Kriminal (9-11-2017, 20:30)
Qaçan məhbuslara görə tutulan komandirin səhhətində problem yaranıb
Vəkil Penitensiar Xidmətin Konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevlə görüşüb.
Mediatv.az-ın Report-a istinadən məlumatına görə, B.Abdullayevin müdafiəçisi qeyd edib ki, müvəkkilinin səhhətində problemlər yaranıb. O bildirib ki, keçmiş komandirin gözündə mirvari suyu var:
“Hazırda Bəhruz Abdullayevin demək olar ki, gözünün biri 10 faizlə fəaliyyət göstərir. Həmçinin, onun mədəaltı vəzində ağırılar var. Bununla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə müraciət edəcəyik”.
Xatırladaq ki, B.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308.2-ci (əzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi də irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.
Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Mühafizə altından qaçan Ə.Ağami həbs olunub, E.Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.