Kriminal (25-11-2019, 06:48)
Ölkəyə qanunsuz olaraq fişəng, siqaret və dərman gətirənlər saxlanıldı
Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Mercedes -Benz E300” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq şifahi sorğu-sual edilib.
Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Avtomobilə gömrük baxışı zamanı minik maşınının yük yerinin ehtiyat təkər olan hissəsində vətəndaşın gömrük nəzarətindən gizlətdiyi, üzərində “Magic Shots 20 S” yazılan 370 ədəd fişəng aşkarlanıb.
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan digər məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə gömrük baxışı keçirilib və nəqliyyat vasitəsinin yoxlanılması zamanı arxa oturacaqların altından 4000 ədəd “King” markalı siqaret aşkarlanıb.
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının gömrük nəzarətindən gizlətməklə keçirilməsi cəhdinin də qarşısını alıblar.
Belə ki, idarənin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən “İpək Yolu” gömrük postunda Türkiyə Respublikasından gələn yük avtomobilinin qoşqusunda mallar yoxlanılan zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilib.
Daha sonra yüklər açılıb və nəticədə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, elektrik lampalarının qutularının içərisində gömrük nəzarətindən gizlədilmiş 759 qutu müxtəlif markalı dərman preparatları aşkar edilib.
Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dərman preparatlarını qanunsuz yolla gətirən şəxslər ifşa edilərək təhqiqata cəlb edilib.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.