Kriminal (30-12-2021, 17:09)
Tağı Əhmədovdan sələmə pul götürən sabiq polis axtarışa verildi
“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovdan 2 milyon manat sələm götürüb mənimsəməkdə ittiham olunan Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə icraatı dayandırılıb.
“Mediatv.az” xəbər verir ki, ev dustaqlığında mühakimə olunan Q.Muxtarov və S.Abuşov məhkəmə istintaqından gizləniblər. Sonuncu məhkəmə iclaslarına gəlmədikləri üçün onların barəsində həbs qərarı verilib və icraat dayandırılmaqla axtarışa veriliblər.Qeyd edək ki, sözügedən məhkəmə prosesi dörd aydır ki davam edir. Təqsirləndirilən şəxsdən yalnız Səadət Xəlilov həbs olunmuşdu.
Məhkəmənin gedişatında məlum olub ki, Tağı Əhmədov AMEA əməkdaşı, professor Soltan Əliyev vasitəsilə Səadət, Qulu və Sahilə ümumilikdə 2 milyon manata yaxın sələm verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T.Əhmədov isə YAP-ın Yasamal rayon təşkilatının binasında həmin şəxslərə pulları verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev onları şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi də S.Əliyev tanınıb.
Məhkəmədən gizlənən Sahil Abuşov əvvəlki iclaslarda onlara sələm verən şəxsin Tağı Əhmədov olduğunu təsdiqləyib: “Biz mərmər biznesi ilə məşğul olurduq. İşləri görmək üçün pulu Səadət müəllim verirdi, o da pulları Tağı Əhmədovdan sələmə götürürdü. Tağı müəllim ona aylıq 1.5-2 faizlə pul verirdi. Üç dəfə ondan pul götürmüşük. Pulları Yasamalda YAP-ın binasının yanında aldıq. Səadət və Soltan içəri girib pulları götürürdü, sonra çıxıb bizə verirdilər”.
Məhkəmə istintaqından qaçan digər şəxs Qulu Muxtarov isə vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi işləyib.
O ifadəsində Tağı Əhmədova 1 milyon dəyərində yaqut daşı girov qoyduqlarını deyib: “Daş dostumun idi. Səadət təklif elədi ki, daşı girov qoyub sələmə pul götürək. Arada mənim də xeyrim olacaqdı. Daşın pulunu isə bir müddət sonra alverdən gələn qazancdan verəcəkdilər. Daşa görə cəmi 350 min manat pul ödəyiblər”.
Məhkəmə istintaqı zamanı məlum olub ki, sələm prosesində T.Əhmədovun oğlu Ruslan Əhmədov da iştirak edib. Hətta bir dəfə Tağı Əhmədov pullarını qaytarmadığı üçün Səadət Xəlilovu ofisində döyüb. Səadət Xəlilov götürülən puldan 234 min manat qaytardığını bildirir.
Zərərçəkmiş Soltan Əliyev Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, əlavə 1 milyon 92 min manat da faiz pulu tələb edir.
1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət YAP-ın Yasamal rayon təşkilatına sədrlik edib, bu ilin sentyabrında vəzifədən çıxarılıb.