Mədəniyyyət (21-10-2014, 14:38)
“Bir halda ki, davam edir 37” – Xəlil Rza
Bu gün Azərbaycanın böyük şairi Xəlil Rza Ulutürkün doğum günüdür. O, 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1994-cü il iyunun 22-də vəfat edib. “Qafqazinfo” Kitab Evi rubrikasında şairin “Davam edir 37” şeirini təqdim edir:
Bu dünyada otun, suyun, torpağın da yaddaşı var.
Sındırılmış bir budağın,
söndürülmüş ocağın da yaddaşı var.
Ələk-vələk, darmadağın otağın da yaddaşı var.
Bayaq isti, indi bumbuz yatağın da yaddaşı var.
Nallı çəkmə altındaca qolu çıxan kuklacığın,
Miz üstündə yetim qalan bir qələmin,
varağın da yaddaşı var.
Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri,
Qara günlər gətirərkən qan qırmızı geyənləri.
Yox, unuda bilmərik biz xeyir cildi geyən şəri,
Yüz minləri… qanunsuz və məhkəməsiz
gülləbaran edənləri.
Qorxa-qorxa yarım addım ata-ata,
Ayaq üstə yata-yata,
Qurşağacan qanlı qara bata-bata
sürgünlərə gedənləri.
Ac, yuxusuz, nalan, üryan
Min-min qoca, min-min cavan
İş üstündə bir sümükdü, bir də dəri
Yox unuda bilmərik biz
Ac canavar iştahıyla yurdu söküb tökənləri,
Bir dəstəni qana çəkən dəstəbaşı təkələri.
Rəhbər, xadim sayılardı
baş kəsənlər, göz ovanlar
HAQ bağıran boğzlara quşun tökdü
Markaryanlar, Qriqoryanlar.
Yanda durdu Topuridze, asta cəllad, usta cəllad.
Adı doğma, ürəyi yad.
Mir Cəfərin əllərilə viran qaldı xanimanlar.
74 min dustaq getdi, qayıtmadı yüzdə biri.
Çoxu güllə işığında öz əlilə qazdı qəbri.
Ən rəzili bu deyil, yox,
Ən rəzili odur ki, sən
Özün şair adlanasan, ədib, alim adlanasan,
Baxıb dustaq etdiyinə kam alasan, şadlanasan.
Yox, unuda bilmərik biz iş başında
omba duran gürzələri
Naxçıvanda DTK-nın çirmək dolu dilavəri.
Alnı kərpic, gözləri tum... mirzələri.
Əllərində daşdan keçən casusnamə ərzələri,
Kürsülərdə "Vətən"-deyə, "Millət"-deyə
vəz eləyən hərzələri.
Yox unuda bilmərik biz
Bircə üskük şöhrət üçün,
göz dikdiyi sərvət üçün
mənliyini satanları.
Xırtdəyəcən bataqlığa batanları.
Daloy muğam!
Daloy papaq!
Daloy tar da!
Daloy saz da!- deyib lığa batanları
Xəyanətə qurban getdi tər bənövşə,
bahar Müşfiq.
Hələ də bu cinayətə zirvələrdən baxar Müşfiq!
Xəyanətə qurban getdi neçə igid,
Pensneli, zər əsalı, nur heykəli ulu Cavid!
Qurban getdi dağ bülluru Yusif Vəzir!
Yalçın qaya- Əhməd Cavad!
Qoç Koroğlu, Sanı oğlu Hacı Kərim!
Ulduzları salxım kimi göydən dərən
Çobanzadə Bəkirimiz!
Güllələndi təpərimiz, kəsərimiz, hünərimiz.
Bu dərdləri öncə sezib
Tab etmədi Cəfərimiz!
Haray dünya!
Hələ durur o qansızlar.
Qəhrəmana, mərd baxışa aman verməz imansızlar.
Qırdığımız dişlərini zaman-zaman şaqqıldadan
Qan tökməyə, baş kəsməyə imkansızlar...
Elə bilmə o dəhşətli yanğın bitdi, batdı, getdi.
Hələ durur, davam edir 37!
O yaşayır, qorxularda, ürkülərdə.
-Bəlkə bir də qaytarıldı... bəlkələrdə
Vicdanları basıb yeyən ləkələrdə, kölgələrdə.
Nə qədər ki, bir milləti 70 yerə bölənlər var
Nə qədər ki, rütbə üçün, şöhrət üçün ölənlər var.
Nə qədər ki, kabineti, vəzifəni gözlərinə təpənlər var,
Tiranların yanbızını bir az altdan öpənlər var,
Nə qədər ki, istedadı addım-addım pusanlar var,
Xalq dərdini hayqırmağın əvəzinə
əqrəb kimi susanlar var.
Nə qədər ki, iş başında bunca kütbaş,
kəmsavad var.
Düz üç yüz min didərgindən heç nə yazmaz
mətbuat var.
Nə qədər ki, başçı olur başsız canlar,
Bir millətin mənliyini talam-talam talayanlar,
Nə qədər ki, mənə əxlaq dərsi verir
Fərarilər, boşqab dibi yalayanlar.
Nə qədədr ki, Demokrati! Aşkarlama!- deyə-deyə boğaz yırtır
bu züyçülər, zurnaçılar, şeypurçular.
Nə qədər ki, cəzasızdır
Xankəndimdə evlər yıxan, ürək yıxan yırtıcılar,
Davam edir 37-
Daha kəskin, daha ciddi!
Nə qədər ki, xalq şairi xalqa yaddır,
Nə qədər ki, rütbəlilər mütləq dahi, istedaddır,
Nə qdər ki, yallananlar harda aşdır, orda başdır.
Nə qədər ki, erkən duran, axşamacan kətmən vuran
anaların döşü südsüz, gözü yaşdır,
Davam edir 37 -
Daha kəskin, daha ciddi!
Diqqət! Diqqət!
Qapamasın gözlərini haray-həşir, çığır-bağır.
Qəzetləri lala eləmək xalqı lal etməkdən ağır.
Ruhun hələ ölməmişsə, hayqır-bağır:
Nə qədər ki, sıxıb məni limon kimi sümürən var.
Sümüyümü gəmirən var,
Nə qdər ki, Bakımıza püskürdülür ölüm tozu,
Təyyarələr zəhərləyir o kolxozu, bu sovxozu,
Nə qədər ki, cocuq qanı pestisidlə mayalanır,
Aşımıza qatır alçaq yüz fitnəni min yalanı,
Nə qədər ki, Ovçarenko dəstəkləyir Balayanı ,
Milli gəda Boroviki, Ağambekyan tək ilanı.
Nə qədər ki, canımızda qan sorucu min gənə var,
Mənim isti sözlərimə soyuq baxan biganə var,
O xəyanət sanma bitdi,
Davam edir 37.
O cinayət davam edir.
Mənim şeirim, mənim qanım cinayətlə davam edir.
Bir halda ki, davam edir 37.
Qorx ki, bir gün Vətən deyə:
- Xəlil balam qurban getdi!