Karusel (20-05-2015, 10:52)
Bir gecədə yoxa çıxan şirkət necə yaranıb?
Bir gecədə şirkətin İnternetdəki resursları silinib
Mayın 19-da Bakının Binəqədi rayonunda yaynan 16 mərtəbəli binanın üzlənməsini “Global Construction” şirkətinin həyata keçirdiyi məlumdur. “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, “Global Construction” tikinti şirkətinin bazasında yaradılmış “Global Stone” istehsal şirkəti binaların fasadlarının poliuretan üzlük materiallarla üzlənməsi üzrə xidmətlər göstərir. Bu şirkət Bakı şəhərində onlarla binanı poliuretan üzlük materialları ilə üzləyib. “Marja”nın məlumatına görə, dünən axşama qədər “Global Stone” şirkətinin İnternet və Facebook səhifələri mövcud idi. Bu gün səhər isə həmin səhifələrə daxil olmaq mümkün deyil. Şirkətin həm Facebook səhifəsindən, həm də İnternet səhifəsindən bütün məlumatlar yığışdırlaraq səhifələr bağlanılıb. Eyni zamanda, “Global Construction” şirkətinin və yaxın olan “M-Line” şirkətinin də İnternet səhifəsi bağlanılıb. Səhifələrə daxil olduqda “The requested URL was not found on this server” yazılır.
Ümumiyyətlə, digər onlayn mənbələrdən də “Global Stone” şirkətinin adının çəkildiyi məlumatların silindiyi müşahidə olunur.
“Global Stone”nin istehsal sahəsi Hökməli qəsəbəsində yerləşən “M-Line” mebel fabrikinin ərazisindədir. 21 Fevral 2011-ci ildə mebel fabriki işə salınanda bildirilmişdi ki, ilk dəfə olaraq fabrikdə poliuretan üzlük materiallarının istehsalı xətti də quraşdırılıb. Həmin xəttin aylıq istehsal gücü 18-20 min kvadrat metrdir. Yayılan məlumatlara görə, şübhəli şəxs qismində saxlanılan Miryusif Mahmudov “Global Construction” şirkəti ilə bərabər “M-Line” MMC-yə də rəhbərlik edirmiş. Miryusif Mahmudov “Əməkdar Mühəndis”dir.
“Global Stone” şirkəti ilə bərabər “M-Line”, “Global Light” və “Poliplast” şirkətləri də “Global Construction” şirkətinə yaxındır. “Global Light” şirkəti binaların fasadlarının işıqlandırma işlərinin layihələndirilməsini və açaraltı təhvilini təklif edirdi. “M-Layn” isə mebel istehsalı ilə məşğul olur. “M-Layn” mebel fabriki dövlətin güzəştli krediti və şirkətin vəsaiti hesabına inşa olunub. Fabrikin ümumi dəyəri 7 milyon 800 min manatdır. Dövlətin güzəştli krediti bunun 55 %-ni təşkil edir.Fabrik Hökməli qəsəbəsində yerləşir. Fabrikdə təbii ağacdan, MDF-dən, laminəedilmiş MDF-dən, təbii və süni şpondan boyalı və laklı mebellərin istehsal olunur.
Yayılan məlumata görə, “General Construction” 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş “Oceanstream İNC” adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi azərbaycanlı iş adamı Xaqani Bəşirovdur. Dİgər məlumata görə, Xaqani Bəşirov uzun illərdir ki, sözügedən şirkətə rəhbərlik etmir. Hazırda şirkətin kimə məxsus olması isə məlum deyil.
“Global Stone” təkcə Azərbaycanda binaları üzləməyib. Şirkət saytında Türkiyənin Maliyyə Nazirliyinin binasının və Ankarada bir sıra binaların fasad layihəsinin dizaynının “Global Stone” tərəfindən işlənildiyi göstərilirdi.