Problem / Karusel (18-05-2014, 00:35)
Ülvira Qarayeva: “Namusunuza söydürməyin! ”- FOTOSESSİYA
Çoxları onu qəbul etmək istəmir. Efirdən uzaqlaşsa da, tamaşaçıların ona olan marağı azalmayıb. Bununla belə, onu tənqid edənlər də var, efirdə hərəkətlərinə, davranışına haqq qazandıranlar da. Belə deyək, həm sevilir, həm də insanlarda qıcıq yaradır.Bəzən səmimiyyəti başına bəla olur. Olduğu kimi görünməyi, içindən gələnləri üzə söyləməyi ilə ətrafdakıları özünə qarşı yönləndirir. Bilmirəm, portretini nə dərəcədə cıza, özünə oxşada bildim. Hər halda ona, xarakterinə bələd olanlar söhbətin kimdən getdiyini başa düşdülər. Açıq-saçıq fikirləri, kompleksizliyi ilə həmişə oxucuların maraq dairəsində olduğundan onun müsahibəsini sizə iki hissədə təqdim edəcəyik. Beləliklə Movqe.az-ın bu dəfəki qonağı teleaparıcı Ülvira Qarayevadır.
- Çoxdandı görünmürsünüz. Haralardasız ?
- Siz istəyin mən gəlim, görünüm.
- Hal-hazırda nə işlə məşğulsunuz ? Verlişiniz də bağlandı.
- Hə, bağlandı. Maliyyə problemi oldu.
- Bəs deyirlər reytinq toplaya bilmədi...
- Reytinq də toplamaq çətin idi. Ancaq maliyyə olsaydı, səfərlərimiz baş tutsaydı, axtarıb, tapdığımız insanları Azərbaycana gətirə bilsəydik çox maraqlı ola bilərdi.
- Heç bir verlişiniz " Toy olsun” kimi reytinq gətirmədi. Deyə bilərikmi Ülviranı "Toy olsun” daha çox tanıtdı, sevdirdi ?
- Bəli, əlbəttə.
- Ancaq indi elə verlişlərin yayımlanmasını qadağa qoyulub.
- "Toy olsun”da heç bir ssenarisiz ciddi evliliklər oldu. 21 toy etdik. Kənardan evlənənlərə və ya ikinci dəfə ailə quranlara biz toy etmirdik. 2 il ərzində 50 ailə quruldu. Bizim verlişdə artıq bir hərəkət olmamışdı. ANS-də hər şey süzgəcdən keçirilirdi, düzgün şəkildə idi. İstəmədilər bağlandı. Əslində istəmədilər də demək olmaz. Çünki 2 il ərzində layihə özü-özünü yeyib, qurtardı.
- Söz-söhbət gedirdi ki, aparıcılar tərəfindən pul mənimsəməsi halları olub...
- ANS-də aparıcılar pul mənimsəyib? Bu nə dərəcədə doğru ola bilər axı ? Əsla. Buna inanmaq olmaz. İllərdi ANS fəaliyyət göstərir hələ elə bir söz deyilə bilməz ki, ANS-in işçisi pul mənimsəyib. Bizim kanalda hər şey çox ciddi nəzarətdə idi. Adi cehizlik verilirdi, hər qabın hesabatı aparılırdı. Biz o verlişdə ancaq yaxşılıq etmişik. Halal-halal işləmişik.
- Evləndirdiyiniz cütlüklərlə əlaqəniz indi də varmı ?
- Bəli. Hərdən yazırlar mənə ki, yaxşıyıq. Zaqataladan, Qaxdan və s. yerlərdə insanlar var ki, biz evləndirmişik və çox xoşbəxt yaşayırlar.
- Həmin cütlüklər arasında boşananlar çoxdu ya evliliyini davam etdirənlər ?
- 4 ailə boşandı. O da əvvəldə çox tələsirdilər. Bir hadisə yadıma düşdü. Qazaxa çəkilişə getmişdim. Bir oğlan danışırdı ki, mən təklikdən sıxılırdım, axşam boşqabı qoyurdum qabağıma, göz yaşlarım yeməyə qarışırdı. O qədər sıxılırdım ki, yemək yeyə bilmirdim.
- Ülvira xanım heç düşünürsünüzmü ki, "Toy olsun” kimi reytinqli bir verlişlə yenidən efir məkanına qayıdacaqsınız?
- "Toy olsun” kimi reytinqli verliş bundan sonra daha olmayacaq. 32 reytinq verirdi. Yerli istehsal olunan verlişlərdə elə verliş yox idi, olmayacaq da. O, bir iş idi.
- "ANS”–dən Ülvira qovulub?
- Xeyr. Efirimdə problem olub. Efirdən uzaqlaşdırılmışam. Problem mənlik deyildi. Sadəcə efirə zəng vuran qadın ağzının danışığını bilmədi. Bütün verlişlərdə "Youtube”də var. Anspressdə işləmişəm, müqavilə vaxtım bitib, çıxıb, getmişəm. "ANS” iş verən şirkətdi. Ola bilsin ki, "ANS” indiki mərhələdə mənlə işləmək istəmir, bunu lazım bilmir. Bu kənarda qalmaq demək deyil. Mən özümü həmişə ANS-də hiss edirəm.
- "ANS” də müxtəlif vəzifələrdə çalışmısınız. Hansı daha doğma idi?
- Ən yaxşı bacardığım iş aparıcılıq idi.
- Maşallah sosial şəbəkələrdə yaman fəalsınız. Makiyajsız fotolarınızı yayırsınız.bu o deməkdi ki, mən kompleksizəm?
- (gülür) Makiyajsız özümü sevirəm. Məncə istənilən qadın makiyajsız özünü sevir. Avtomobilimdə bir ton makiyaj üçün lazım olan vasitələr var. Ancaq makiyajsız daha rahatam. Bu barədə heç bir kompleksim yoxdur.
- Ümumiyyətlə kompleksizsiniz?
- Efirə çıxmazdan əvvəl demək olar heç kompleksim yox idi. Efirə çıxandan sonra isə komplekslər yarandı. Özümə çəki-düzən verməyə başladım. Bir az o baxımdan kompleks yaranıb.
- Bu yaxınlarda sonuncu statusunuzu oxudum. Namusla bağlı idi. Namus Ülvira üçün nədir ?
- (gülür-red) Qadınların özlərini namuslu kimi təqdimatı məndə qıcıq yaradır. Əgər bu namus səndə varsa, bunu niyə bayraq edirsən. Kimdə nə yoxdu, onu nümayiş etdirməyə çalışır. Namusu olmayanlar namusdan danışır, dərs keçir. Bunlar ayıb şeylərdi. Bir qadın namusdan yazanda, bir də kişilər bahalı avtomobilləri ilə şəkillər qoyanda əsəbləşirəm. Yəqin o maşın özlərindən bahalıdır da. Elə şeylərlə özlərini dəyərli hesab edirlər. Sosial şəbəkədə biri yazır ki, mənim qadın namusuma göz dikənlər çox olub belə, elə... Belə bir şeyi necə yazmaq olar. Namus başqa şeydi. Namus vicdanlı, halal olmaqdı. Qadınların nəzərdə tutduğu namus isə boş şeydi. Ən yaxşısı adam demək istəyir ki, namusunuza söydürməyin!
- Həyatda ən böyük dərsiniz nə olub?
- Bu haqda bu yaxınlarda çox düşünmüşəm. Əslində həyatda böyük və kiçik dərsləri qızımdan alıram. Amma bir dərs almışam və bu dərs qulağımda sırqa olub. Əlimdə olan imkanlardan qürrələnməmək. Çünki imkanlar da, tutduğun vəzifələr də keçicidir. Hardasa 10 il bundan öncə əlimdə olanlarla çox qürrələndim və hər şeyi itirdim.
- Uğursuz evliliklər yaşamısınız.
- Bəli, uğursuz... Uğursuz evliliklər demək olar. Çünki uğurlu evlilik olsaydı əgər indi evli olardım.
- Yenidən ailə həyatı qurmaq barədə nə düşünürsünüz?
- Suyu, südü üfləyə-üfləyə içirəm. Çox ehtiyatlı davranıram bu məsələlərdə... Mənlə bağlı nə baş verirsə gizli saxlayıram. Artıq indi belə hesab edirəm ki, ailəsiz qadın xoşbəxt ola bilməz. İnsana evi, ailəsi qalır. Hər bir qadına ailə həyatı lazımdı, içi mən daxil.
- Yəni ?
- (gülür) Ehtiyatla.
- Elə insan var deyir , 2 dəfə ailə həyatı qurdum yetər, bitdi.
- (gülür) Yox, mən elə insanam ki, mənim yenidən nəsə etməyimə "stop” ola bilməz. Beynimdə təkcə şəxsi həyatla bağlı yox, eləcə də kariyeramla bağlı özümə ikinci nəfəs istəyirəm. Hər dəfə "refresh” və yenidən başlayıram.
- Yaxşı, bəs stimulu nədən, kimdən alırsınız?
- Bax Əfruzə, sənə bir söz deyim. Keçən il hiss etdim ki, məni ayaq üstə saxlayan gücüm məni tərk edir. Çünki planlaşdırdığım hər şeyi reallaşdırmışdım. Düşündüm və bu nəticəyə gəldim ki, yeni nəfəslə nələrsə edə bilərəm. Məqsədə ehtiyacım var idi. Əsas hədəfi müəyyən etməkdi. Sonra güc özü tapacaq insanı.
- Sualımı daha da konkretləşdirim, hal-hazırda həyatınızda biri var ?
ARDI VAR ...