Kriminal (3-08-2017, 16:21)
Polis mayorunu bıçaqlayan cəzalandırıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən 1988-ci il təvəllüdlü Əli Həsənov və 1976-cı il təvəllüdlü Əhmədyar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Mediatv.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Ə.Həsənov 14 il 6 ay, Ə.Məhərrəmov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 1979-cu il təvvəllüdlü Namiq Abdullayev tanışı 1974-cü il təvvəllüdlü Arif Cəbrayılov və 1985-ci il təvvəllüdlü Kamil Məsimov iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Ə.Məhərrəmov orada həmin şəxslərlə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb.
Məlumata görə, daha sonra Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Ə.Həsənov davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirib və onlar ərazidən qaçıblar.
Mayor N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşıdır.