Karusel (6-01-2016, 19:29)
Gömrükdəki maneə sayılan “Broker” MMC ləğv edilib?
Ötən ilin sonunda Azərbaycanda baş verən ikinci devalvasiyadan sonra gömrük və vergi sistemində şəffaflığın təmin ediləcəyi, monopoliyanın aradan qaldırılacağı ilə bağlı hökumət rəsmiləri tərəfindən açıqlamalar verilmişdi. Hətta çıxışlarının birində prezident İlham Əliyev bildirmişdi ki, idxalda monopoliya halları aradan qaldırılmalı, korrupsiya, əsassız vergi yoxlamaları, süni maneələr tam şəkildə ləğv edilməlidir. Hökumətin sözügedən bəyanatlarının ardından Azərbaycan Gömrüyündə idxalla bağlı əsas maneə kimi göstərilən “Trans Broker” MMC-nin ləğv edildiyi haqda məlumatlar yayılmağa başlasa da, bu günə kimi Gömrük Komitəsi tərəfindən heç bir rəsmi açıqlama ilə bu fakt təsdiqlənməyib.
“Qafqazinfo”nun əldə etdiyi məlumatlara görə, artıq bu istiqamətdə ilk addımlar atılıb. Belə ki, gömrükdəki idxala əsas maneə kimi tanınan Əbülfəz Məlikovun rəhbərlik etdiyi “Trans Broker” MMC-dən 150 işçi ixtisar edilib. Qurumun özü isə faktiki fəaliyyətsiz hala gətirilib.
Yayılan məlumatların nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Natiq Axundov “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, “Trans Broker” MMC Gömrük Komitəsininin strukturlarına daxil olmadığına görə bu barədə məlumat verə bilməz: “Həmin qurum özəl şirkətdir. Buna görə də onların özləri ilə əlaqə saxlayın”.
“Trans Broker” MMC-nin saytında göstərilən telefon nömrələrinin isə heç biri zənglərə cavab verməyib.
Şirkətin ləğv olunması ilə bağlı məlumatlar yayıldığı bır vaxtda “Trans Broker” MMC-də xoşagəlməz durumla qarşılaşan iş adamı “Qafqazinfo”ya müraciət edib. Sahibkar Səxavət Mustafayev bildirib ki, şirkət onun mallarını özünə vermir: “Azərbaycan Dövlət Gömrük Komitəsinin müvafiq strukturları 21 dekabr 2015-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasından müqavilə əsasında dəyəri qabaqcadan ödənilməklə mənim ünvanıma Biləcəri stansiyasına gəlmiş bir vaqon şüşə lövhələrin gömrük rəsmiləşdirilməsini həyata keçirməkdən imtina edirdilər. Xeyli süründürməçilikdən sonra 29 dekabr 2015-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində sözügedən vaqonda olan şüşə lövhələrin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə baxmayaraq, hələ də Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları ünvanıma gəlmiş və hazırda Biləcəri stansiyasında dayanan bir vaqon şüşənin tərəfimdən qəbul edilib anbara daşınmasına icazə vermirlər.
Yenə də məni Əbülfəz Məlikovun, “Trans Broker” MMC-nin digər bir əməkdaşı Vidadinin yanına göndərirlər, onlardan razılıq almağımı tələb edirlər. Mənə məxsus olan yükü qəbul edə bilmirəm və vaqonun stansiyada dayanmasına görə də hər sutkaya 145 manat cərimə hesablanır”.