Karusel (26-11-2014, 21:00)
“Putinin hansısa dövlətin agenti olmasına inanmıram” - MÜSAHİBƏ
Dünyanın 9-ni tutan Rusiyanın taleyi bütövlükdə bəşərin də gələcəyinə təsir göstərən amillərdəndir. İndi bu nəhəng ölkənin valyutası - rubl son onilliklərdə görünməmiş səviyyədə məzənnədən düşüb. İqtisadi göstəricilərin əksəriyyəti çox aşağıdır. Bu günlərdə Rusiya xarici işlər naziri Qərbin ölkədə inqilab etmək istəyini açıq şəkildə vurğuladı. Maliyyə naziri isə bəyan etdi ki, neftin ucuzlaşması ildə Rusiyanın 100 mlrd. dollar vəsait itirməsinə səbəb ola bilər... Ancaq şimal qonşumuzun özünəməxsus üstünlükləri də var. Yer üzünün təbii resurslarının təxminən 21 faizi Rusiya ərazisindədir. Taktiki nüvə raketlərinin sayı ABŞ və bütövlükdə NATO-nunkuların sayını üstələyən bu ölkə zənginləşdirilmiş uranın 50 faizini də öz əlində cəmləşdirib. Neft istehsalına görə II, qaz istehsalına görə isə I yerdədir. Və s. Belə bir nəhəng güc çökəcək, yoxsa?..
“Rusiyanın taleyi necə olacaq?” - sualını müxtəlif aspektlərdən “üyütmək” üçün sovet dövründən bəri neçə “dəyirman”da təcrübə keçmiş usta “dəyirmançı”, Azərbaycanın xarici siyasət üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadəni “Dəyirman”ımıza çağırdıq...
- Vəfa müəllim, doğrudanmı Rusiyada inqilab gözlənilir?
- Bütün imperiyalar gec-tez çökür. 1917-ci ildə Çar Rusiyası niyə parçalandı? Ona görə ki, çar üsul-idarəsi artıq çökməkdə idi. Və xalq artıq çara inanmırdı. Üstəlik, burada Rusiyanın I Cahan savaşında uduzması nəticəsində hərbi və iqtisadi itkiləri, əhalinin ağır maddi durumu da böyük rol oynadı. Bundan sonra 1917-ci ildə inqilab oldu və imperiya parçalandı. Ancaq hakimiyyətə gələn bolşeviklər və onların xalqın xeyli hissəsini inandırmış sosializm-kommunizm ideologiyası Rusiyanı xilas etdi. Və əslində bir az yeniləşmiş qırmızı Rusiya imperiyası - sovet dövləti yarandı. Amma SSRİ də özünü ifşa etdi və məhv oldu. Bu dəfə isə Rusiyanı tam məhv olmaqdan qətiyyətli, iradəli, möhkəm yumruqlu “çekist” Putin xilas etdi. O, Çeçenistanda soyqırım siyasəti işlədərək oradakı müharibəni dayandırmaqla, Qafqazın ölkədən ayrılmasına və beləliklə, Rusiyanın çökməsinə imkan vermədi. Lakin Putin Rusiyanın heç bir ziddiyyətini həll etmədi. Rusiyanın əsas ziddiyyəti isə imperiyanın böyük olmasından ibarətdir. Baxın, Kalininqraddan Kurill adalarınadək uzanır. Bu, islaholunmaz bir ərazidir. İslah olunmaq üçün Rusiya ərazisi gərək parçalansın. Və məsələn, 3 rus dövləti yaransın, hərəsi də öz dövlətini islah etsin... Rusiya son dövrdə güclü iqtisadiyyatın, yaxud islahatların deyil, yalnız böyük neft-qaz gəlirləri hesabına əhalinin problemlərini bir balaca həll edə bilmişdi. Amma sonda Kreml imperiya xislətinə uyğun olaraq öz maraqları uğrunda mübarizəni davam etdirdi. Ukraynanı nə xalq, nə dövlət sayan Rusiya iqtidarı Krımı Ukraynadan qoparıb və Donbas kimi inkişaf etmiş şərq bölgələrini hərbi güclə dağıdır ki, bu ölkənin Qərbə inteqrasiyasının qarşısını alsın. Amma Moskvanın guya ölkə əhalisinin 80 faizinin Ukraynaya müdaxiləni dəstəkləməsi barədə yalançı təbliğatına rəğmən on milyonlarla rus bu müharibənin əleyhinədir. Bir yandan da Qərbin sanksiyaları Rusiyanın nə dərəcədə güclü dövlət olduğunu göstərdi. Rublun “ölməsi”, ərzaq problemlərinin ortalığa çıxması bu ölkəni tam aşağıladı. Və bu da Rusiyaya sübut etdi ki, o, Qərbsiz, Avropasız yaşaya bilməz...
- Nəyə görə?
- Haqlı sualdır. Qəribədir, bu boyda ərazisi olan ölkədə tərəvəz, ət məhsulları və s. istehsal etmək mümkün deyilmi? Əslində mümkündür. Sadəcə, Rusiya azad ölkə deyil. Burada bizneslə müəyyən dairələr məşğul olur. Adi vətəndaşların bizneslə normal məşğul olmasına imkan verilmir. Yəni bu ölkədə kapitalizm eybəcər formada inkişaf edir. Ona görə də hesab edirəm ki, Rusiyada ciddi gerşək islahatlar keçirilməyincə, rəhbərliyə rus xalqına həqiqi azadlıq verəcək insanlar gəlməyincə bu ölkədə sosial kataklizmlər də, inqilablar da qaçılmazdır...
- Amma Rusiya prezidenti İTAR -TASS-a son müsahibəsində çox arxayın danışır...
- Bəli, Putin deyir ki, biz dünya ilə, Avropa ilə əməkdaşlıq etmək istəyirik, bizi təcrid etmək mümkün deyil. Amma bu, sadəcə, təbliğatdır. Əslində Rusiya Avropa və ABŞ-la ciddi qarşıdurmadadır və onlara, qarşı güclü təbliğat müharibəsi aparır. Ukraynaya qarşı faşist ideologiyası ilə silahlanıb. Qərbdə də, Ukraynada da əks-kampaniya başlayır. Bu isə soyuq müharibədən də o yana keçə bilər. Rusiya daim özünü öyür ki, bizim raketlər ABŞ-ı, Avropanı külə döndərər. Bütün bunlar ondan xəbər verir ki, Rusiyada ciddi imperializm xəstəliyi var. Rusiya geri dönmək istəyir. Deyir ki, mənim nüvə arsenalım güclüdür. Odur ki, Qərb razılıq verməlidir ki, SSRİ dövründə olduğu kimi, dünyanı iki yerə bölək. Bu şərtlərə də heç kəs getmək istəmir. Ona görə də bu qarşıdurma uzun davam edəcək. Və görək, Putin Rusiyası buna necə müqavimət göstərəcək?..
- Sizcə, 85 subyektdən, o cümlədən, müxtəlif xalqlara məxsus 22 respublikadan ibarət Rusiyanın 10-larla kiçik dövlətə parçalanması Qərbə sərf edərmi?
- Dünyada baş verən nəhəng siyasi zəlzələlər nə Qərbdən, nə də Şərqdən asılıdır. Məgər Qərbə sərf edirdimi ki, çar imperiyasının yerində qırmızı komminist imperiyası yaransın. Amma bu baş verdi. Deməli, böyük tarixi hadisələr Allahın təqdirindən asılıdır. Nə Amerikadan, nə Rusiyadan, nə də Çindən asılıdır. Yəni dünya Allahın qanunları ilə inkişaf edir. Həm təbii, həm siyasi zəlzələ və tufanlar baş verir. Və həmin fəlakətlərdən məhv olacaqlar olur, qalanları isə sağ qalır... İnanmıram ki, ABŞ-ın əsas məqsədi Rusiyanı parçalamaq olsun. Bunu Ağ Ev açıq bəyan edib ki, biz Rusiyanın beynəlxalq hüquq və qaydalar çərçivəsində hərəkət etməsini istəyirik. Rusiya isə deyir ki, siz özünüz bu qanun-qaydalara əməl etmədiyiniz üçün biz də etmirik. Ona görə də belə ziddiyyətli vəziyyət meydana gəlib. Amma mən burada haqlı-haqsız tərəf axtarmıram. Yəni belə düşünmürəm ki, ABŞ İraqı, Livanı və s. dağıdıb, Rusiya isə Ukraynada onun kimi etməkdə haqlıdır. Gördüklərimin təhlili sayəsində belə nəticəyə gəlirəm ki, bu, çox təhlükəli qarşıdurmadır. Ancaq qələbə üçün Rusiyanın imkanları ABŞ-ın imkanlarından daha azdır...
- Bəs bu dünyanı guya pərdə arxasından idarə etdikləri söylənilən “masonlar”, “Üçtərəfli komissiya”, “Komitet-300”, Rokfellerlər, Rotşildlər və s. güclər dünyadakı, o cümlədən, Rusiyadakı proseslərə nə dərəcədə təsir göstərir?
- Açığını deyim ki, bunlar hamısı uydurmadır. Məsələ ondan ibarətdir ki, Rusiyada da, Amerikada da sözsüz ki, ölkəni təmsil edən qüvvələr var. Məsələn, Rusiya bizə məsafəcə daha yaxın olduğundan onu daha yaxşı tanıyırıq. Görək, Qarabağ məsələsi, Azərbaycan ərazilərinin işğalı söhbətləri nə vaxtdan başlayıb? Rus çarları vaxtından. Məhz onların erməniləri Azərbaycan torpaqlarına köçürməsindən erməni-azərbaycanlı münaqişəsi və torpaqlarımızın işğalı başlayıb... Putin də onların yolunu davam etdirərək, Qarabağ məsələsində erməniləri dəstəklədi. Rusiyanı idarə edən imperiya xislətli qüvvələr bütün dövrlərdə başçıların siyasətini təyin ediblər. ABŞ-da isə dövlətin siyasətini azad iqtisadiyyat sayəsində formalaşmış neft, silah baronları, maliyyə, mətbuat baronları və s. müəyyən edir. Yəni dövlətin siyasəti onun siyasi mahiyyətindən və siyasi sistemindən doğur. Amerikada demokratik siyasi sistem olmasına baxmayaraq, o da hegemonluq iddiasında olan bir dövlətdir. Rusiyanın imperiyapərəst mahiyyəti isə o dağılanadək belə də qalacaq...
- Sizcə, Putin nə dərəcədə müstəqildir? Rusiyada bəzi siyasətçilər, o cümlədən, keçmiş sovet generalları, “QRU” generalı Parinovov, general İvaşov və s. Putini hakimiyyətə gələndən bəri “Mir” kosmik stansiyasının yersiz məhvində, Kubada radilokasiya stansiyasının bağlanmasında, Ulyanovskda Əfqanıstana uçan NATO təyyarələrinin tranzit məntəqəsinin yaradılmasında və s. ittiham edərək, onun əslində Qərbin maraqlarının icraçısı olduğunu və populist çıxışlarının arxasında gizləndiyini iddia edirlər. Və hətta Putini “SRU”nun ən böyük proyekti” də adlandırırlar...
- Bunlar doğru deyil. Putin güc strukturlarının nümayəndəsidir və həmin strukturların sayəsində prezident olubdur. İvaşov tipli generallar isə keçmiş sovet elitasıdır. Keçmiş elita indiki elitanı tənqid edir. Amma bununla Putinin hansısa kəşfiyyatın proyekti olduğunu söyləmək doğru deyil. Putini Müdafiə Nazirliyi, “QRU”, “FSB” və s. kimi güc və təhlükəsizlik strukturları, eləcə də maliyyə oliqarxları dəstəkləyir...
- Deməli, Rusiyanın taleyi daha çox Putinin iradəsindən asılıdır?
- Yox, belə düşünmürəm. Putin gəldi-gedərdi. Görək, rus xalqının iradəsi, gücü ölkələrini dəyişdirməyə çatacaqdırmı? Sual budur və buna heç kəs birmənalı cavab verə bilmir. Hesab edirəm ki, hakimiyyət həmişə xalqdan doğur; xalqın səviyyəsi nədirsə, iqtidarın da səviyyəsi odur...
- Bəs inqilab baş verəcəyi halda Rusiyada daha radikal, şovinist, millətçi qüvvələrin hakimiyyətə gəlməsi mümkündürmü?
- Bilirsiz, Rusiyada inqilabi situasiyalarda nə baş verəcəyini proqnozlaşdırmaq çətindir. İnqilab olacağı halda, sözsüz ki, o, öz qəhrəmanlarını irəli sürəcək. Amma hazırkı şəraitdə Rusiyada qeyri-millətçi adamın hakimiyyətə gələcəyinə də inanmıram. Putin Krımı işğal etməklə bütün tənqidçilərinə dedi ki, 1 nömrəli millətçi mənəm. İmperiya tərəfdarlarına dedi ki, imperiya maraqlarının 1 nömrəli müdafiəçisi özüməm. Ona görə liberalların da hakimiyyətə gəlməyini gözləmirəm. Çünki onların arxasında qüvvə yoxdur. Bilirsiz, inqilab zamanı anarxiya yaranır və həmin şəraitdə kimin kürsüyə yiyələnəciyini bilmək olmur. Lenini inqilabadək heç kəs tanımırdı... Eserlərin cəmiyyətdəki nüfuzu bolşeviklərinkindən üstün idi. Ancaq sonda Lenin gəldi hakimiyyətə... Bayaq dediyim kimi, hadisə və proseslərin necə inkişaf edəcəyini Allah bilir...
- Çinlə münasibətləri Rusiyanın gələcəyində nə qədər rol oynayır?
- Rusiya çox arzu edərdi ki, Çinlə öz arasında ABŞ əleyhinə bir müttəfiqlik olsun. Amma bu yoxdur. Çin sırf öz maraqlarını güdən dövlətdir. O hansısa dövlətlərlə birləşib, digərlərinin əleyhinə işləyən dövlət deyil. Ona görə Çin də Rusiyanın zəifləməsində maraqlıdır. Bu dəqiqə Rusiyanın Avropa ilə münasibətləri pozulub, Avropa onun neft-qazını almayacaq. Bundan istifadə edən Çin isə Rusiyanın qarşısında müəyyən şərtlər qoyub onun neft-qazını su qiymətinə alacaq...
- Yadınızda, “Solidarnost” hərəkatının lideri Boris Nemtsov da Putini “Çinin agenti” adlandırmışdı...
- Bu dəqiqə müxtəlif spekulyasiyalar, ittihamlar var. Ancaq mən Putinin kiminsə, hansısa dövlətin agenti olmağına inanmıram. Bilirsizmi, birincisi, o, sovet adamıdı. İkincisi, “KQB” zabitidir. Ona görə də onun ideologiyası məlumdur. Putin açıq demişdi ki, mən SSRİ-nin süqutunu böyük bir faciə kimi qarşılamışam. SSRİ ABŞ-a meydan oxuyan bir super dövlət idi. Ona görə də Putin qarşısına məqsəd qoyub ki, yenidən bu super dövləti bərpa etsin. Yəni o, öz ideologiyasını gizlətmir. Odur ki, Putinin kiminsə agenti olması inandırıcı deyil. Düzdür, Putin gələndən Rusiyanı qaldırmaq istəsə də, böyük problemləri olan nəhəng imperiya ərazisində müxtəlif faciələr olub. Gah “Kursk” sualtı qayığı batıb, gah Sayano-Şuşensk SES-də partlayış törədilib və s. Axı bunun hamısını Putinin ayağına yazmaq da düzgün deyil...
- II Cahan savaşından sonra Yaponiya ilə Rusiya arasında hələ də mübahisəli Kuril adalarına görə sülh müqaviləsi imzalanmayıb. Artıq Yaponiyanın da nüvə silahı əldə edəcəyi ilə bağlı informasiyalar dolaşır...
- Rusiya ilə Yaponiya arasında 1945-ci ildən bəri sülh müqaviləsinin imzalanmamasını Rusiyanın böyük siyasi-diplomatik uğursuzluğu hesab edirəm. Rusiya qonşularla sülh şəraitində yaşamalıdır. O, Kuril adalarını işğal edib və Yaponiyaya qaytarmaq istəmir. Ona görə də Yaponiya onunla sülh müqaviləsini imzalamayıb. Və hazırda bu dövlət Rusiya əleyhinə sanksiyalara da qoşulub. Onun müttəfiqi ABŞ razı olacağı halda Yaponiya da nüvə silahına qurşanıb, Rusiyanı təhdid edəcək...
- İran və Türkiyə ilə münasibət Rusiyanın imperiya kimi formalaşmasında önəmli yeri olan Qafqaz siyasətində böyük rol oynayır. Putin də Türkiyəyə gedir... Bu barədə nə düşünürsüz?
- Hesab edirəm ki, Putinin Türkiyə səfəri zamanı Ərdoğan NATO-nun üzvü olduğunu unutmamalıdır. Ondan əvvəl Ankarada olmuş ABŞ vitse-prezidenti C.Bayden Türkiyə prezidenti ilə çox güman ki, bu məsələləri ətraflı müzakirə edib. Rusiya iqtisadi baxımdan çətinlikdə olduğundan Türkiyədən tələb edəcək ki, ona bu sanksiyaların təsirindən qurtulmaqda müəyyən dəstək versin. Görək, Türkiyənin buna cavabı nə olacaq? Çünki Türkiyə ilə Rusiya arasında geniş ticari əlaqələr var. O ki qaldı Qafqazlara, Rusiya buradan narahat deyil. Düzdür, Abxaziya ilə əsgəri müqavilə bağlayıb. Və Abxaziyanı da, Cənubi Osetiyanı da “müstəqil dövlət” edib, amma Qərb onları tanımır. Buna rəğmən Rusiya Azərbaycanı da, Gürcüstanı da təzyiq altında saxlayır. Ermənistan isə onun əlində marionet bir dövlətdir. Ona görə də Rusiya Qafqazda yeni nəsə planlaşdırmır...
İrana gəldikdə, Rusiya çalışacaq ki, Amerika –İran yaxınlaşmasına imkan verməsin. Odur ki, 6 dövlətin Cenevrədəki İranla bağlı danışıqlarına təsir göstərməyə çalışacaq. Amma İran da kifayət qədər müstəqil olduğundan əsas öz maraqlarını qoruyacaq. Və ABŞ-la İran nüvə proqramı ilə bağlı müəyyən razılığa gəlsələr, bu, Rusiya üçün çox böyük zərbə olacaq...
- Vəfa müəllim, nəhayət, Rusiyanın gələcəyi Azərbaycanın, o cümlədən, Qarabağın taleyində hansı rol oynayacaq?
- Rus imperiyasının güclənməsi Azərbaycanın mənafeyinə uyğun deyil. Çünki bu imperiya Ukraynanı ram etsə, yenidən sovet ərazisində öz tam hegemonluğunu bərpa edəcək. Və bütün Cənubi Qafqazda öz canişinlərini oturdaraq bizdən də Qərbə qarşı siyasətində açıq istifadə edəcək. Amma biz Qərbyönlü kurs götürmüşük. Azərbaycanın intellektual səviyyəsi də digərlərindən bir qədər üstündür. Odur ki, biz bu yöndə də getməliyik. Ancaq hələlik Rusiyadan ehtiyat etdiyimizdən bunu açıq deyə bilmirik. Və onu da bilməliyik ki, ermənilər Rusiya tərəfindən idarə olunmasaydı, çoxdan Qarabağ problemi həll olunar və aramızda sülh bərqərar olardı. Fəqət, nə qədər ki, Rusiya var, bu, onun marağında olmayacaq...
Sultan Laçın