Kriminal (Dünən, 13:45)
“Yaxşı, Maliyyə Nazirliyindən soruşan olubmu ki, bu pulu niyə ayırmısan?”
“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda əvvəlcə müdafiə tərəfi vəsatətlər qaldırıblar.
Hərbi Hava Qüvvələrinin maliyyə xidmət rəisi işləmiş polkovnik Cəlal Kazımov çıxışına yenə etirazla başlayıb. 11 il həbsə məhkum edilmiş Kazımov hesab edir ki, birinci instansiya məhkəməsində iş üçün əhəmiyyətli olan bütün hallar araşdırılmayıb.
Müttəhimin narazı qaldığı məsələlərdən biri Maliyyə Nazirliyinin keçirdiyi ekspertizadandır. O, həmin ekspertiza rəylərinin dəqiqləşdirilməsini istəyir: “102 hərbi hissəni 1 həftəyə yoxlayıb rəy vermək olar? Bizim işdə olub. Yaxşı, Maliyyə Nazirliyindən soruşan olubmu ki, bu pulu niyə ayırmısan?”
Cəlal Kazımov daha sonra işdə adı keçən bir neçə zabitin məhkəmədə dindirilməsini istəyib. Bunlar Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin rəisi polkovnik Rafail Xələfov, Nizami Məmmədovdan əvvəlki idarə rəisi general-mayor N.Poladov, Maliyyələşmə şöbəsinin rəisi Süleyman Abbasovdur. Təqsirləndirilən şəxs onların dindirilməsini vacib hesab edir:
“Bu işin ən başında duran Rafail Xələfovdur. Yoxlamaları N.Poladov aparıb qalıb kənarda, bəs mən niyə kiminsə qurbanı olmalıyam? İddia olunur ki, ayrılan artıq pullar mənimsənilib. Soruşmaq lazımdır ki, niyə artıq pul ayırmısınız?!
18 yaşımdan səhər 6-da padyom, axşam 10 da adboy. 6 ay idi azad olundum, yenə tutdular. İndi də təcridxanada eyni rejim…11 il iş veriblər, 11 il bitənə kimi də mən ölərəm”.
Quru Qoşunların maliyyə xidmət rəisi işləmiş polkovnik Bayram Bayramovun vəkili isə müvəkkilinin komandirlərinə pul verməsi ilə bağlı istintaqa göndərilən sorğunun nəticəsi ilə maraqlanıb.
Bayram Bayramov hələ əvvəlki instansiya məhkəməsində yeni cinayət barədə məlumat verərək, bir neçə hərbçini ittiham etmişdi.
O, mənimsəmə kimi göstərilən pulların xidmət etdiyi ordu korpusları və hərbi hissələrin komandirlərinin tapşırığı ilə onların şəxsi xərclərinə sərf edildiyini iddia etmişdi.
İbrahim İbrahimlinin sədrlik etdiyi hakimlər C.Kazımov və B.Bayramovun vəsatətlərini təmin etməyib. Hakim deyib ki, apellyasiya baxışı istintaqla aparılmır, bu əsasla vəsatətlər təmin edilə bilməz. Amma gələcəkdə şərait dəyişərsə, bu məsələlərə baxmaq olar.
Prosesin davamında Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmət rəisi işləmiş mayor Vüsal Əlizadə apellyasiya şikayətinin dəlillərini əsaslandırıb. Mayor Əlizadə də nitqində general-mayor N.Poladovun idarə rəisi işlədiyi vaxta diqqət çəkib: “Nəyə görə ancaq Nizami Məmmədovun işlədiyi vaxtlar araşdırılıb, əvvəlki vaxtlar da yoxlanılmalı idi”.
V.Əlizadə dövlətə dəymiş ziyandan ödəməsinin nəzərə alınaraq ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən də az cəza təyin etmə) maddəsinin tətbiq edilməsini xahiş edib.
Növbəti iclas aprelin 7-si keçiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyindəki milyonlarla mənimsəmə faktının üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər. İş üzrə dövlətə dəymiş ziyanın bir qismi ödətdirilib, eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.
