Karusel (26-10-2015, 13:35)
"Müsavatçılar münəccimdilər?" - Siyavuş Novruzov
"Müsavat Partiyasının mitinqi İsa Qəmbərin namizəd olduğu dairənin ərazisində keçirilib. Buna baxmayaraq, mitinqdə iştirak edənlər arasında həmin dairədən adam yox idi. Mitinqə qatılanlar Bakıdakı seçicilərin heç bir faizi qədər də deyildi".
Mediatv.az xəbər verir ki, bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. S.Novruzov Müsavat Partiyasının noyabrın 1-də keçiriləcək parlament seçkilərinin təxirə salınması və 4 aydan sonra keçirilməsi tələbinə münasibət bildirib:
"Müsavat Partiyasının mitinqini müşahidə etdik. Orada cəmi 300 adam var iştirak edirdi. Həmin adamlar da çıxış edənlərin qohum-əqrəbası idi. Müsavat Partiyasının deputatlığa namizədlərinin arxasında 100 nəfər yoxdur. Yəni, namizədlərin hər biri özü ilə 100-150 nəfər gətirsəydi, normal mitinq olardı. Bütün bunlar göstərir ki, partiyanın namizədlərinin seçicilər arasında nüfuzu, dəstəyi yoxdur. Onlar bunu hiss etdiklərindən indidən seçki haqqında mənfi rəy yaratmağa çalışırlar".
YAP icra katibinin müavini hesab edir ki, Müsavat Partiyası parlament seçkisində uğur qazana bilməyəcək və indidən seçkilərin nəticələrinə kölgə salmağa cəhd edir: "Haradan bilirlər ki, seçki demokratik keçirilməyəcək? Münəccimdilər? Tələb edirlər ki, seçki 4 aydan sonra keçirilsin, bu müddətdən sonra nə olacaq ki?
Bundan əvvəlki mitinqləri də çox zəif idi. Onlar istəyirdilər ki, başqa partiyalardan daha çox adam toplasınlar, amma bacarmadılar. Hesab edirəm ki, onların dedikləri bəhanədir, çünki bilirlər ki, heç kəs onların namizədlərinə səs verməyəcək".
Xatırladaq ki, Müsavat Partiyası deputatlığa namizədliyi qeydə alınan üzvlərinin seçicilərlə görüş mitinqi keçirib.