ilə bağlı sorğu verilsə də, cavablandırılmadı”.

Qəribə də olsa, bu faktlar ortaya çıxdıqdan sonra, torpaq kooperativə qaytarılmaq əvəzinə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 25 il əvvəl verilmiş qərarın etibarsız hesab edilməsi haqda sərəncam imzalayır: “Qalib Salahzadə saxtakarlıqların üzə çıxdığını görərək, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun 08.04.2014-cü il tarixli 145 saylı sərəncamı ilə Baki şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin bizim kooperativə aid 15.02.1989-cu il tarixli 1/14 saylı qərarının etibarsız hesab edilməsi haqda sərəncam verməsinə nail olmuşdur.
Bildiririk ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun 08.04.2014-cü il tarixli, 145 saylı sərəncamının qəbul edilməsi ücün heç bir hüquqi əsas olmamış, sərəncamda göstərilən faktlar yoxlanılmamış, bununla bağlı hər hansı araşdırma aparılmamış və bu barədə Kooperativə heç bir məlumat verilməmişdir. Hətta, həmin sərəncama əlavə edilən məktubdan da görünür ki, sərəncamın surəti yalnız Qalib Salahzadənin ərizəçi rolunda çıxış edən oğlu Əlabbasın nümayəndəsi olan Cavanşır Məmmədova ünvanlanmışdır. Və son olaraq – bu Sərancam tərəflərin mübahisəsi məhkəmədə baxıldığı zaman verildiyi ücün, məhkəməyə təsir kimi tam qanunsuzdur”.

Ali Məhkəmə Abutalıbovun sərəncamını qanunsuz sayıb, ancaq…

Buna görə də “POSAT” bağ-tikinti kooperativinin üzvləri Bakı şəhər İcra Hakimiyyətinin qanunsuz Sərəncamının ləğvi məqsədi ilə 1 saylı İnzibatı-İqtisadi Məhkəməyə müraciət edir: “Bu məhkəmənin 04.06.2014-cü il tarixli Qərarı ilə bu Sərəncam ləğv olundu. Lakin Qalib Salahzadə tərəfindən ələ alınmiş Bakı şəhər İcra Hakimiyyətinin məmurları, 1 saylı İnzibatı-İqtisadi Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verərək, Qalib Salahzadənin “imkanları” hesabına onun ləğvinə nail oldular”.
Ancaq kooperativin üzvləri hüquqi müstəvidə mübarizəni davam etdirərək, işi Ali Məhkəməyə çıxarırlar. Və məhkəmə onların tələblərinin haqlı olduğu barədə qərar çıxarır: “Bizim şikayətimiz əsasında Ali Məhkəmə özunun 2-1(102)-450/15 saylı 18.06.2015-ci il tarixli Qərarı ilə Apelyasiya Məhkəməsinin bu qanunsuz qərarını ləğv etmişdir.”

Bun baxmayaraq, kooperativin üzvləri dövlət tərəfindən onlara ayrılmış torpaq üzərində qanuni hüquqlarını bərpa edə bilmirlər. Deputat Qalib Salahzadə buna imkan vermir. Ona görə də, “POSAT” bağ-tikinti kooperativinin üzvləri ölkə Prezidenti İlham Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərlərindən kömək istəyir, Qalib Salahzadənin qanuna zidd əməllərinin qarşısını almağı xahiş edirlər.

Qalib Salahzadə eyni üsulla Bilgəhdə Rəsul Quliyevin bağını da zəbt etmişdi

Qeyd edək ki, bu, Qalib Salahzadənin Bilgəh qəsəbəsində başqalarına aid ərazini zəbt etməsinə dair ilk fakt deyil. Hələ 2010-cu ildə onun eks-spiker Rəsul Quliyevin və onun ailə üzvlərinin bağını zəbt etdiyi ortaya çıxmışdı. Belə ki, mətbuatda yazılanlardan məlum olmuşdu ki, 1995-ci ildən Quliyevlərə məxsus bağı 2008-ci ildə Hacı Qalib başının dəstəsi ilə bağın gözətçisini döyərək, zəbt edib. Bununla bağlı Quliyevlər məhkəməyə müraciət edib və bütün instansiya məhkəmələri dövlət qurumlarının verdikləri arayışlar əsasında mülkün Quliyevlərə məxsus olduğunu təsdiqləyib.

Ali Məhkəmə 2010-cu ilin avqustun 6-da bağın boşaldılıb, sahibinə təhvil verilməsi haqda qərar çıxarsa da, Hacı Qalib bundan imtina etmişdi. Hətta onun həmin ilin avqustun 31-də məhkəmə qərarını icra etməyə gedən məhkəmə icraçılarına, Quliyevlərin vəkillərinə və jurnalistlərə hücum təşkil etdiyi bildirilirdi. Məhz onun bu hərəkətləri aktlaşdırılıdıqdan sonra polis tərəfindən mülkün məcburi boşaldılması təmin olunmuşdu.

İşin qəribə tərəflərindən biri də bu idi ki, vaxtilə Rəsul Quliyev həmin bağı elə Qalib Salahzadənin özündən almışdı. Hətta Quliyevlərin bu mülkün halallığını almaq üçün Hacı Qalibə 1 milyon dollar verdiyi də ortaya çıxmışdı. Ancaq Rəsul Quliyevin ölkədə olmamasından və hakimiyyətə müxalif mövqedə dayanmasından istifadə edən Q.Salahzadə həmin bağı yenidən ələ keçirməyə cəhd etmişdi.

Maraqı daha bir məqam isə, Quliyevə məxsus bağı ələ keçirmək üçün də Q.Salahzadənin saxta sənədlərdən istiffadə etməsinin ortaya çıxması idi. Bununla bağlı o zaman mətbuata açıqlama verən Quliyevlərin səlahiyyətli nümayəndəsi Nazim Hüseynov demişdi ki, onlar məhkəməyə müraciət edəndən sonra Hacı Qalib Bilgəh bələdiyyəsindən və pul gücünə Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsindən saxta sənədlər əldə edib.

Nazim Hüseynov həmin saxta sənədi Hacı Qalibin 80 min manat rüşvət verərək aldığını iddia etmişdi.

Daha bir maraqlı məqam odur ki, bu məsələdə olduğu kimi, Quliyevlərin bağının zəbt olunmasında da Q.Salahzadənin əsas müdafiəçisi rolunda vəkil Cavanşir Məmmədov iştirak edirdi. N.Hüseynov bunun səbəbini belə izah etmişdi: “Cavanşir Məmmədovu başa düşürəm, çünki o, Hacı Qalibi aldadaraq, haqsız olsa belə, məhkəmədə qalib gələcəklərini deyib, bunun əvəzində ondan 10 sot torpaq qoparıb. İndi Hacı Qalib torpağını geri alır, ona görə Cavanşır əl-ayağa düşüb”.
Ancaq həmin vaxt nə Cavanşir Məmmədovun əl-ayağa düşməsinin, nə də Q.Salahzadənin asıb-kəsməsinin bir nəticəsi olmadı. Dövlət haqq-ədaləti bərpa etdi, mülkü qanuni sahibinə qaytardı.
Koopertiv sahibləri də ümid edir ki, bu dəfə də haqq-ədalət nəhayət bərpa olunacaq, 28 ailəyə məxsus ərazi Q.Salahzadənin “işğalından” azad olunaraq, qanuni sahiblərinə qaytarılacaq.

Yuxarıda qeyd olunanlarla bağlı, Q.Salahzadənin də mövqeyini dərc etməyə hazırıq.
 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024