Kriminal (19-01-2018, 10:19)
Volqoqradda azərbaycanlıları güllələdilər
Rusiyanın Volqoqrad şəhərində baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, daha üç nəfər isə yaralanıb.
Mediatv.az-ın “Rosbalt” nəşrinə istinadən məlumatına görə, hadisə şəhərin Krasnoarmeysk rayonunda qeydə alınıb.
Münaqişə saat 19:05 radələrində “Russkiy çay” kafesinin yaxınlığında baş verib.
İlkin məlumata əsasən, bir qrup qafqazlı qara rəngli avtomobildə binanın həyətində dayanan dörd nəfərə – rus, çeçen və iki azərbaycanlı – yaxınlaşıb. Tərəflər arasında dava zamanı odlu silah və bıçaqdan istifadə olunub. Nəticədə 1993-cü il təvəllüdlü gənc atışma zamanı ölüb. Daha üç nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hücum edən şəxslər hadisə yerindən qara rəngli “Toyota Land Сruiser” markalı avtomobildə qaçıblar. KİV-in məlumatına görə, sonradan onlar Petrov adına zavodun yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb. İnsidentin təfərrüatları araşdırılır.
Faktla bağlı cinayət işi açılıb.