Karusel (16-03-2016, 11:54)
Tahir Kərimovun vəzifəsini itirməsinin səbəbi bəlli oldu
Salyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun bu vəzifədən azad edilməsinin əsas səbəbi məlum olub
Ölkə.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, son vaxtlar Salyanda fəaliyyət göstərən sahibkarların və xarici şirkət rəhbərlərinin Tahir Kərimova qarşı narazılıqlarının artması ölkə rəhbərliyinə qədər çatdırılıb. Şikayət edənlər arasında “Salyan Oil Ltd” əməliyyat şirkətinin yeni təyin olunan baş meneceri Şan Lian Jenq və Çinin Milli Neft Korporasiyasının vitse-prezidenti də olub. Belə ki, Çinin Milli Neft Korporasiyasının vitse-prezidenti bu yaxınlarda Azərbaycanda səfərdə olarkən, ölkə prezidenti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşür. Həmin görüşdə iştirak edən “Salyan Oil Ltd” əməliyyat şirkətinin baş meneceri Şan Lian Jenq Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimova qarşı olan narazılıqlarını dilə gətirir.
Şan Lian Jenq açıq şəkildə bildirir ki, Tahir Kərimov baş meneceri olduğu şirkətin Salyanda sərbəst fəaliyyətinə əngəllər yaradır, hətta rayonda məktəb və uşaq baxçalarının tikintisi, asfalt yolların çəkilməsi və digər bu kimi işlərin görülməsi ilə bağlı “Salyan Oil Ltd” şirkəti qarşısında tələb irəli sürür. Şirkət bütün bunları görmədiyi təqdirdə isə Salyan rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif formalarda, o ücmlədən məhkəmələr vasitəsilə açıq təzyiqlər edilir.
Şan Lian Jenqin bu şikayətinin Çinin Milli Neft Korporasiyasının vitse-prezidenti tərəfindən də diqqətə çatdırıldıqdan sonra Tahir Kərimov barəsində ən yüksək səviyyədə qərar verilir və o, icra başçısı vəzifəsindən azad edilir.
Xatırladaq ki, Tahir Kərimov bu il martın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin edilib.