Kriminal (6-09-2017, 13:30)
5 yaşlı oğlunu öldürən qadının məhkəməsi keçirildi
Bakıda 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mediatv.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Natalya Qulubəyova ifadə verib.
Şahid bildirib ki, təqsirləndirilən Nazilə Qulubəyova onun gəlini olub. Onun sözlərinə görə, Nazilə təzə ərə gələndə münasibətləri normal olub: “Sonradan bir-birimizi başa düşmürdük. Mən də sonra onlardan ayrı yaşamağa başladım. Onun öz həyatı var idi, öz xarakteri var idi, öz həyatını yaşayırdı. Ailəmizə gələndə heç bir narazılıq yox idi. Böyük ailə idik, dostlarımız var idi. Yaxşı yaşayırdıq”.
Natalya Qulubəyova deyib ki, mərhum nəvəsinə öz övladı kimi baxıb. Keçmiş gəlininin xarakterindən danışan şahid bildirib ki, o, tək yaşamağı sevirdi, rəfiqələri olmayıb, ətrafdakılarla ünsiyyəti yox idi.
Nataliya Qulubəyova nəvəsinin kim tərəfindən öldürülməsi haqda suala belə cavab verib: “Mən əminəm ki, anası tərəfindən öldürülüb. Mən evə girəndə mənzərəni gördüm. O, heç bir reaksiya vermirdi. Nəvəm başqa otaqda yerdə uzanmışdı. Nazilə isə başqa otaqda divanda oturmuşdu. Heç heç nə danışmırdı. Bir ana övladına necə qıya bilər? Mən də anayam, övladım yaşasın deyə canımı verərəm”.
Şahid hadisəni törədən zaman gəlininin affekt vəziyyətində olması ilə bağlı suala cavab verə bilməyəcəyini deyib.
Şahid dindiriləndən sonra məhkəmə istintaqın tamamlanması barədə qərar qəbul edilib və çıxış etmək üçün prokurora söz verilib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Növbəti proses sentyabrın 13-də davam edəcək.