Karusel (15-10-2014, 23:10)
Vəfa Quluzadədən Rusiya ilə bağlı ilginc açıqlama gəldi - "Azərbaycana nəinki 7 rayon, para rayon da qaytarılmayacaq"
Yeddi rayonun qaytarılması söhbəti bir daha gündəmə gəlib. Lakin bu dəfə ekspertlər məsələyə fərqli bucaqdan baxırlar. Bəzi politoloqlar hesab edirlər ki, Putin özü işğal altında olan yeddi rayonumuzun qaytarılmasında maraqlıdır. Çünki bununla Rusiya Azərbaycanı məcbur edəcək ki, bu məsələnin birdəfəlik həllini unutsun. Beləliklə də Qafqazda ən böyük münaqişə ocağı olan Dağlıq Qarabağ problemi, üzdə həll olunmuş görünsə də, Rusiya üçün tərəflərə təzyiq vasitəsi kimi də funksiyasını saxlayacaq.
Məsələ ilə bağlı ictimaiyyətdə mövqe sərgiləyən şəxslərin bir qismi Azərbaycanın yeddi rayon məsələsi ilə razılaşmalı olduğunu söyləsələr də, digər qrup şəxslər isə buna qarşıdır.
Hafta.az-a açıqlamasında politoloq Vəfa Quluzadə də bu məsələyə toxunub. O bildirib ki, bu söhbətlərin ortaya atılması məqsədyönlüdür:
“Lakin hesab etmirəm ki, göstərilən istiqamət üzrə irəliləyişə nail olunsun. İndiki şəraitdə Rusiya tərəfindən Azərbaycana nəinki yeddi rayon, heç “pararayon” da qaytarılmayacaq. Qaldı ki mənim mövqeyimə, olmayan şeyə görə mənim nəsə deməyim çətindir. Bu söhbətlərin gündəmə gətirilməsində bir məqsəd var, o da camaatın qulağından “pərdə asmaq”dır”.