Paytaxtda ötən il cinayətlərin 75,2 faizinin açılması təmin olunub.
Mediatv.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov daxili işlər naziri Ramil Usubovun iştirakı ilə İdarədə 2015-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.
M.Seyidov bildirib ki, hesabat dövründə Bakı şəhəri, eləcə də onun ayrı-ayrı rayonları üzrə əməliyyat şəraiti kompleks təhlil edilib, cinayətkarlığın dinamikasında əsas təmayüllərin, neqativ proseslərin və dəyişikliklərin öyrənilməsi əsasında qarşılıqlı əlaqələrin təkmilləşməsinə, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflər hazırlanıb icraya yönəldilib. Paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 11.753 cinayət qeydə alınıb ki, onların da 81,5 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 18,5 faizi isə ağır və xüsusilə ağır növlər olub. 2014-cü illə müqayisədə ötən il qəsdən adam öldürmələr 16,5 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 19 faiz azalıb.
O, qeyd edib ki, cinayətlərin 75,2 faizinin, ağır növlərinin 76,7 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin 62,7 faizinin açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1.817 cinayətdən 94 faizi, o cümlədən qəsdən adam öldürmələrin 98,7 faizi, adam öldürməyə cəhdlərin 96,7 faizi açılıb.
Müqayisə edilən dövrə nisbətdə ümumi cinayətlərin açılması 3,5 faiz, onların ağır və xüsusilə ağır növlərinin açılması 1,8 faiz, şəxsiyyət əleyhinə olanların açılması 2,1 faiz, o cümlədən qəsdən adam öldürmələrin açılması 7,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 6,6 faiz, avtonəqliyyatın qaçırılması faktlarının açalması 7 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 2,5 faiz yaxşılaşıb.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi deyib ki, Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 2.661 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 274 bağlı cinayət açılıb.
Təqsirləndirilən şəxs qismində axtarışda olanların 72,4 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60 faizi tutulub. Bununla yanaşı, 96 soyğunçuluq və quldurluq cinayəti törətmiş 129 nəfərdən ibarət 59, eləcə də mənzillərdən 123 oğurluq törətmiş 105 nəfərdən ibarət 43 cinayətkar qrup ifşa olunub.