Karusel (31-03-2016, 16:35)
“Himnimizin musiqisində və sözlərində nöqsanlar var”
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin himnimiz barədəki fikirləri ətrafında qızğın polemikalar davam edir.
Mediatv.az Modern.az-a istinadən xəbər verir ki, Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa da bu müzakirələrə qoşulub.
O bildirib ki, Azərbaycanın Dövlət Himni milli və tarixi dəyərimizdir və onu qətiyyən aşağılamaq, gözdən salmaq olmaz. Bununla belə ol himnin musiqisi və sözlərində nöqsanların olduğunu dilə gətirib.
“Hansısa tarixi abidəni də nöqsanlarına baxmadan, dəyişmədən bərpa etməyə daha çox üstünlük verilir. Ancaq himnimizi təhlil etmək, başqa himnlərlə müqayisə etmək olar. Bunu dəfələrlə yazdığıma görə bildirirəm ki, bu himnin həm musiqisində, həm ifa vaxtında, həm də sözlərində müəyyən nöqsanlar var.
Bu da ifa zamanı müəyyən çətinliklər yaradır. Xüsusilə sonluğunda dörd dəfə Azərbaycan sözünün səslənişində bu ahəngi qorumaq asan olmur. Himni musiqisiz oxuyarkən kollektiv ahəngi qorumaq xeyli çətin olur. Vaxt baxımından da ən azı bir dəqiqə artıq səslənir. Sözlərində də lüzumsuz təkrarlar var. Minor və ya major olması elə də əhəmiyyət daşımır, ideyası və peşəkar mətn və musiqinin vaxt standartına uyğunlaşdırılması zəruridir.
Subyektiv mövqeyim budur ki, Güney Azərbaycan muxtariyyətinin (1945-1946) himni digər himnlərimizdən daha cəlbedicidir. Bununla belə indiki durumda himn məsələsinin gündəmə gətirilməsi aktual deyil. Qəbul olunduğu kimi də insanlar tərəfindən mənimsənilibsə, bu mövzuda geniş polemika açmağa zərurət görmürəm”.
Qeyd edək ki, Araz Əlizadə Azərbaycan himninin insanlarda ruh yüksəkliyi yaratmadığını və ona qulaq asanda adamın dəsmal götürüb ağlamaq istədiyini bildirib.