Karusel (11-01-2015, 19:20)
“Bütün ölkələr öz daxili işləri ilə məşğul olsaydılar...” -
“Bakıda birinci Avropa Oyunları keçiriləcək. Oyunların keçirilməsinə beş ay qalıb. Təşkilat Komitəsi çox fəal işləyir, bütün vəzifələri icra edir. Bütün dövlət qurumları bu işdə fəal iştirak edirlər. İndi hazırlıq son mərhələdədir. Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir”.
“Mediatv.az” xəbər verir ki, bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezidentin sözlərinə görə, Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq: “Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməyib. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var.
Azərbaycanın rolu getdikcə artır. Ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət, multikulturalizm, dini-milli dözümlülük, dünyaya açıq olmağımız – bütün bu amillər bu gün Avropa, dünya üçün lazımdır. Çünki əfsuslar olsun ki, real həyatda biz bir çox hallarda tam başqa mənzərəni görürük – qanlı toqquşmalar, terrorizm, ədavət, ikili standartlar və s.
Azərbaycanda bütün demokratik təsisatlar yaradılıb. Bütün azadlıqlar - söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı, din azadlığı təmin edilib. Bu azadlıqlar nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir. Ona görə, Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla əlbəttə ki, tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər.
Əgər bütün ölkələr öz daxili işləri ilə məşğul olsaydılar, başqa ölkələrin daxili işlərinə qarışmasaydılar və əsassız tələblər irəli sürməsəydilər, dünya daha da sabit olardı, təhlükəsizlik daha da çox təmin edilərdi”.