Kriminal (25-10-2018, 13:30)
Azərbaycana qanunsuz dərman gətirən vəzifəli şəxs məhkəmə qarşısında
Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru Novruzov Mehman Yusif oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Mediatv.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı noyabrın 1-nə təyin edilib.
Qeyd edək ki, M.Novruzov dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal etməkdə ittiham edilir.
Belə ki, “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində işləyərkən, komitə sədrinin əmri ilə bir ay müddətinə “Samur” Gömrük postuna ezam olunub. Burada o, 5 milyon 539 min manat məbləğində dərman pereparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsi məqsədilə adı istintaqa məlum olmayan şəxslə əlbir olaraq, cinayət əlaqəsinə girib.
Bu yolla M.Novruzovun qaçaqmalçılıq edib və dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib.
Onun barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbiri seçilib.