Kriminal (13-03-2018, 13:30)
Piyadanı vurub qaçan sürücü tutuldu
Martın 11-də Sumqayıt şəhər sakini Mehman Hüseynovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat daxil olub.
Bu barədə Mediatv.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və M.Hüseynovun həmin gün saat 20:00 radələrində S.Vurğun küçəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa zamanda hadisənin “Opel” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Görülmüş tədbirlərlə qəzanı törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Qubadlı rayon sakini Gündüz Səfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.