Mədəniyyyət (16-12-2014, 00:03)
Vahid Mustafayevin “Qanlı Yanvar” filmi- Fotolar
“Qanlı Yanvar” filminin bəzi epizodlarının çəkilişinin təqdimatı olub.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bir sıra KİV nümayəndələri “Qanlı Yanvar” filminin bəzi epizodlarının çəkilişi ilə tanış olublar.
Filmin rejissoru Vahid Mustafayev qeyd edib ki, çəkilməli olan 145 epizoddan 15-i qalıb: “Film yanvarın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecə - bu iki günü əhatə edir. Film reportaj janrında çəkilib”.
Onun sözlərinə görə, filmin çəkilişlərində təkcə Azərbaycandan deyil, ABŞ, Türkiyə, İran və Rusiyadan da aktyor truppası, o cümlədən Nebahat Çehre, Len devis kimi məşhur aktyorlar iştirak edirlər: “Filmdə qaldırılan problem yalnız Azərbaycana aid deyil, beynəlxalq problemdir. Çünki müstəqillik mübarizəsi hər bir ölkədə demək olar ki, eyni cür cərəyan edir”.
V.Mustafayev deyib ki, artıq bir çox döyüş səhnələri çəkilib: “Yanvarın 19-dan 20-nə keçən gecə, qisas səhnələri, inqilabçılarla bağlı səhnələr çəkilib. Barrikadada olan döyüş səhnələrinin çəkilişinə isə bu gündən başlayırıq. Əvvəlcə barrikada həyatı, sonra isə gecə tankların hərəkətə keçməsi səhnələrini çəkəcəyik”.
Rejissor vurğulayıb ki, “Qanlı Yanvar” filmi ümumiyyətlə məhəbbət haqqındadır: “Filmdə baş rolda oynayan Mehdinin məhəbbəti nişanlısı öldürüləndən sonra Vətənə məhəbbətə keçir və o, inqilab hərəkatına başçılıq edir”.
O bildirib ki, filmdə 20 yanvar tarixinə baxış bir qədər fərqlidir: “Burada əsasən müstəqillik mücadiləsindən bəhs olunur”.
V.Mustafayev əlavə edib ki, film yanvarın 19-da media nümayəndələri üçün nümayiş etdiriləcək.