Kriminal (15-08-2017, 10:52)
Polkovnik hökmdən narazıdır
Həbsdə olan MTN polkovniki Vüsal Ələkbərov da, onun zərərçəkənləri də hökmdən narazı qalıblar.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.Ələkbərovun vəkilləri Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona verilən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasının ləğv edilməsini və bəraət hökmü verilməsini istəyiblər.
V.Ələkbərovun zərərçəkənləri birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyən mülki iddialarının qəbul edilməsini istəyiblər. Bununla bağlı da apellyasiya şikayəti veriblər. Belə ki, Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Bahəddin Sultanov 370 min dollar, Müsənnif Salahov isə 600 min manatın V.Ələkbərovdan alınıb onlara ödənilməsini istəyiblər.
Bakı Hərbi Məhkəməsi hökmdə zərərçəkmişlər tərəfindən polkovnik V.Ələkbərova verilən bu pulları rüşvət kimi qiymətləndirib.
Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib. Zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilib.
Eyni zamanda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və həmin qərarın surəti icra olunması üçün adiyyəti üzrə prokurluğa göndəriləcək.
İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.