İqtisadiyyat (24-11-2015, 23:45)
Banklarla bağlı yeni strategiya hazırlanacaq
Azərbaycan bankları 2016-cı və qarşıdakı il üçün strategiyalarına yenidən baxacaq. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib. Onun sözlərinə görə yeni dövr üçün strategiya hazırlanacaq: “Banklar hər bir iqtisadi inkişafın bəlli bir mərhələsində öz strategiyasına yenidən baxırlar və buna müvafiq dəyişikliklər edirlər. Bilirsiniz ki, hazırkı dövrdə mövcud olan bankların strategiyası böyük neft gəlirləri, yüksək iqtisadi inkişaf templəri üzərində qurulmuş strategiyalar idi. Lakin, bu gün neft qiymətlərinin aşağı düşməsi, iqtisadi proseslərin yavaşıması, dünyada baş verən böhran proseslərinin və qonşu ölkələrdə gedən ağır iqtisadi böhranlar bizim ölkəmizə mənfi təsir göstərir. Ona görə, banklar buna müvafiq olaraq 2016-cı il və qarşıdakı il üçün öz strategiyalarına yenidən baxır və dəyişiklik aparırlar. Mərkəzi Bankla birlikdə yeni dövr üçün strategiyanın hazırlanması ilə bağlı məsləhətləşmələr aparılıb. Qarşıdakı aylarda da digər iqtisadi bloku əhatə edən nazirlik və komitələrlə görüşümüz davam edəcək ki, banklar yeni dövr üçün hazırladıqları strateji inkişaf və taktiki planlarında bu dəyişiklikləri, yenilikləri nəzərə ala bilsinlər”.
Z. Nuriyev bildirib ki, yeni strategiyada əsas dəyişikliklərin məsuliyyətli kreditləşmə kiçik və orta biznes, eləcə də korporativ sektorun maliyyələşdirilməsi ilə bağlı olacaq: “Əsas dəyişikliklər daha çox məsuliyyətli kreditləşmə, kredit faizlərinin 2015-ci il ərzində Mərkəzi Bankla müzakirə nəticəsində aşağı endirilməsindən irəli gələn gəlirliklərin azalmasından doğan prosesləri nəzərə almaq, eyni zamanda əsas strateji xətt olaraq kiçik və orta biznesi, korporativ sektorun maliyyələşdirilməsinin prioritet təşkil etməsini nəzərə alaraq daha çox istehlak kreditlərindən kiçik və orta biznesin, korporativ sektorun maliyyələşdirilməsinə keçid müddəaları öz əksini tapacaq. Eyni zamanda, gəlirliliklərin aşağı düşməsi fonunda banklar tərəfindən təbii olaraq xərclərin optimallaşdırılması və izafi xərclərin, ekstensiv inkişaf proseslərinin daha çox intensiv, dərinləşməyə və korporativ standartların tətbiqini təşkil etməkdən ibarət olacaq”.
İindiki şəraitdə bankların mənfəət vergisindən azad edilib-edilməyəcəyinə gəlincə, Z. Nuriyev deyib ki, bu mərhələdə bankların mənfəət vergisindən azad edilməsi doğru deyil: “Şübhəsiz ki, bütün mərhələlərdə bu cür mənfəət vergisi üzrə tətillərin verilməsi müsbət haldır. Lakin eyni zamanda biz unutmamalıyıq ki, büdcə gəlirləri də təmin edilməlidir. Bunun üçün də bu mərhələdə banklar üçün belə tətil verilməsi yəqin ki, doğru olmazdı. Bilirsiniz, mənim fikrimcə, banklara təkcə vergi ödəyicisi kimi baxmaq düzgün deyil. Banklar vergi ödəyiciləri yaradan bir xüsusi qurumlardır. Banklar eyni zamanda həm özləri vergi ödəyicisidir, lakin daha çox yeni vergi ödəyiciləri və vergi ödəyicilərinə dəstək olan bir qurumdurlar. Bu gün Azərbaycan bank sektoru 5-10 il əvvəlki bank sektoru deyil. Bu aktivlərinin həcmi 30 milyarda yaxınlaşmış və Azərbaycan büdcəsini Neft Fondunun transfertlərini çıxdığımız zaman 5-6 dəfə üstələyən bir həcmə malik bir sektordur. Yəni, bu olduqca ciddi və böyük iqtisadi münasibətlər sisteminin tərkib hissəsidir”.
Z.Nuriyev əlavə edib ki, indiki mərhələdə banklar üçün daha çox zəruri olan qanunvericilik aktlarında müvafiq təkmilləşmələrin, dəyişikliklərin aparılması, bankların fəaliyyəti üçün zəruri olan müvafiq qanun layihələrinin təcili qəbul edilməsi və tətbiqinin həyata keçirilməsidir. Onun fikrincə, bu addımlar iqtisadiyyatın maliyyələşdirilməsinin sürətlənməsinə xidmət edəcək.
Onun sözlərinə görə 2015-2016-cı il üçün qarşıda duran mühüm məsələlərdən biri məhz ipoteka kreditləşməsinin genişləndirilməsi ilə bağlı olacaq: «“İpoteka haqqında” qanuna bəzi dəyişikliklərin və əlavələrin edilməsi ilə bağlı təkliflər Mərkəzi Banka təqdim olunub. Əlavə və dəyişikliklər ipotekanın yüklü edilməsi, yüklülüyün azad edilməsi, yüklü edilmiş əmlaka doğru tələbin yönəldilməsi ilə bağlıdır. Girov mexanizmi çox dəqiq və aydın şəkildə mövcud olmalıdır ki, banklar dəqiq və aydın kreditləşməni həyata keçirə bilsinlər. Kreditlərin həcmi artdıqca, böyüdükcə, qanun və mexanizmlər üzərində dəqiq və aydın işləməni tələb edir. Əgər biz buna nail ola bilməriksə, o zaman sürətli və böyük həcmdə kreditləşmə aparmaq banklar və digər maliyyə qurumları üçün çox çətin ola bilər”.
Z. Nuriyev əlavə edib ki, sözügedən qanuna dəyişikliklər qəbul edilsə, banklar bu sahədə daha aktiv kreditləşməni həyata keçirə bilərlər.