Kriminal (9-12-2017, 14:30)
İlhamənin keçmiş köməkçisi: Orxanı bu vəziyyətə salan Vüqardır
İlhamə Quliyevanın köməkçisi olmuş jurnalist Mehriban Hüseynova mərhum xalq artistinin oğlu Orxan Nadirovun həbsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Mediatv.az-ın xəbərinə görə, Hüseynova “Ölkə.Az”a açıqlamasında qeyd edib ki, O.Nadirovun düşdüyü durumun səbəbkarı keçmiş dostu Vüqar Bəkirovdur:
“Orxan Nadirovun həbsi xəbərinə sevinmirəm. Əgər həbs olunubsa, Allah qapısını açsın. Sadəcə, o vaxt Orxanın dostu Vüqar Bəkirov İlhamə xanımı şantaj edirdi. Deyirdi ki, İlhamə xanım, Orxanı yaxınınıza buraxmayın, sizi zəhərləyəcək. Bütün bu oyunları quran Vüqar Bəkirov idi. Hətta o vaxtlar Vüqar özü də axtarışda idi. Həmin ərəfədə özünü vəkil kimi qələmə verən Elmira adlı xanımın evində gizlənirdi. Orxanın da bu vəziyyətə gəlib çıxmağının səbəbkarı Vüqar Bəkirovdur. Orxanın özündə heç bir pis hərəkət görməmişəm”.
M.Hüseynova bildirib ki, İ.Quliyevanın sağlığında yayılmış videosunda baş verənlərə də V.Bəkirov rəhbərlik edirdi:
“Orxanın həbsinə də heç sevinmirəm. Hətta o vaxt mənim başıma açılan oyunlarda Orxanı günahlandırırdılar. Məni məcburən diz çökdürənlər, hədə-qorxu gələnlərin də başında Vüqar Bəkirov dururdu. Çox maraqlıdır ki, Vüqar Bəkirov və yanındakı Məsmə ləqəbli Zəminə adlı qadın niyə azadlıqda gəzirlər?”
Xatırladaq ki, M.hüseynova 2015-ci ilin oktyabrında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində Cinayət Məcəlləsinin 70-cı maddəsi tətbiq olunaraq, il 3 ay şərti cəza verilib. M.Hüseynova məhkəmə zalından azadlığa buraxılıb.
Dünən isə İlhamə Quliyevanın oğlu Orxan Nadirov Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.
Bildirilib ki, O.Nadirov Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib. O, cinayət məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur.
Həyat yoldaşı Arifə Nadirova isə O.Nadirovun həbs edilmədiyini və hazırda rayonda olduğunu söyləyib.