Karusel / Slayd (18-11-2016, 10:58)
TƏNQİDDƏN NƏTİCƏ ÇIXARMAQ ƏVƏZİNƏ... ÖZƏL
Bakıdakı 4 nömrəli şəhər poliklinikasında özbaşınalıqlar barədə vətəndaş A. Əzimovanın şikayət ərizəsi və özümüzün apardığımız araşdırmalar əsasında hazırladığımız və 20.10.2016-cı il tarixdə oxuculara təqdim etdiyimiz tənqidi məqalədə toxunulan məsələlərə münasibət öyrənmək və araşdırmamızın davamına dəstək üçün məktubla müraciət etdiyimiz Bakı Baş Səhiyyə İdarəsinin cavabı hələ də özünü gözlədir. Xatırladaq ki, həmin məqalədə Leyla Əhmədovanın baş həkimi olduğu 4 nömrəli şəhər poliklinikasında bəzi həkimlərin şəxsi maraqlarını ortaya qoyaraq müayinə və müalicə müqabilində xəstələrdən təmənna ummaları və başqa bu kimi hüquqpozmalardan söhbət gedirdi. Bu poliklinikada hər bir analizin və tpamotologiya şöbəsində rentgen baxışının qeyri-rəsmi öz qiyməti var. Görəsən bu qiymətlər kim tərəfindən müəyyən edilib? Şikayətçinin qaldırdığı məsələlərə aydınlıq gətirmək üçün əlaqə saxladığımız baş həkim həmin vaxt məzuniyyətdə olduğunu, məzuniyyətdən qayıtdıqdan sonra vətəndaşın şikayəti ilə bağlı məlumatlandırıldığını bildirmişdi. Nə kimi tədbir gördüyünü soruşduqda isə bizi hədələməyə başlamışdı. Səhiyyə Nazirliyinin və Bakı şəhər Baş Səhiyyə İdarəsindən rəsmi cavab almasaq da, Leyla Əhmədovanın tərəfdarları redaksiyamıza zənglər açaraq bizə yarıtəhdid, xarakterli "məsləhətlər" verməkdədirlər. Əlbəttə ki, Mediatv.az olaraq, bütün bunları mediaya, söz azadlığına təzyiq kimi qiymətləndiririk. Sözügedən poliklinikadakı problemlər yerində qalmaqdadır. Qeyd etdiyimiz kimi, poliklinikada bütün növ müayinələr, analizlər, qanda şəkərin təyini, eləcə də müalicə xidməti üçün rüşvət tarifi müəyyənləşdirilib və pasientlərdən tələb edilməkdədir. Baş həkim L. Əhmədova mövcud problemləri həll etmək əvəzinə tənqidə dözümsüzlük nümayiş etdirərək, KİV-i susdurmağa cəhdlər edir, necə deyərlər, "cidanı çuvalda gizlətmək" üçün variantlar axtarır. Qəti olaraq bu fikirdəyik ki, baş həkimin və tərəfdarlarının bu müstəvidə bütün səyləri uğursuzluğa məhkumdur.