Karusel / Slayd (22-11-2017, 09:44)
Rektor Ədalət Muradovun əməllərinə ETİRAZ
Dövlət İqtisad Universitetinin müəllimlərinin etirazı səngimir... Dünən ADİU-nun müəlliməsi Zərifə Mansurova tərəfindən "Təzadlar"a 3 məktub daxil oldu. Şikayət məktubu müəllifinin səhihliyini bir daha yoxlamaq üçün Z.Mansurova ilə telefon əlaqəsi saxladıq. O, yazılanları təsdiq etməkdən əlavə, əməkdaşımıza dəhşətli faktlar açıqladı və sabah redaksiyaya gələrək geniş video-müsahibə verəcəyini bildirdi.
"Mən "Təzadlar"a ADİU-nun bütün narazı müəllimlərinin adından minnətdarlıq edirəm. Siz əsil vətənpərvərlik nümunəsi göstərməkdəsiniz", -deyən müəllimənin ölkə Prezidentinə və "Təzadlar"a ünvanlı müraciətini ixtisarla təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Surəti: Azərbaycan Respublikasının Vitse-prezidenti Mehriban xanım Əliyevaya!
Surəti: Azərbaycan Dövlət İqtisad Universitetinin Rektoru Ədalət Cəlal oğlu Muradova!
Surəti: "Təzadlar" qəzetinə!
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Bildirirəm ki, dövlətimiz beynəlxalq rus dilinə önəm verdiyi ərəfədə Azərbaycan Dövlət İqtisad Universitetinin rus dili kafedrasının müdiri qanuna zidd olaraq müəllimləri tam ştatdan yarımştata endirmiş, hal hazırda isə tamamilə tədrisdən uzaqlaşdırmaq niyyətindədir. Kafedra müdiri illərdir ki, dərs saatları bölgüsünü öz maraq mənbəyinə çevirərək bu növbəti ildə isə "reytinq" adı altında müəllimləri elə bir siyahıya düzübdür ki, nəticə etibarı ilə kafedrada еlmi dərəcəsi olan və mütəxəssis müəllimlər siyahıda ən axırıncı yerlərdədir. Həmin bu "Reytinq" siyahısı universitetin və tədrisin marağına zidd olmaqla yanaşı kafedra müdirinin arzularının yerinə yetirilməsi üçün saxtakarlıqla tərtib edilibdir. Beləliklə, universitetin dərs saatları bölgüsü ancaq kafedra müdirinin maraqlarına xidmət edir, çünki nəticədə mütəxəssis müəllimlər tərcümə mərkəzinə göndərilir, tərcüməçilər isə müəllim kimi saxlanılır.
Bu fakt kafedra müdirinin tədrisin keyfiyyəti barədə narahat olmadan, ancaq açıq-aşkar öz maraqlarının həyata keçməsinə qulluq etməsindən xəbər verir. Yekun olaraq sizə nəticəni çatdırmaq məcburiyyətindəyəm ki, tədris ocağında məhz mütəxəssis müəllimlər müəllimlik etməkdən məhrum olunurlar, məhz Dövlət İqtisad Universitetinə vacib olan rus dilinin tədrisi üçün ayrılan saatlar azaldılır. Xahiş edirəm bu faktlardan istifadə edərək kafedra müdirinin müəllimlərin dərs saatlarını alver mənbəyinə çevirmək üçün hazırladığı "reytinq" adlandırdığı siyahısının mahiyyətinin, məzmununun, hansı göstəricilərə əsaslandığının yoxlanması üçün komissiya və ekspertiza təyin edilsin, dərs saatlarının itirilməsinə dair cinayət işi qaldırılaraq günahkarlar cəzalansın, bizim tam ştat dərslərimizin qaytarılması təmin olunsun. Niyə rektor Ədalət Muradov bu əməllərə imkan yaradır???
Cənab Prezident!
Sizə böyük inamla və hörmətlə müraciət edən rus dili kafedrasının müəllimi Zərifə xanım Yaqub qızı Mansurova.
Redaksiyadan: Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq və bu yöndə cəhdimiz davam edir... Lakin sabah müəllimə ilə geniş müsahibə çapa hazırlanarkən bir neçə suala cavab axtarmalı olacağıq. Məsələn, necə ola bilər ki, ADİU-da bu boyda qanunsuzluq baş versin, amma rektorun bundan xəbəri olmasın? Yaxud, müəllimlərin dərs saatlarının paramparça edilməsi doğrudanmı rektor Ədalət Muradovun icazəsi olmadan edilib??? \\tezadlar.az\\