Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (7-09-2016, 09:47)
Müsavat Milli Şuranın mitinqinə dəstək verəcək

 Müsavat Milli Şuranın mitinqinə dəstək verəcək

 

“Səni sevəcəyəm sən sevməsən də” prinsipi ilə davranışa adekvat qarşılıq isə hələ ki yoxdur... 

 

 

Mediatv.az xəbər verir ki, Milli Şura 11 sentyabra, Müsavat Partiyası isə 18 sentyabra təyin etdiyi mitinqə hazırlaşır. Qeyd edək ki, Müsavat Partiyası sentyabr ayında mitinq keçirmək barədə qərarını elan etdikdən bir gün sonra Milli Şura sentyabrın 11-nə mitinq təyin etdi. 
Müsavat Partiyasının rəhbərliyi mitinqlərin birgə keçirilməsinin daha məqsədəuyğun olduğunu bəyan etsə də, qarşı tərəfdən müsbət reaksiya olmadı. Bəlli oldu ki, Milli Şurada söz sahibi olan AXCP birgə mitinq keçirmək üçün hətta müzakirələr belə aparmaqdan imtina edib. Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov açıq şəkildə bəyan etdi ki, mitinqlərin birgə təşkili üçün AXCP ilə Müsavat Partiyası arasında müzakirələr aparılmayıb. Çünki qarşı tərəf müzakirələrdən imtina edib.
Maraqlıdır ki, bütün bunlara rəğmən Müsavat Partiyası AXCP-yə, Milli Şuraya əl uzatmaqda davam edir. Müsavat Partiyasının Divanı  Milli Şuranın sentyabrın 11-də keçirəcəyi mitinqə dəstək ifadə edib. Partiyanın yaydığı xəbərdə deyilir ki, Divan referendumla əlaqədar sentyabrın 11-nə təyin olunan mitinqin hədəflərini, şüar və tələblərini düzgün hesab edir, bu mitinqdə öz tərəfdaşlarının iştirakını məqsədəuyğun hesab edir.
AXCP və Milli Şuradan isə Müsavatın 18 sentyabra təyin etdiyi mitinqlə bağlı heç bir reaksiya yoxdur. Müsavatın mitinq təyin etməsi Milli Şura tərəfindən görməməzlikdən gəlinir. Hətta belə bir davranışdan sonra da Müsavat Partiyasının Milli Şuraya, əsasən oradakı əsas söz sahibi olan AXCP-yə dəstək ifadə etməsi, əməkdaşlıq təklifində israr etməsi “səni sevəcəyəm sən sevməsən də” prinsipi görüntüsü yaradır.  
Bu arada daha iki tanınmış partiyanın rəhbəri Müsavatın və Milli Şuranın keçirəcəyi mitinqlərlə bağlı mövqelərini “Yeni Müsavat”a açıqlayıb. 
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirib ki, AMİP-in bilavasitə təşkilatçılığında iştirak etmədiyi kütləvi tədbirlərdə partiya üzvləri bir qayda olaraq iştirak etmirlər. Yalnız bəzi hallarda istisnalar olur: “Eyni zamanda onu deyə bilərəm ki, həmin mitinqlərdə partiya üzvlərinin iştirakı ilə bağlı partiya tərəfindən qadağa qoyulmayıb və maraqlananlar iştirak etməkdə sərbəstdirlər. Ümumilikdə isə mitinqlərdə iştirak səviyyəsinin elə də yüksək olmayacağı qənaətindəyəm”.
VİP sədri Əli Əliyev isə bildirib ki, mitinq düzgün qərardır: “Referenduma ictimai diqqətin yönəldilməsi üçün qanunun nəzərdə tutduğu  bütün vasitələrdən istifadə olunmalıdır. Təəssüf ki, cəmiyyət  əsasən öz siyasi taleyinə biganədir. Bu səbəbdən tədbirlərin çoxsaylı olacağına inamım yüksək deyil. VİP-ə gəldikdə isə onu deyə bilərəm ki, rəsmi qaydada partiyamıza müraciət edilməyib. Ona görə  də partiya olaraq mütəşəkkil iştirakımız mümkün deyil. Yeri gəlmişkən, bu taktikanı təşkilatçıların yanlışı sayıram. Təşəbbüs müəllifləri eqoistlik deyil, daha açıq mövqe qoymalı idilər, müxtəlif qurumlara ayrı müraciətlər olmalı idi. Bununla belə, məsələnin ictimai çəkisini nəzərə alaraq, üzv və tərəfdarlarımızın həmin mitinqlərə qatılımına əngəl yaratmayacağıq. Hesab edirik ki, mitinqlərin gur keçməsi maraqlarımıza uyğundur”.
Planlaşdırılan mitinqlərə isə hakimiyyətin razılıq verməyəcəyi barədə xəbərlər yayılmaqdadır. Bildirilir ki, öncə Milli Şuranın 11 sentyabr mitinqinə icazə verilməyə bilər. Bəhanə kimi, Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi göstərilir. YAP-çı deputat Siyavuş Novruzov Şahmat Olimpiadası keçirildiyi və beynəlxalq diqqətin Bakıda olduğu tarixdə müxalifətin mitinq keçirməsini “dövlətə qarşı düşmənçilik” adlandırıb. Eyni zamanda deyib ki, nə Milli Şura, nə Müsavat Partiyası referendumla bağlı təbliğat-təşviqat kampaniyasında iştirak edə bilməzlər. Qanunun tələbinə görə, təbliğat-təşviqat kampaniyasını Mərkəzi Seçki Komissiyasının qeydə aldığı təşviqat qrupları keçirə bilərlər. Milli Şura və Müsavat Partiyası isə təşviqat qrupu deyillər. 
YAP-çı deputatın bu fikirləri hakimiyyətin sözügedən mitinqlərə razılıq verməyəcəyi ehtimalının yüksək olduğunu deməyə əsas verir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024