Kriminal (6-08-2018, 14:00)
Piyadanı “BMW” ilə vurub-qaçan dünya çempionu məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsinə Bakı şəhər sakini Urxan Orucovun (1989-cu il təv.) CM-nin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
Mediatv.az-ın məlumatına görə, bu il yanvarın 25-də Buzovna qəsəbəsində müəyyən edilməyən avtomobil yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarovu vurub və hadisə yerindən qaçıb.
Ağır xəsarət alan piyada 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və orada keçinib.
Xəzər RPİ 2-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, hadisəni “BMW” markalı avtomobillə Urxan Orucov törədib.
O, saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı məlum olub ki, Orucov kikboksinq və kunq-fu idman növləri üzrə dəfələrlə dünya və Azərbaycan çempionu olub.
Məhkəmənin hazırlıq iclası avqustun 9-na təyin edilib.