Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"Mediatv.az" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlərdən Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb.
Prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən İ. Mirzəyev özünü təqsirli bilib.
O, ifadəsində bildirib ki, 11 ildir BDU-da çalışıb: "Əvvəllər təsərrüfatın maşınını sürüdüm, sonra sex vardı, ona baxırdım. 600 manat maaş alırdım. Universitet rəhbərliyi dəyişəndən sonra maaşımı 400 manata saldılar. Etiraz elədim, çünki imkanım çox aşağı idi. Mənə dedilər ki, sənin işin dəyişib, başqa işə keçirəcəklər. O zaman maaşım bərpa olunacaq. Bir müddət keçdi, lakin heç bir dəyişiklik olmadı. Keçmiş rektorun dövründən işləyənlərdən yalnız mənim maaşım azalmışdı. Yeni rektor məni üzdən tanıyırdı. Onun qəbuluna yazıldım. Fikrimi ona deyəcəkdim. Lakin onun qəbuluna düşə bilmədim. Universitetdən dedilər ki, struktur dəyişikliyi olacaq, o zaman maaşlar bərpa olunacaq".
Təqsirləndirilən şəxs deyib ki, iki il ərzində dəfərlərlə müraciət etsə də, onun şikayətinə baxılmayıb: "İki ildən sonra struktur dəyişikliyi baş verdi. Bu səbəbdən universitetə təzə işçilər gətirildi. Mənim də seximə Qaçay adlı şəxs gətirildi. Yenidən rektorun qəbuluna yazıldım. Lakin yenə qəbul etmədilər. Struktur dəyişilikliyi olsa da, maaşım dəyişmədi. Sonra məni rektorun müşaviri Mirzə müəllimə yönəltdilər. Onunla görüşdüm. Dedi bir neçə günə sənə xəbər edəcəyik. Hadisə günü səhər Qaçay gəldi ki, sənin maaşını qaldırmaq qalsın qırağa, səni işdən çıxarıblar. Dəliyə döndüm. Rektorun qəbuluna getdim, qəbul etmədilər. Mirzə müəllimin yanına getdim. Ona dedim ki, açıq ürək əməliyyatı keçirmişəm, evdə xəstəm var. O mənə məsələni araşdıracağını dedi. Sexə qayıdanda gördüm avandalıqlarımı yığırlar. Orada özümə aid avadanlıqlar da var idi. Onu da mənə vermədilər. Bıçaq itiləyən yerdən öz bıçağımı və sənədlərimi götürüb evə gedirdim. Birdən dedim sonuncu dəfə Mirzə müəllimlə görüşüm. Mirzə müəllimə dedim ki, iki ildir məni söz verirsiz ki, maaşın qalxacaq. Bir anlıq orda özümü itirdim. Həyacanlandım, bıçağı sənədlərim arasından çıxarıb onu vurdum. Həmin vaxt otağa Şahlar girdi. Özümdə deyildim, üzərimə gəldi ki, bizi ayırsın, onu da bıçaqla vurdum. Otaqdan aşağı düşdüm. Həmin vaxtı universitetdə imtahan günü idi. İmtahan günlərində təcili yardım da universitetə gəldirdi. Onlara yuxarıda yaralıların olduğunu dedim və taksiyə minib getdim. Əməlimdən peşmanam, lakin iki il mən maaşımın azalmasına dözdüm. İmkanım yox idi, borcların çox idi".
Prosesdə daha sonra zərərçəkmiş şəxs qismində BDU rektorunun maliyyə işləri üzrə müşaviri Mirzə Mirzəyev dindirilib.
O, 31 il Maliyyə Nazirliyi strukturlarında çalışdığını deyib: "Hadisə olan vaxt 1 il 10 ay idi ki, universitetdə çalışırdım. İsmixanı üzdən tanıyırdım. Lakin iki dəfə ünsiyyətimiz olub. Birinci dəfə mənə yaxınlaşıb maliyyə problemləri olduğunu dedi. Bildirdi ki, keçmiş rəhbərliklə bağlı məsələlərlə bağlı məhkəməyə müraciət edəcək. Mən də bununla bağlı rektora məruzə edəcəyimi dedim. 2020-ci ildən yenidən yanıma gəldi. Bildirdi ki, maaşı azaldılıb. Araşdırdım ki, rəhbərlik dəyişən ərəfədə bunu başqa ştata keçiriblər və maaşı azaldılıb. Bununla bağlı razılıq ərizəsi yazıb. Mən ona dedim ki, struktur dəyişikliyi olan zaman ştatlar açılacaq. O zaman başqa bir vəzifəyə keçmək şansı olar. Çünki onun maaşının artırılması mənim səlahiyyətlərim çərcivəsində deyil. Oğlu ilə lap yaxşı münasibətim var. O da bizdə təminat şöbəsində çalışırdı. Bir müddət sonra İsmixan şöbə müdüri ilə yanıma yenə gəlmişdi. Rektorun qəbuluna düşmək istəyirdi. Deyirdi fəhlə işləmək istəmir. Dedi ki, fəhlə kimi qalsa, öz avadanlıqları var, götürərək gedəcək. Dedim prorektorla məsələni danışsın. Hadisə günü göz həkimindən gəlirdim. Yanıma gəldi. Ayaq üstəydim. Əlində sənədlər var idi. Dedi ki, mənə aşağıdan deyiblər işdən çıxmalısan. Dedim ki, məsələdən xəbərim yoxdur. Bu zaman yaxınlaşdı və qəfildən bıçaqla məni vurdu. Heç gözləmirdim. Sonra Şahlar içəri girdi, onu da vurdu. Sonradan xəbərim olmadı. Mənə indiyə qədər təəccüblü gəlir ki, məni niyə bıçaqladı".
M. Mirzəyev təqsirləndirilən şəxsə qarşı hər hansı bir iddiasının və şikayətinin olmadığını deyib.
Digər zərərçəkən Şahlar Bəgalıyev 1993-cü ildən universitetdə komendant işlədiyini deyib və hadisə günündən danışıb. Bildirib ki, həmin gün M. Mirzəyevin otağına gedib: "İçəri girəndə gördüm ki, Mirzə müəllim İsmixanı itələyir. Yanlarına yaxınlaşıb ayırmaq istədim, İsmixana yaxınlaşdım. Bu zaman məni də bıçaqladı. Əvvəl yaxınlaşanda onun əlində bıçağı görməmişdim. Məni bıçaqlayandan sonra elə bil ayıldı. Qaçaraq çıxıb getdi".
Ş. Bəgalıyev şikayətçi olmadığını deyib.
Daha sonra prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses yanvarın 21-də davam etdiriləcək.