Karusel (6-11-2015, 22:40)
Təmizlənmə aparılacağı gözlənilən NAZİRLİKLƏR
“Düşünürəm ki, hədəfdə olan nazirliklər sırasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Nəqliyyat Nazirliyi və AZAL-ın adını çəkmək olar”.
Bunu hafta.az-a açıqlamasında prezidentin keçmiş müşaviri, politoloq Qabil Hüseynli deyib. Politoloq ölkə başçısının ötən gün şimal-qərb bölgəsinə səfəri zamanı dediyi “heç kim toxunulmaz deyil, hər kəs öz işini vicdanla görməlidir” ifadəsinə münasibət bildirib. Qabil Hüseynli həmçinin vurğulayıb ki, ölkə başçısının bu bəyanatı tezliklə başlanacaq yeni islahatlar dalğasından xəbər verir:
“Zənnimcə, prezidentin bu fikri gələcəyə doğru istiqamətlənib. Əgər keçmişlə bağlı olsaydı, onu təkrarlamağa ehtiyac yox idi. Sözsüz ki, ölkə başçısı öz komandasında baş verənləri yaxşı bilir. Onu da təhlil edib ki, əgər dövlətə ən yaxından kömək etmək missiyası olan MTN kimi bir qurumda korrupsiya halları olubsa, demək digər nazirliklərdə bundan da artıq səviyyədə ola bilər. Prezident “heç kəs toxunulmaz deyil” söyləməklə, gələcək islahatların və dəyişikliklərin anonsunu verir. Hələ məlum MTN hadisələrindən əvvəl də prezidentin tapşırığı ilə bəzi dövlət qurumlarında müəyyən tənzimləmələr aparıldı. Hətta Nəqliyyat Nazirliyinin funksiyalarının azaldılması ilə bağlı bir sıra işlər görülüb. Bu nazirliklə bağlı ortaya xoşagəlməz faktlar da çıxmışdı. Bu proses nəticəsində nəqliyyat naziri rüşvət və korrupsiya ilə bağlı olan sahələrini itirdi”.
Qabil Hüseynli Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) islahatlardan sonra növbəti hədəfin AZAL ola biləcəyini də istisna etməyib:
“Son günlər AZAL-la da bağlı xeyli məlumatlar yayılmaqdadır. Əvvəla bu dövlət qurumunun qiymət siyasəti ciddi surətdə tənqid edildi. Üstəlik, adıçəkilən qurumun dövlət büdcəsindən xeyli supsidiyalar aldığı da ortaya çıxdı. Hesab edirəm ki, AZAL-ın köklü islahatlara ehtiyacı var. Bu təşkilatda da yəqin ki, yaxın zamanlarda islahat xarakterli təmizləmələr aparılacaq”.
Politoloqun sözlərinə görə, ilk olaraq hər bir islahat aparılacaq nazirliklərlə bağlı tutarlı faktlar toplusu hazırlanmalıdır. Qabil Hüseynli məhz bundan sonra həmin dövlət qurumlarının əncam çəkiləcəyini deyir:
“Bu proseslər birdən deyil, tədricən getməlidir. Bu ona görədir ki, ictimai rəydə çox da çaxnaşmaya səbəb olmasın. Düşünürəm ki, hədəfdə olan nazirliklər sırasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Nəqliyyat Nazirliyi, AZAL-ın adını çəkmək olar. Bunlarla bağlı mətbuatda da müntəzəm yazılar gedir. Üstəlik bir sıra dövlət qurumlarında müəyyən vəzifələrin onlardan alınıb "ASAN xidmət"ə verilməsi nəzərdə tutulur. Təbii ki, bu məsələlər dövlətin nəzarətindədir. İdarəetmə və bürokratik aparatlardakı islahatlar axıra qədər getməlidir. Bu təmizləmələr idarəetmə sisteminin bütün həlqələrini əhatə etməlidir”.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev şimal-qərb bölgəsinə səfər edib. Onun Şəkidə çıxışı zamaı "heç kəs toxunulmaz deyil" mesajını bir sıra politoloq və şərhçilər yenidən bəzi nazirliklərdə islahatların aparılacağına işarə kimi dəyərləndiriblər.