Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (2-10-2019, 10:39)
Rəfael Cəbrayılov son dəfə özünü necə “bitirdi”

 Deputat vəsiqəsini girov qoyaraq külli miqdarda vətəndaşlardan pul alan Rəfail Cəbrayılovla bağlı məsələ ölkənin əsas gündəmini zəbt edib. Onun sentyabrın 30-da mandatından imtina etməsi və elə həmin gün mətbuat konfransı keçirməsi də heç nəyi həll etməyib. Hər keçən gün R.Cəbrayılovun dərdləri artmaqdadır...

Onun keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəzi fikirlər də gündəm olub. Borcu nə üçün qaytarmadığından, vəsiqəsini girov qoymasından danışmayan Cəbrayılov, bir sözlə, onun “ipini kəsən” ölkə mətbuatını qınayıb. Barəsində yazı yazmayan mətbu orqanları istinad edərək, ümumi şəkildə həqiqətlərlə dolu yazılar tirajlayan saytlara yükləndi. Onun dili ilə deyilsə, bu biabırçı olay haqqında yazılmamalı imiş.

Bundan əlavə, əqidəsindən danışan R.Cəbrayılov hələ də Kommunist Partiyasının biletini saxladığını deyib. Onun bu fikri müzakirələr doğurub. O, devalvasiya səbəbindən borclandığını da önə çəkib.

R.Cəbrayılovun istefası və səsləndirdiyi fikirlərlə bağlı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bunları dedi: “Onun Kommunist Partiyasının biletini saxladığı barədə dedikləri ilə bağlı onu deyə bilərəm ki, burada söhbət yəqin epizodik əşya kimi saxlamaqdan gedir. Məsələyə, məncə, bu cür baxmaq lazımdır. Kommunist əqidəsindən söhbət getmir ki. Keçmişlə bağlı özünə aid sənədləri insanların çoxu saxlayır.

Fazil Mustafa: “Bu istefa ilə Milli Məclislə bağlı məsələ bitdi”

Məsələn, bu gün elə sənədlər var ki, o qədər də əhəmiyyəti yoxdur, amma onları saxlayıram. Onun istefa qərarını istefa mədəniyyəti kimi qəbul etmək lazımdır. Buna çox normal yanaşıram. İnsanın öz seçimidir. Burada olan hüquqi, siyasi proseduraları gözləmədən özü bu addımı atırsa, cəmiyyətin ictimai rəyini nəzərə alırsa, bu onun seçimidir. Bu, həm də hüquqi bir mədəniyyət nümunəsidir. Xaricdə yüzlərlə belə hadisələr olur. Düşünürəm ki, bunu böyütməyə o qədər də ehtiyac yoxdur. Bəzən ən yüksək səviyyədə, hətta nazirlər səviyyəsində yüzlərlə belə hadisələr baş verir. Xaricdə istefa mədəniyyəti deyilən bir anlayış var. Adamlar bundan istifadə edirlər. Bu da həmin istefa mədəniyyətini nümayiş etdirib. Məsələni başqa kontekstdə şərh etməyə ehtiyac duyulmur”.

F.Mustafa artıq keçmiş sayılan həmkarının mətbuata yüklənməsinə də aydınlıq gətirdi: “Azərbaycanda bütövlükdə buna mətbuat deməyək. Çünki mətbuat daha peşəkar anlayışdır. Sosial şəbəkələrdə aqressiyanın məqsədyönlü şəkildə yönləndirilməsi prosesi gedir. Hər hansı bir hadisəni şişirtmək cəmiyyətdə olan ümumi aqressiyanın nəticəsidir. Sosial, siyasi şərtlərin yaratdığı aqressiyanı insanlar məhz mətbuat vasitəsilə qabartmağa çalışırlar. Bir çox hallarda doza artıq olur. Nəticədə də insanlar günahı mətbuatda görürlər. Hər birimiz öz davranışımıza diqqət yetirməliyik. Tənqidə dözümsüzlük baş alıb gedir. Bəzən fikirlərin qəbul edilmir və onlarla gerizəkalının qabağında durmalı olursan. Halbuki normal ölkələrdə əks fikirləri səmimi şəkildə müzakirə edirlər. Söymək savadsızlıq nümunəsidir. Təkcə bu epizodla bağlı deyil. Bütün epizodlarda cəmiyyətimiz bu cür acınacaqlı vəziyyətdədir. Adam ictimai rəyi nəzərə alıb istefa verirsə, bu məsələni burada yekunlaşdırmaq olur. Məsələnin hüququ tərəfləri başqa mövzudur. Millət vəkilliyinə hər kateqoriyadan, cinahdan insanlar gələ bilər. Burada siyasi baxışlarına görə fərqli insanlar var. Əsas məsələ odur ki, istefa mədəniyyətinə əməl etmək lazımdır. Bəzən elə yanlışlıqlar, nöqsanlar olur ki, ictimai rəyi nəzərə almaq lazım gəlir. Bəzən də ictimai rəyi nəzərə almağın zərəri olur. Davranışla yanlış, hüquqi davranış arasında fikir polemikasını eyniləşdirmək olmaz. Dağlıq Qarabağ probleminin həlli yolunu hələ tapa bilməmişik. Bu ağılla da tapa bilməyəcəyik. Müzakirə etməyi sevmirik. İnsanlar daha sağlam düşüncəyə sahib olmalıdırlar. Onu da deyim ki, bu istefa ilə Milli Məclislə bağlı məsələ bitdi. Digər məsələlər tərəflərin mübahisəsidir. Proses məhkəmə qaydasında davam edir. Onun məhkəməyə verilməsinə normal baxıram. Hər kəs məhkəməyə verilə bilər. Haqlıdırsa, haqqını müdafiə edəcək, haqsızdırsa, digər tərəfin hüquqlarının qorunması üçün məhkəmə qərar çıxaracaq”.

İqbal Ağazadə: “Qərarın doğru olduğunu düşünürəm”

Keçmiş millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə bu məsələ ilə bağlı bundan sonra danışmağı məqbul hesab etmir: “Bu cür durumlara düşmüş, yaxud vəzifəsindən çıxarılmış adamlar haqqında proses baş verəndən sonra danışmaq niyyətində olmamışam. Bu məsələ ilə bağlı bundan sonra danışmağı məqbul hesab etmirəm. Mənim üçün proses bitib. Rəfael Cəbrayılov sıradan biri olaraq kiməsə borcu olduğunun, kimdənsə borc aldığının fərqində deyildi ki? O, deputat vəsiqəsini girov qoyduğunun fərqində idi. Sonunda istefa verdi və mövzu mənim üçün qabadıldı. Bu qərarın doğru olduğunu düşünürəm”.

Tural Abbaslı: “Cinayət məsuliyyətinə cəlb olunsun”

AĞ Partiya başqanı Tural Abbaslı R.Cəbrayılovun həbsini tələb etdi: “Siyasi baxımdan ”tərbiyəsiz" eks deputatın mətbuat konfransına baxmamışam. Düşünürəm ki, hələ də etdiyi hərəkətin ağırlığını anlamayan belə mənasız bir insanın mətbuat konfransına baxmaq vaxtıma hörmətsizlikdir. Onun hansısa məbləğ qarşılığında, hələ onların deyimi ilə desək, xalqın etibar etdiyi mandatı girov qoyması bu insanın hansı mənəvi dəyərlərə sahib olduğunu göstərir. Əgər bu şəxs mətbuat önündə özünün borc məsələsinə bəraət qazandırmağa çalışırsa, demək, Rəfael Cəbrayılovun etdiyi hərəkətin həm də qanun pozuntusu olmasından xəbəri yoxdur. Azərbaycan Respublikası qanunlarına əsasən millət vəkillərinin bizneslə və ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa ixtiyarı yoxdur. Bu isə çıxıb borcunu qaytara bilməməsini devalvasiya ilə əlaqələndirir. Belə yerdə deyirlər ki, “üzrü qəbahətindən betər”. Heç olmasa ayıbına kor olub sakit yerində otursun. Ancaq bizim eks deputatımız özündə heç bir günah görmədiyi üçün günahı bu hadisəni işıqlandıran mətbuatda görür. Yəni o düşünür ki, əgər onun cinayətini mətbuat bu səviyyədə işıqlandırmasaydı, ört-basdır edilə bilərdi. Bu, “Əgər tutulmamısansa, oğru deyilsən” təfəkkürüdür. Belə təfəkkür sahibləri nəinki xalqın vəkilliyini edə bilməz, heç hansısa fermer təsərrüfatında da işləyə bilməz. Əslində Rəfail Cəbrayılovun belə düşünməsi üçün əsası da var.

Çünki o düşünür ki, hazırda Milli Məclisdəkilərin 80%-i sahibkarlıqla da məşğuldur, borc da alırlar, xalqın malını da talayırlar, ancaq onlara bir söz deyən yoxdur, yəni mənə nə olub ki, hər kəs üstümə gəlir? Anlamır ki, bu hərəkəti ilə təmsil etdiyi iqtidarı ifşa edir və illərdir ki, müxalifət olaraq bizim dediklərimizi təsdiq etmiş olur. Onun Kommunist Partiyasının biletini saxlaması faktı isə başqa bir biabırçılıq, yaltaqlıq və müstəqil ölkəyə xəyanət cəhdi kimi bir şeydir. Heç kimə sirr deyil ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyinə son qoyan və xalqımızı 70 ilə yaxın əsarətdə saxlamış kommunist rejimi yüz minlərlə günahsız vətəndaşımızın qanını axıdıb, repressiyalara məruz qoyub, insanlarımızı və xalqları sürgünə məruz qoyub, ailələri dağıdıb, tariximizi saxtalaşdırıb, mədəniyyətimizi məhv etməyə çalışıb və sair. İndi isə özünü müstəqil ölkənin millət vəkili hesab edən biri fəxrlə elan edir ki, mən həmin partiyanın, həmin təfəkkürün partiya biletini əziz bir əşya kimi saxlayıram. Bu bilirsinizmi nəyə bənzəyir? Təsəvvür edin ki, Almaniya Parlamenti Bundestaqın hansısa deputatı bəyan edir ki, bəs, mən faşist partiyasının biletini saxlayıram. Bir anlıq düşünün ki, bu bəyanat Almaniyada, Avropada və ümumiyyətlə, dünyada hansısa səs-küyə səbəb ola bilər. Və eyni zamanda bunu bəyan edən insana, siyasətçiyə münasibət necə olar? Biz AĞ Partiya olaraq, Rəfael Cəbrayılovun istefa faktını qətiyyən heç bir demokratik siyasi mədəniyyət hesab etmirik. Bunu cinayəti faş olan birinin məsuliyyətdən qaçmaq üçün düşünülmüş proflatik addımı kimi qiymətləndiririk. Biz müxalifət partiyası olaraq hakimiyyətdən tələb edirik ki, bu mandatın girov qoyulması faktı və millət vəkilinin sahibkarlıqla məşğul olması faktı araşdırılsın və hüquqi qiymət verilərək, eks deputat cinayət məsuliyyətinə cəlb olunsun. Bəlkə belə addımlar digərlərinə də Azərbaycan Respublikası qanunlarına əməl etmələri üçün görk olar".
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024