Kriminal (1-08-2017, 14:51)
Lənkəranda 6 günlük Mələyin öldürülməsi ilə bağlı YENİ XƏBƏR
Lənkəranda 6 günlük körpənin quyuya atılaraq öldürülməsi ilə bağlı ekspertizanın rəyi avqustun 20-dək məlum olacaq.
Mediatv.az-ın məlumatına görə, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsindən Lent.az-a bildirilib ki, iyulun 29-da Darquba kəndində altı günlük Nurullayeva Mələk Şaiq qızının meyitinin evin həyətindəki quyudan tapılmasından sonra müvafiq ekspertizalar təyin edilib və körpənin bədəninin müxtəlif orqanlarından nümunələr götürülüb. Meyitin vizual müayinəsi zamanı bədənin bəzi nahiyələrində xırda qızartılar aşkarlanıb. Daha sonra isə körpənin döş qəfəsi boşluğunda 2 məişət iynəsi aşkarlanıb.
Şöbədən bildirilib ki, körpənin konkret hansı səbəbdən öldüyünü demək hələlik mümkün deyil. Ekspertiza rəyi açıqlanandan sonra Mələyin onun bədəninə batırılan iynənin təsiri ilə, yaxud daha əvvəl və ya quyuya atılandan sonra vəfat etməsi tam qətiləşəcək.
Həmçinin qeyd edilib ki, körpənin cəsədi iyulun 30-da ailəsinə təhvil verilib və o dəfn edilib.
Ölüm faktı ilə bağlı başlanmış cinayət işi ilə əlaqədar olaraq artıq körpənin ata-anası prokurorluğa dəvət edilib və onların ifadələri alınıb. Hələlik faktla bağlı saxlanılan yoxdur.
Qeyd edək ki, ilkin məlumatda körpənin anası övladının səhər saatlarında oğurlandığını bildirib. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qayınana və körpənin atası da olub. Daha sonra körpənin cəsədi həyətdəki quyuda aşkar edilib.
M.Nurullayeva ailənin ikinci qız övladı olub.