Karusel (23-10-2014, 17:55)
Bir yumruq üçün 150 min manat təzminat – Tələbi
Füzuli rayon sakini Əzimova Ulduz Əzim qızı oğlunun məhkəmə işi ilə bağlı “Qafqazinfo”ya müraciət edib. O, öz müraciətində prokurorluq və məhkəmə orqanlarından şikayət edib. Onun müraciətini təqdim edirik:
“1942-ci ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olmuşam. 1993-cü ildən kəndimizin işğal olunması nəticəsində məcburi köçkün düşmüşük. Bakıda, Prezident yanında İdarəçilik Akademiyasının 1 saylı yataqxanasında məskunlaşmışam. Həyat yoldaşım uzun sürən xəstəliklərdən sonra 2002-ci ildə vəfat edib. Bütün çətinliklərə baxmayaraq, minbir əziyyətlə övladlarımın hamısını təkbaşına böyüdüb ali təhsil almalarına nail olmuşam. Sizə müraciət etməkdə məqsədim kiçik oğlumla bağlıdır.
2014-cü il martın 15-də oğlum Əliyev Xəyalla əvvəldən tanıdığı, dostluq etdiyi Cananov Emil Əlikatib oğlu arasında mübahisə zəminində dava düşüb. Elə buradaca deyim ki, oğlum ürək xəstəsi olduğu üçün ona nəinki dalaşmaq, hətta əsəbiləşmək belə olmaz. Ümumiyyətlə isə, bizim yataqxanada hamı bilir ki, oğlum Xəyal çox sakittəbiətli, başıaşağı bir insandır, indiyə kimi heç kimlə heç bir münaqişəsi olmayıb. Emil isə uşaqlıqdan göz xəstəsi olduğu üçün daim eynəkdən istifadə edir. O, illərdir buna görə müalicə olunur. Göz Xəstəlikləri İnstitutunda bunu təsdiqləyən arxiv sənədləri var. Emil müalicə məqsədilə bir neçə dəfə İranda da olub. Sonuncu dəfə İrandan döndükdə isə, oğluma danışırmış ki, həkimlər deyib ki, ümid çox azdır, görməsi isə tam zəifləyib.
Martın 15-də Metroparkda aralarında yaranan mübahisə zamanı Emil oğlumu söhbəti aydınlaşdırmağa çağıraraq, Metroparkın avtopark hissəsində onu ağır sözlərlə dəfələrlə söyüb təhqir edib, olduqca nalayiq ifadələr işlədib. Nəhayət, bu təhqirlərə dözə bilməyən oğlum özündən asılı olmayaraq əsəbi vəziyyətdə ona bir yumruq vurub. Təsadüfən zərbə Emilin eynəyinə dəyib və gözünə yüngül xəsarət yetirib. Sonradan hadisə yerindəki videokameradan götürülmüş görüntüdən də aydın görünür ki, hadisə yerindən uzaqlaşmağa çalışan oğlum, Emilin əl-qol hərəkətləri ilə qışqıra-qışqıra nələrsə söyləməsindən sonra dözməyərək geri dönüb və ona yalnız bir zərbə vurub. Yəni oğlumun Emilə məqsədli şəkildə xəsarət yetirmək kimi bir fikri olmayıb, təhqirlər onu bu formada cavab verməyə məcbur edib. Hadisədən sonra oğlum Emili ümumi tanışları vasitəsilə xəstəxanaya göndərib və mənə məlumat verib. Hadisədən dərhal sonra mən də oğlanlarımla xəstəxanaya getdik və bizdən nə asılıdırsa imkanımız daxilində onun müalicəsinə kömək etməyə hazır olduğumuzu bildirdik. Onu da deyim ki, xəsarət ağır olmadığı üçün xəstəxanada bir neçə saat ərzində onu ləngidərək həkimi gözləmək lazım olduğunu söylədilər. O zaman Emilin yaxınları bizi normal qarşılasalar da, sonrakı gedişlərimizdə bizimlə ünsiyyətdən qaçmağa, bizi hədələməyə, təhqir etməyə və külli miqdarda pul tələb etməyə başladılar. Məhz onların telefonla çoxsaylı hədə zəngləri və mesajları, davaya çağırmaları, qisas alacaqlarını söyləmələrindən sonra oğlum infarkt keçirərək 20-24 mart tarixlərində 1 saylı Klinik Xəstəxananın kardiologiya şöbəsində, reanimasiya bölməsində müalicə olunub.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə Nərimanov rayon Polis İdarəsində iş açılıb və istintaq bitdikdən sonra Nərimanov rayon Məhkəməsində işə baxılmasına başlanılıb. Bizim bütün cəhdlərimizə, valideynləri ilə, ağsaqqalları ilə dəfələrlə görüşüb barışığa çalışmağımıza baxmayaraq, onlar hər dəfə bundan imtina edərək külli miqdarda pul tələb ediblər. Bütün bunlardan sonra bizdə belə qənaət hasil olmağa başladı ki, onlar bu hadisədən sui-istifadə edərək Emilin gözlərini bizim hesabımıza müalicə etdirmək, hətta qazanc əldə etmək istəyirlər. Məsələ burasındadır ki, onların əvvəlcə tələb etdikləri 40 min manat, indi isə məhkəmədə az qala 150.000 manata qədər qaldırdıqları maddi təzminat tələbi məhz belə düşünməyimizə əsas verir. Onlar hər bir təmasımızda bildirirlər ki, ya külli miqdarda pul alacaq, ya da Xəyalın həbsxanaya düşməsinə nail olacaqlar. Lakin mən dövlətimizə, onun qanunlarına, bu qanunların keşiyində dayanan orqanlara və orada çalışan insanlara inandığım üçün bütün bunlara əhəmiyyət vermirdim.
Amma təəssüf ki, məhkəmə bu xırda, adi bir işi aylardır ki, uzadır, qarşı tərəfin məhkəməyə gəlməməsinə ciddi reaksiya vermir, onların vaxtı uzadaraq prosesə təzyiq göstərməsinə sanki göz yumur. Digər tərəfdən isə, dövlət ittihamçısı Orxan Mehdiyev oğluma qarşı qeyri-obyektiv, qərəzli mövqedən çıxış edir. Belə ki, o, oktyabrın 22-də keçirilən məhkəmə iclasında yüngülləşdiri halları görməməzliyə vuraraq, onları qeyd etməyə lüzum görməyərək birdən-birə oğlumun 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Halbuki, xəsarətlə bağlı Məhkəmə Tibb Ekspertizasının rəyi, qarşı tərəfin gözlə görünən qeyri-adekvat davranışı, fantastik tələbləri, qazanc əldə etməyə çalışmaları, eyni zamanda, hadisənin sırf ehtiyatsızlıqdan baş verdiyi, yəni məqsədli, düşünülmüş olmadığı, göz nahiyəsinə deyil, zərbənin başqa bir yerə dəyəcəyi halda, ümumiyyətlə heç bir nəticənin yaranmayacağı faktları ortadadır. Bütün bunlarla yanaşı, oğlumla bağlı heç bir ağırlaşdırıcı hal olmadığı halda, çoxsaylı yüngülləşdirici hallar mövcuddur. Belə ki, oğlum Xəyalla bağlı belə bir hadisə ilk dəfədir ki, baş verir, onun haqqında indiyə kimi heç bir yerdə heç bir mənfi rəy, şikayət olmayıb. Eləcə də o, ailəlidir, bir övladı var. Həm də oğlum, qeyd etdiyim kimi, ağır xəstədir, dəfələrlə müalicə olunub. Üstəlik də yataqxanada məskunlaşmış ailəsi ilə yanaşı, mən də onun himayəsindəyəm. Özüm də uzun illərdir ki, təzyiq xəstəsiyəm. Oğlum bu sırf ehtiyatsızlıqdan, istəməyərəkdən baş vermiş hadisəyə görə səmimi peşmançılığını da dəfələrlə həm qarşı tərəfə, həm də məhkəməyə bildirib.
Amma bütün bu və digər yüngülləşdirici hallara baxmayaraq və hadisənin yüngül xəsarətlə nəticələnməsini nəzərə almayaraq, prokuror Orxan Mehdiyevin əsas olmadan qeyri-adekvat cəza tələbi səsləndirməsi məhkəmə prosesində obyektivliyin, ədalət prinsipinin pozulduğunu düşünməyə əsas verir. Bir daha qeyd edirəm ki, oğlumla bağlı heç bir ağırlaşdırıcı hal olmadığı halda, yüngülləşdirici hallar saysız-hesabsızdır. Digər tərəfdən isə, bu əməlin əsaslar olmadan bu cür ağır şəkildə cəzalandırılması onun ailəsinə, azyaşlı övladına, xəstə, qoca mən anasına, onun özünün səhhətinə ciddi təhlükələr yaradar, bizim bütün həyatımız pozular. Və bütün bunlarla yanaşı, oğlumun belə əsassız yerə həbsi humanizm prinsiplərinə zidd olar. Üstəlik də, mən bilən, hüquq mühafizə orqanlarının işçiləri hətta ağırlaşdırıcı və yüngülləşdirici hallar bərabər olduqda belə, vətəndaşın tərəfini tutmalıdırlar. Bu halda isə yuxarıda dəfələrlə dediyim kimi, heç bir ağırlaşdırıcı fakt yoxdur. Xəsarət isə az ağır kimi dəyərləndirilib. Belə olan halda, Cinayət Məcəlləsinin 127.1 maddəsində sağlamlığa az ağır zərər vurmaya görə iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmasına baxmayaraq, prokurorun bütün yüngülləşdirici faktları görməməzliyə vuraraq oğluma ən ağır cəza, yəni həbs cəzası istəməsi nə obyektivliyə, nə də dövlətimizin humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə uyğundur”.
Ulduz Əzimova məsələ ilə bağlı prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, baş prokurar Zakir Qaralova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə və Füzuli rayonundan millət vəkili Bahar Muradovaya müraciə etdiyini də bildirib.