Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 74 yaşlı Əliyev Elbrus Şahmar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Mediatv.az" xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Əliyev Cinayət Məcəlləsinin dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə təqsirli bilinib və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə onun cəzasını şərti hesab edib.
İttihama görə, E.Əliyev BDU-nun Sosial elmlər və Psixologiya fakültəsinin müəllimi, sabiq kafedra müdiri olmuş Hüseyn Məmmədovun oğlunu prokurorluq orqanlarında işə düzəldəcəyi vədini verərək ondan 50 min manat pul alıb.
Bundan başqa, E.Əliyevin cinayət işi üzrə daha iki nəfər zərərçəkmiş var. Onlar da universitetə tələbə qəbul etdirmək, həbs edilən şəxsin cəzasının azaldılması üçün təqsirləndirilən şəxsə pul veriblər.