Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Universitetinin rektor müşavirini və komendantını bıçaqlayan şəxsin məhkəməsi başlayıb.

"Mediatv.az"ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi üzrə zərərçəkmiş kimi tanınan rektorun müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev məhkəməyə gəlməyiblər.

Məhkəmənin baxış iclası dekabrın 21-ə təyin olunub.

Qeyd edək ki, bu ilin iyul ayının 27-də Bakı Dövlət Universitetinin əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə təqsirli bilinən İsmixan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.