Kriminal (15-10-2018, 11:46)
Bakıda akkumulyator oğruları tutuldu - FOTO
Paytaxtın Nizami rayonu ərazisində “Azərconnet” MMC-yə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumulyator oğurlanıb.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki bu barədə Daxili işlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xəyal Zeynalov və Rasif Hüseynovsaxlanılıblar.
Həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda Qaradağ və Xətai rayonlarında yerləşən mobil operatorlara məxsus stansiyalardan da akkumulyatorlar oğurladıqları məlum olub.
Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda yerləşən əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.
İstintaq zamanı məlum olub ki, R.Hüseynov üç ilə yaxındır qeyd edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib. Oğurluq hadisələri zamanı isə akkumulyatorlar X.Zeynalova məxsus yük maşını vasitəsilə daşınaraq satılıb.
Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.