Karusel (25-12-2015, 22:36)
İqtisadi böhran vəziyyətində varlanmaq mümkündürmü?
2014-cü ilin sonlarından başlayaraq, dünya bazarında neftin ucuzlaşmasından sonra Azərbaycan iqtisadiyyatı böhran həddindədir. Üstəgəl, il ərzində milli valyutanın iki dəfə kəskin devalvasiyaya uğraması bu böhranı daha da dərinləşdirdi. Ölkənin bank sektoru iflas həddinə çatıb. Bazarlarda durğunluq hökm sürür. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb.
Lakin xarici ölkələrin təcrübəsinə nəzər salsaq, böhran iqtisadiyyatı həm də bacarıqlı iş adamlarının varlanması üçün bir fürsət sayılır. Bəzi insanlar məhz iqtisadiyyatın qeyri-sabit dövrlərində öz potensiallarını ortaya qoyaraq, külli miqdarda gəlir əldə edirlər.
Hazırda ölkəmizin iqtisadi böhran şəraitində olduğunu nəzərə alsaq, insanların hər hansı sahəyə yatırım edib, gəlir götürmək şansları varmı?
İqtisadçı ekspert Azər Mehtiyev musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda azad iqtisadi mühit olsa, böhran şəraitinin verdiyi imkanlardan faydalanmaq mümkün olacaq: “Böhran iqtisadiyyatın bir vəziyyətidir və təbii ki, hər durumun özünəməxsus cəhətləri var. Azərbaycanda azad bazar iqtisadiyyatı və rəqabətli sahibkarlıq mühiti olmadığından bu cür böhran şəraitlərindən çıxış yollarının araşdırılmasında da sahibkarlar üçün problemlər yaradılır. Təbii ki, böhran dövrlərində bu vəziyyətdən çıxış yollarının araşdırılmasına ehtuyac var. Belə durumlarda xüsusi davranış normaları, anti-böhran idarəetməsi və sair təcrübəsi var ki, xarici ölkələrdə daha geniş yayılıb. Lakin bütün bunlar rəqabətli mühitdə mümkündür. Rəqbət olduğu şəraitdə sahibkarların strategiyalarını dəyişdirmək, hansısa strategiyaya üstünlük vermək, böhrandan daha az zərərlə necə çıxmaq və ya böhranın yaratdığı yeni imkanları görüb, o istiqamətdə işini qurmaq şansları var. Yəni böhran da iqtisadiyyatın bir vəziyyətidir və bu vəziyyətdə sahibkarların öz strategiyalarına yenidən baxması vacibdir. Böhranı yaradan səbəblərin aradan qaldırılması istiqamətində iqtisadiyyatın bütün sahələrində aparılan işlər həm də sahibkarlar üçün yeni imkanlar yaradır. Ancaq bizim iqtisadiyyatımız indiyədək əsasən neft gəlirləri hesabına inkişaf edib. Əslində indiki böhran dünyadakı iqtisadi böhrandan qaynaqlanmır. Çünki, Azərbaycan üçün neftin ucuzlaşması daha çox problem yaradıb. Bu isə onu göstərir ki, Azərbaycanda indiyədək normal iqtisadiyyat formalaşmayıb, daha çox inhisarçılıq üzərində qurulub. İndi də məmurların nəzarəti altında olan həmin inhisarçı qurumlar iqtisadiyyatda heç nəyi dəyişməyəcəklər. Çünki, onlar rəqabət nəticəsində formalaşan sahibkarlar deyillər”.
İqtisadçı ekspert bildirib ki, rəqbətli mühit və azad sahibkarlıq olmadıqca böhran şəraitinin verdiyi imkanlardan yararlanmaq mümkünsüz olacaq: “Normal iqtisadiyyatı olan ölkələrdə şirkətlər çalışırlar ki, öz istehsallarını böhran şəraitinə uyğunlaşdırsınlar. Birincisi, strategiyalarını dəyişirlər, işlərini yeni vəziyyətə uyğunlaşdırırlar. Bazarın durumunu araşdıraraq, tələbata uyğun məhsullar istehsal edirlər. Böhran dövrlərində əsasən daha ucuz məhsullar istehsal etməklə xərclərini azaltmağa çalışırlar. Əhalinin alıcılıq qabiliyyəti azaldığından əvvəllər baha təklif olunan məhsulları daha ucuz, insanların maraqlarına uyğun təklif etməklə daha çox qazanırlar. Böhran vəziyyətlərinin özəlliyi ondadır ki, bu zaman sahibkarlar daha çox fəallaşırlar. Bu da böhranın aradan qaldırılmasına kömək edir. Yəni böhran özü sahibkarlığın inkişafı üçün imkan yaradan bir elementdir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, böhran vəziyyəti iş adamları üçün öz ideyalarını həyata keçirmək üçün münbit şərait deməkdir: “Çox maraqlı bir fakt var ki, Çin dilində böhran sözü elə yazılır ki, həm böhran kimi, həm də fürsət kimi oxunur. Dünyanın bir çox ölkələrində böhranlı vəziyyətlər müəyyən fürsətlər də açır. Sadəcə, bu fürsətlərdən yararlana bilmək üçün azad iqtisadi mühit lazımdır. Azərbaycanın timsalında problemin kökündə bu durur. Böhran vəziyyəti iş adamları üçün münbit şərait deməkdir ki, öz ideyalarını həyata keçirsinlər, həm də əlavə iş yerləri açsınlar. Bunun üçün isə onlara zəmanət lazımdır. İndiki halda Azərbaycanda heç bir iş adamının sabaha ümidi yoxdur ki, onun gəlirləri hansısa məmur tərəfindən mənimsənilməyəcək. Azərbaycanda da bu fürsətlər var. Lakin hökumətin həayata keçirməli olduğu tədbirlər də var. Ədalətli iqtisadi mühit olmadığından sahibkarların hər hansı uğurlu addım atması mümkünsüzdür. Ancaq bu fürsətlər var və insanlar həmişə yeni fürsətləri dəyərləndirməyə çalışacaqlar. Təbii ki, bunun üçün gömrükdə, vergidə, qanunvericilikdə, məhkəmə sistemində islahatlara ehtiyac var. Azərbaycanın coğrafi baxımdan əlverişli mövqeyi var, insanları işgüzardır, başqa ölkələrdə uğur qazana bilirlər. Avropa ölkələrində, Rusiyada ABŞ-da böyük uğurlar qazanan yüzlərlə həmyerlimiz var. Onlar Azərbaycanda özlərini reallaşdıra bilməyiblər və xaricə üz tutmağa məcbur olublar. Bu cür insanların Azərbaycanda fəaliyyətinin yaxşılaşdırılması üçün tədbirlərə ehtiyac var”.
Eskpertin sözlərinə görə, Azərbaycanda daha çox valyutadəyişmə yolu ilə pul qazanmağa üstünlük verilir ki, bu da çox risklidir: “Çünki, ölkəmizdə qiymətli kağızlar bazarı, valyuta birjası olmadığından bu primitiv şəkildə həyata keçirilir. Bəzi insanlar isə FOREX platformasından istifadə edirlər. Bu, beynəlxalq platformadır və onlayn ticarətlə məşğuldur. Orada hətta qızıldan tutmuş, müxtəlif ölkələrin valyutalarına qədər alqı-satqı əməliyyatları həyata keçirmək olar. Son illərdə xüsusən də gənclər arasında bu, çox populyar olub və minlərlə insan bu yolla pul qazanmağa çalışır. Əlbəttə, orada da risklər var. Burada pul qazanmaq üçün ciddi fundamental biliklərə, bazarın öyrənilməsinə, gündəlik xəbər axınının izlənilməsinə ehtiyac var və bu, primitiv şəkildə həyata keçirilməməlidir. Bu platforma artıq Azərbaycanda da fəaliyyətdədir.
Digər sahələrə gəlincə, Azərbaycanda sovet dövründən qalan ənənələr var ki, ən pis dövrlərdə belə, biz bunu bacarırdıq. O dövrdə bütün sovet respublikalarında Azərbaycandan gedən kənd təsərrüfatı məhsulları, aqrar sənaye məhsulları çox məşhur idi. Biz çalışmalıyıq ki, ixracatımızı artıra bilən, ölkəyə valyuta gətirən sahələri inkişaf etdirək. Çünki, ölkəyə daxil olan vəsaitlər bir mənbədən - neft ixracından gəlir, bundan başqa ciddi bir mənbə yoxdur. Azad iqtisadi mühit olsa, insanlar bizim ağlımıza belə, gəlməyəcək müxtəlif yollarla qazana və ölkəyə pul axınını təmin edə bilərlər. Bunun üçün isə əlverişli mühit yaratmaq lazımdır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024