Mədəniyyyət (5-04-2016, 16:32)
MTRŞ sədri əhaliyə müraciət etdi
"Azərbaycanın kabel şəbəkəsində olan xarici televiziya kanallarında ölkəmizə qarşı xüsusi təbliğat kampaniyası aparılacaqsa, biz buna qarşı tədbir görəcəyik".
Mediatv.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
Onun sözlərinə görə, hazırda bu hallar hələ ki, epizodik xarakterlidir: "Hazırda xarici kanallarda biz bu halları epizodik hallarda görürük. Bu məsələdə bir az soyuqqanlı olmaq lazımdır. Tələsmək olmaz, təmkinli olmaq vacibdir. Hazırda hadisələrin gedişini izləyirik. Təbii ki, qeyd olunan kanalların bütövlükdə efir siyasəti Azərbaycana qarşı yönələrsə, biz onlara qarşı tədbir görəcəyik".
Şura sədri onu da vurğulayıb ki, qurumun bu məsələdə əhalinin köməyinə də ehtiyacı var: "Bizim bu məsələdə əhalinin də köməyinə ehtiyacımız var. Rusiya kanallar çoxdur və bizim onların hamısını izləmək imkanımız yoxdur.
Müxtəlif kanallarda narahatlıq yaradan məqamları izləyən hər kəs bizə müraciət edib öz mövqeyini bildirməlidir. MTRŞ bütün dünya kanallarını izləmir. Yalnız Azərbaycanın kabel şəbəkəsində olan telekanallarla bağlı bizə müraciət gələrsə, araşdırılır və ona uyğun hərəkət edirik"