Kriminal (24-05-2022, 13:33)
MTN generalı Ədliyyə Nazirliyinin işçisindən 135 min alıbmış
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
“Mediatv.az” xəbər verir ki, növbəti prosesdə zərərçəkmiş Natiq Teymurov ifadə verib.
N.Teymurov 2013-cü ilin sentyabrında MTN tərəfindən saxlanıldığını bildirib: ““Sədərək”də sahibkarlıqla məşğul olurdum. Tutulandan sonra iş İstintaq Baş İdarəsinin Metodiki Yardım və Kriminalistika şöbəsinin müstəntiqi Fuad Məmmədova həvalə edildi. Bundan sonra şöbənin rəisi Sahib Ələkbərov məni ən ciddi həddə azadlıqdan məhrum etmə cəzası ilə hədələdi. Azad edilməyim üçün 300 min manat tələb etsə də, 150 min manata razılaşdıq. Sentyabrın 20-də Rəfael pulu MTN-in arxa qapısında Sahib Ələkbərova verdi. Sentyabrın 25-də həbsdən azad edildim”.
Bundan sonra Natiq Teymurovla bağlı cinayət işinin istintaqını aparmış müstəntiq Fuad Məmmədov şahid qismində ifadə verib. Onun sözlərinə görə, işlə bağlı heç kimdən pul almayıb: “Müstəntiq olaraq prosessual şəxs olmuşam. İstintaqa nəzarəti həyata keçirən prokurora tabe olmuşam. Qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi sırf prokurorluğun göstərişi əsasında həyata keçirilib. İstinaq müddətində Natiq Teymurovun əməlində qaçaqmalçılıq olmadığı üzə çıxıb və azad edilib”.
Daha sonra Ədliyyə Nazirliyinin sabiq əməkdaşı Mənsurə Hacıyeva şahid qismində dindirilib. O, oğlu Qulam Bağırovun MTN tərəfindən şərlənərək həbsə alındığını deyib: “Bu gün, burada dəmir barmaqlıq arxasında əyləşmisən (Mövlam Şıxəliyevi nəzərdə tutub). Sizə görə bizim ailəmiz çox ağır vəziyyətə düşdü. Oğlum Qulamı həbs elədiz, etmədiyi cinayətə görə bizim ailəyə qarşı quldurluq etdiz. Bizdən aldığınız pulları ailələrinizə, övladlarınıza verəndə nə deyirdiz?! Mən bu gün də kirayədə yaşayıram. Haramınız olsun. Uzun illər Ədliyyə Nazirliyində işlədim, heç vaxt sizin kimi Allahsızlıq etmədim. Bizdən 135 min dollar aldınız, oğlum Qulamı aidiyyəti olmayan işə qoşub Ağır Cinayətlər Məhkəməsinə göndərdiz. Orada hakim Qulama dedi ki, məhkəməyə gəlmə. 1 il sonra da çağırıb deyiblər ki, sənə şərti hökm kəsdik”.Bundan sonra iş üzrə şahid qismində Əliyusif Zeynalov sərbəst ifadə verib. Məlum olub ki, Mövlam Şıxəliyevin uzaq qohumu olan Ə. Zeynalov həm də iş üzrə zərərçəkən Akif Qurbanovla dost olub. O, 2021-ci ilin əvvəllərində (bu söhbətdən bir neçə ay sonra Mövlam Şıxəliyev həbs edilib) Mövlam Şıxəliyevlə bulvarda gəzişdiyini deyib: “Bu zaman Mövlam mənə dedi ki, Akif Qurbanov adlı şəxs ondan şikayətçidir. Mövlam Şıxəliyev Akif Qurbanovla danışmağımı və şikayət etməməsini istədi. Mən də Mövlam Şıxəliyevin xahişi əsasında onları görüşdürüb problemin həllinə kömək edə biləcəyimi dedim. Təxminən bir həftə sonra Akif Qurbanovla onun yaşadığı binanın həyətində görüşdüm. Akif Qurbanov Mövlam Şixəliyevin MTN-də işləyən zaman rəisi olduğu istintaq baş idarəsində ondan pul alındığını və Mövlam Şıxəliyevdən öz pulunu istədiyini bildirdi. Dedi ki, əlində məhkəmə qərarı var, ona qarşı edilmiş qanunsuz əməllər sübut olunub və alınan pul qaytarılmalıdır. Daha sonra o vəkilinin məsləhəti ilə şikayətini geri götürməkdən imtina etdi”.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.