Karusel (19-11-2014, 22:56)
Nənəm dedi sizi məhv edəcəm”- Gülnarə Kərimovanın oğlu
Bu günlərdə Özbəkistan prezidenti İslam Kərimovun ailəsində yaşanan dram yenidən beynəlxalq medianın gündəminə gəlib. İslam Kərimovun onun adı və soyadını daşıyan, Londonda yaşayan 21 yaşlı nəvəsi ona açıq məktubla müraciət edərək anası Gülnarə Kərimovanı azad etməyə çağırıb.
Nəvə İslam Kərimov yazıb ki, əgər Özbəkistan diktatoru onun anasını, yəni öz doğma qızını qoruya bilmirsə, deməli, o, ölkəni idarə edə bilmir.
Gülnarə Kərimovanın oğlu bildirir ki, o, anasının taleyi haqda heç bir informasiya ala bilmir.
“Mən anam və onunla birlikdə dustaq edilən bacım haqda çox narahatam. Onların başlarına nə gəldiklərindən xəbərim yoxdur. Əgər vəziyyətləri yaxşı olsaydı, mənimlə əlaqə yaradardılar” - nəvə Kərimov bu müraciətlə bağlı BBC-yə açıqlamasında bildirib.
Bu müraciətdən sonra CA-News saytı nəvə İslam Kərimovdan müsahibə götürüb.
“Mediatv.az” virtualaz.org-a istinadən həmin müsahibənin tərcüməsini təqdim edir:
-İslam, sənin anan bir vaxtlar təkcə Özbəkistanda yox, bütün regionda ən nüfuzlu fiqurlardan biri idi. Necə oldu ki, bütün bunlar baş verdi?
-Mənim fikrimcə, bunun əsas səbəbi anamın hakimiyyətdəki müəyyən qrup adamlar üçün təhlükə yaratması ilə əlaqəli idi. Onu hamı eşidirdi, anam azad və müstəqil idi. İndi baş verənlər təkcə onun çöküşü deyil, belə demək mümkünsə, bötöv nəslin çöküşüdür. Çünki o, ölkədə azad düşünən insanların sistemini yarada bilmişdi. Onun yaratdığı təşkilatlar hökumətə və mətbuata təsir etmək gücündə idi. Onları Qərb dəyərlərindən ruhlanan insanlar da adlandırmaq olar. İndi bu sistem sıradan çıxarılıb, minlərlə adam işsiz qalıb, ölkəni tərk edib və ya həbsxanalara atılıblar.
-Siz özünüz Özbəkistana gedə bilərsiniz?
-Yox, mən Özbəkistana gedə bilmərəm. Mən ciddi təhlükə hiss edirəm, ancaq bu haqda düşünməməyə çalışıram. İnternetdə müxtəlif təhdidlər alıram. Özbəkistanın Britaniyadakı səfirliyi mənimlə əlaqəyə çıxmağa çalışır, müxtəlif bəhanələrlə məni Özbəkistana qaytarmaq istəyirlər.
-Əgər Özbəkistana qayıtsanız, sizi nə gözləyər?
-Bu haqda düşünmək istəmirəm. Fikrimcə, nəticədə hər şey yaxşı olacaq. Ən müsbət ssenari yəqin ki, mənim ev dustaqlığım olardı. Ən pis ssenari haqda isə düşünə bilmirəm...
-Sizin fikrinizcə, bütün bunların arxasında babanız dayanır?
-Yox, mən bilirəm ki, babam bütün bu hadisələrdə ən az günahı olandır. O, ölkəyə rəhbərlik edir və məlumat aldığı mənbələr müxtəlifdir. İnformasiyaların böyük hissəsini xüsusi xidmət orqanları çatdırır. Mənim mövqeyimə görə, insanlar müxtəlif yollara, fırıldaqlara əl ataraq onun ətrafında informasiya vakuumu yaradırlar, məcbur edirlər ki, adətən eləmədiyi şeyləri eləsin.
-Bu, o deməkdir ki, onun gücü və nüfuzu zəifləyib?
-Mən deyə bilmərəm ki, o, mövqelərini əldən verir, ya yox. Yəqin ki, o, reallıqla əlaqəsini itirir. O, indiki situasiyanın qurbanına çevrilib. Çünki anamın zəiflədilməsi babamın zəiflədilməsi deməkdir.
-Babanızı sonuncu dəfə nə vaxt görmüsünüz?
-Bu il yanvarın 2-də. Ona qədər biz babamla Yeni il gecəsi görüşməyə cəhd etdik. Lakin nənəmin adamları bizim yolumuzu kəsdilər. Anam soruşanda ki yolumuzu niyə kəsirlər, bizə dedilər ki, bu, nənəmin əmridir. Biz təəccübləndik, çünki mən bilirəm ki, hər Yeni ili biz birlikdə qarşılayırdıq. Mən dünyaya gəlməzdən əvvəl də belə olub. Anam həmişə Yeni ildə ailənin çevrəsində olub. Ona görə də bu baş verənlər bizi çox təəccübləndirdi. Aydın idi ki, nənəm bizim babama nəsə danışacağımızdan qorxurdu.
Yanvarın 2-də babamla sonuncu dəfə görüşəndə biz demək olar ki, bütün problemləri həll etdik. Anam ona izah etdi ki, heç vaxt ona qarşı heç nə etməz. Babam isə belə görünür ki, hər şeyi anlamışdı. Biz çox ciddi, ancaq sakit danışırdıq. İqamətgahdan çıxanda nənəm məni, anamı və bacımı bir kənara çəkdi və dedi: “Bizimkilər sizi məhv edəcək”. Nənələr adətən belə demirlər, elə deyilmi? Deməli, məntiqi olaraq o, bizə qarşıdır. Fevral ayından reydlər başladı, mən babama və nənəmə zəng etməyə çalışdım. Nənəm heç vaxt cavab vermirdi, cavab verəndə isə rabitə kəsilirdi. Martda, yaxud apreldə mən nəhayət ki, ona zəng edə bildim. Nənəm telefonda ancaq bir cümlə dedi: “Demişdim axı, sizi məhv edəcəyəm”. Və dəstəyi atdı.
-Bütün dünya babanızı diktator kimi tanıyır. Bəs siz onun haqqında nə deyə bilərsiniz?
-O, adi adamdır. Xatırlayıram ki, evə gələn kimi bizim hamımızı qucaqlayardı və günün necə keçdiyini soruşardı. Ancaq iş haqda danışmazdı. Bu, yazılmamış qayda idi. Təəssüf ki, işlər belə alındı, məni babama pis tərəfdən təqdim etdilər. Ancaq bu, onun seçimi deyil. Mənim üçün o, yalnız babadır. Başqa şey haqda fikirləşməkdən çəkinirəm, çünki anam insan haqları barədə danışmağa başlayanda bütün bunlar baş verdi.
Daha bir məqamı xatırlayıram. Babamın maşınında qırmızı düymə var. Əgər o düyməni bassan, bütün qapılar bloklanacaq və sirena çalmağa başlayacaq. Nəticədə bütün xüsusi xidmətlər və hərbi idarə maşına hücum olduğu haqda siqnal alacaqlar. Gənc vaxtlarda babam hər gün səhər saat 8-in, 9-un yarısı işə gedirdi. Bir dəfə səhər yeməyində nəsə darıxdım, həyətə çıxanda babamın maşınını gördüm. Sürücü və mühafizəçilər kənarda idi. Maşını sevirdim. Soruşanda ki otura bilərəmmi, onlar icazə verdilər. Əgər uşaq qırmızı düymə gördüsə, əlbəttə ki, onu basacaq. Mən də belə elədim. Qapılar dərhal bloklandı, xüsusi xidmətlərə və hərbçilərə həyəcan siqnalı getdi. Sürücülər və mühafizəçilər qapını açmağa çalışdılar, ancaq xeyri olmadı. Mənim 6-7 yaşım olardı. İçəridə təəccüblə oturmuşdum. Şüşənin də qalınlığı da nə qədər... Hamı qorxmuşdu. Birtəhər mənə izah etdilər ki, xüsusi kodu necə daxil edim və siqnal söndürüldü. Fikirləşdim ki, vəssalam, hamı üstümə töküləcək. Babam evdən çıxdı və dedi: “Məncə, sən səhər yeməyini axıradək yemədin”.
Evə daxil oldum, o, işə getdi. Evə girəndə öz-özümə deyirdim ki, şükür, hər şey qurtardı, ancaq nənəmin və anamın sifətinin ifadəsini görəndə başa düşdüm ki, səhv etmişəm...
- Babanızın mətbuatdan başqa ayrı mənbədən informasiya almaq imkanı var?
-Bir dəfə o, mənə dedi ki, internetə qoşulmaq və kompüter almaq istəyir. Mən ona kompüterdən istifadəni öyrətdim. Ertəsi gün babama internetə qoşulmağı və oradan informasiyanı necə əldə etməyi öyrətməyi planlaşdırırdım. Ancaq nənəm məni bir kənara çəkib dedi: “Sən başınla dostluq edirsən, ya yox? Təsəvvür edirsən ki, əgər o, hər şeyi oxusa və bilsə, nə baş verəcək? O zaman biz nə edəcəyik?”
Mən təəccübləndim, çünki onlar istəmirdilər ki, babam hər şeyi bilsin. Mən fikirləşirdim ki, əgər o, hər şeyi bilsə, bütün bunlar təhlükəsiz və yaxşı olardı. Növbəti dəfə nənəm mənə babama nəsə öyrətməyə imkan vermədi. Kabel modemdən çıxarılmışdı və nənəm dedi: “Qoy belə də qalsın. Babana de ki, internet işləmir, vəssalam”.
Nənəm onu internetdən məhrum etdi. Babamın mobil telefonu da yoxdur, radioya qulaq asmır, ancaq televizora baxır. Əgər o, internetdən istifadə etsəydi, situasiyanı dəyişmək asan olardı. Mən ona elektron məktub yazardım.