İqtisadiyyat (14-06-2014, 12:50)
Anar Əliyevin milyonlarının- Sirri
Bu da 2009-cu ildən etibarən ildə ortalama 360 milyon dollardan çox qazanc əldə etməyə imkan verib
"Qafqazinfo" virtualaz.org-a istinadən “SOCAR Trading SA”nın həmtəsisçisi Anar Əliyevlə bağlı yazını təqdim edir:
Təxminən yarım il əvvəl “Azadlıq” radiosu Böyük Britaniyanın “Global Witness” şirkətinin araşdırmasına istinadən Azərbaycan cəmiyyətini növbəti sensasiya ilə üzbəüz qoydu. Həmin sensasion tarixçənin əsas “qəhrəmanı” isə Azərbaycan neftinin satışı ilə məşğul olan “SOCAR Trading SA” şirkəti vasitəsilə 100 milyon dollardan artıq pul qazanmış Anar Əliyev adlı bir nəfər idi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ/SOCAR), onun törəmə müəssisəsi olan “SOCAR Trading SA” şirkəti və sonuncu şirkətin təsisçilərindən biri olan Anar Əliyev Azərbaycan neftinin satışından əldə olunan az qala bütün pulların mənimsənilməsində ittiham olunurdular.
“Global Witness” şirkətinin “Anonim Azərbaycan” adlı hesabatının müəllifi Tomas Meynin sözlərinə görə, o, bu hesabat üzərində bir il işləyib. Belə bir sənədin hazırlanmasına səbəb isə ictimai təşkilatların neft sektorunda şəffaflığın təmin olunması barədəki bəyanat və çağırışları olub. Hərçənd ki, yerli KİV “SOCAR Trading SA” şirkətinin fəaliyyətini elə buna qədər də kifayət qədər geniş şəkildə işıqlandırmışdı...
Yeri gəlmişkən, Britaniya təşkilatının bu hesabatı sonradan nəyə görəsə qalmaqallı jurnalist Xədicə İsmayılovaya təqdim edilmişdi. Özü də araşdırma yazısı qismində...
Kimin hansı çağırış və istəklərinin müəllifi belə bir hesabat hazırlamağa sövq etməsi məlum deyil. Lakin bu məsələ lap əvvəldən məlum idi ki, sözügedən hesabatın müəlliflərinin neft sektorundan, o cümlədən treyder şirkətlərinin iş metodlarından yumşaq desək, xəbəri yoxdur.
Bununla belə həmin hesabat hər halda müəyyən qədər effektiv təsirə malik oldu. Yerli mətbuat orada qoyulan məsələləri uzun müddət - ARDNŞ rəsmi açıqlama yayana qədər müzakirə etdi. Şirkət həmin açıqlamasında beynəlxalq məhkəməyə müraciət etmək niyyətinin olduğunu bəyan etmişdi.
Anar Əliyevə gəlincə isə o, özü də dərhal mətbuatda çıxış edərək özü haqda hər şeyi danışdı. Heç nəyi gizlətmədən...
Buna baxmayaraq bu hesabat hər halda öz xoşagəlməz təsirlərini buraxmışdı. Bu təsirin izləri daha ciddi, əsaslandırılmış və bütün aspektlərdən sanballı bir sənədin ortaya çıxmasına qədər qalmaqda davam etdi. Söhbət bütün dünyada məşhur olan “Boston Consulting Group” (BSG) konsaltinq şirkətinin “SOCAR Trading”in 2008-2013-cü illəri əhatə edən fəaliyyətinə dair hesabatından gedir.
BCG Anar Əliyev işinə necə nöqtə qoydu...
Həmin sənəddə açıq şəkildə göstərilirdi ki, “ARDNŞ-in struktur bölmələrindən biri olan “SOCAR Trading” şirkətinin yaradılması dünya bazarında xam neft çıxarılması işinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verib”.
BCG-nin qiymətləndirməsinə görə, “SOCAR Trading”in yaradılmasından sonra neft satışından gələn gəlir hər barrelə görə orta hesabla 1,7 dollar təşkil edib ki, bu da 2009-cu ildən etibarən ildə ortalama 360 milyon dollardan çox qazanc əldə etməyə imkan verib. Beləliklə, “SOCAR Trading”in fəaliyyəti 2009-cu ildən başlayaraq dövlətin əlavə olaraq məcmu halda 1,8 milyard dollar artıq gəlir əldə etməsinə gətirib çıxarıb.
İndi hər kəsə aydın olurmu ki, “SOCAR Trading” nə üçün yaradılıb və onun xeyri nədədir?
Bu işdə kimin nə qədər qazanması isə belə demək mümkünsə, daxili məsələdir və bu məsələ tender yolu ilə yox, sadə yolla - təsisçilərin sadə qərarı ilə həll olunur.
Başqalarının fəaliyyətində zərrəbinlə şəffaflıq axtaranları (onların öz işlərində buna nə dərəcədə əməl etməsini burada xırdalamırıq) təkcə elə bu məqamdan yararlanmaqla yerində oturtmaq olardı. Lakin həmin hesabatda şirkətin fəaliyyətinin digər detalları da açılır. O sənəddən belə məlum olur ki, “SOCAR Trading” şirkəti 2010-cu ildən başlayaraq hər il 70 milyon barrel Türkmənistan, Qazaxıstan, Rusiya və digər ölkələrin neftini alır, sonra isə onu dünya bazarında satır. Hətta ARDNŞ-in özünün də imkanlarının hüdudlarını aşan belə genişmiqyaslı ticari fəaliyyətdən gələn gəlir isə təbii ki, müəyyən olunmuş qaydalar əsasında bölüşdürülür.
“Globаl Witness” şirkəti əgər həmin gəlirin bölüşdürülməsindəki çatışmazlıq və nöqsanları üzə çıxarsaydı, onda bütün Azərbaycan ona minnətdar olmalı olardı. Təki ARDNŞ biabır olsun, hamı onun işindən dəhşətə gəlsin deyə rəqəm və faktları hara gəldi səpələmək isə sadəcə olaraq qeyri-ciddi iş təsiri bağışlayır.
Hesabatda da qeyd edilir ki, “SOCAR Trading” xam neft satışı üzrə daha fəal və dəqiq sistemə malikdir və bu şirkət əvvəlki satış sistemlərinə baxanda dünya neft satışının qısamüddətli bazar şərtlərinə və imkanlarına daha yaxşı adaptasiya olunub.
O da qeyd olunur ki, “SOCAR Trading” 2011-ci il Liviya böhranı zamanı əlavə gəlirlər əldə etdi. Əgər ARDNŞ həmin nefti birbaşa son istehlakçıya özü yönləndirməsəydi, həmin qazanc əcnəbi treydinq şirkətlərinin cibinə gedəcəkdi. Aha, deməli, belə çıxır ki, gənc azərbaycanlı treyder haçansa öz məşhur qərbli həmkarlarının işinə “burun soxub”. “Global Witness”in hesabatının peyda olmasının səbəbini bəlkə burada axtaraq?! Ən düzünü Allah bilir...
BCG isə qeyd edir ki, əlavə gəlirin əldə olunması dəqiq işlənib hazırlanmış strategiyanın həyata keçirilməsinin nəticəsidir. O cümlədən digər şirkətlərin xam neftinin ticarəti ilə məşğul olmaq ARDNŞ-ə bu bazar və “Azeri Light” keyfiyyətindəki xam neft bazarındakı tələb-təklif balansı barədə öz anlayış və şərtlərini diqtə etmək imkanı verdi.
Bundan başqa, birbaşa marketinq müvafiq emalçılar və istehsalçılar üçün münasib olan maksimal qiymətlərlə neft satmağa imkan verir. Nəhayət, “SOCAR Trading” yükləri Asiya-Sakit okean hövzəsi regionuna göndərməklə Aralıq dənizi hövzəsindəki yüngül neftin əhəmiyyətini heçə endirir, bununla da “Azeri Light” markalı neftin qiymətlərinin düşməməsini təmin edir.
“Azərbaycan neftinin birbaşa son istehlakçıya çatdırılması yolu ilə satılması hesabına gerçəkləşən fəal menecmentin “SOCAR Trading” şirkəti tərəfindən yaradılması da həlledici məqamlardan biri sayılır. Bu da özünü ilk növbədə əlverişli müştərilərlə münasibətlərin fəal şəkildə inkişaf etdirilməsində göstərir. Bunun nəticəsində tələb-təklif münasibətlərini idarə etmək, habelə “Azeri Light” markalı neftin mövqelərini möhkəmləndirmək kimi nailiyyətlər əldə olunub” - deyə hesabat müəllifləri bildirir.
BCG-nin hesabatında deyilir ki, dünyanın digər analoji şirkətlərinin əksəriyyəti ilə müqayisədə “SOCAR Trading”in fəaliyyəti daha effektiv şəkildə təşkil olunub. O da xüsusi vurğulanır ki, Liviya böhranı zamanı əlavə gəlir əldə etmək imkanlarından yararlanmaq mümkün olub. BCG məsələyə biznesin təşkili nöqteyi-nəzərindən yanaşaraq qeyd edir ki, ARDNŞ əlavə imkanlar yaratmaq üzrə daha səmərəli üsullar seçib. Bu baxımdan təcrübəli treyderlərlə birgə müəssisələrin yaradılması faktı da sənəddə xüsusi vurğulanır.
““SOCAR Trading” şirkəti bu gün dünya neft ticarətinin öz rəqibləri tərəfindən hörmət olunan ən yaxşı və mütəşəkkil oyunçularından biridir. Bu şirkət ticarət biznesinin inkişafını stimullaşdırır və əsas şirkətin kommersiya fəaliyyətini gücləndirir” - deyə hesabatda bildirilir.
Yekun əvəzi
Bütövlükdə isə hesabat rəqəm və faktlarla zəngindir. Bunlar isə “Global Witness”in yaydığı sənədlərdəki kimi boş söz yığını deyil, məntiqi ardıcıllıqla düzülən faktlardır. Həmin faktlar isə ARDNŞ-in treyder şirkəti yaratmaq ideyasının ilk gündən çox ağıllı və yaxşı düşünülmüş konsepsiya olduğunu göstərir. Yerli və xarici ekspertlər həmin şirkət və onun təsisçiləri ətrafında nə qədər hay-küy salmağa çalışsalar da bu gün hamıya aydın olan gerçəklik budur ki, “SOCAR Trading” ona bəslənilən ümidləri nəinki doğruldub, hətta bir az da qabağa gedib.
Razılaşın ki, cəmi 4 il yarım ərzində dünyanın aparıcı treyder şirkətləri cərgəsinə daxil olmaq, üstəlik, dövlətə 1,8 milyard dollar əlavə qazanc gətirmək hətta dünya miqyasında tanınmış brendə malik hər şirkətin bacaracağı iş deyil. Bütün aspektlərdən irəli gedən, bu zaman qabaqcıl texnologiyaları, marketinq və innovasiyaların ən son nailiyyətlərini öz işində tətbiq edən şirkətlərin gələcəyi böyük olur. Beelə şirkətlərin əsas meyarı “az qüvvə və cüzi xərclərlə böyük uğurlar qazanmaq”dır.
Razılaşın ki, “Boston Consulting Group”un ekspert qiymətləndirməsi Xədicə İsmayılovanın dialektikasına və diletantlığına əsaslanan hansısa QHT-nin iddialarından hər halda daha ciddi olar...
Yada salaq ki, mənzil-qərargahı Cenevrədə olan “SOCAR Trading” 2007-ci ilin sonlarında ARDNŞ tərəfindən yaradılıb. Onun həmtəsisçilərindən biri Valeri Qolovuşkin (“LUKoil Trading”in yaradıcısı), digəri isə özünü neft biznesində təsdiqləmiş iş adamı Anar Əliyevdir. “SOCAR Trading” ARDNŞ-in Ceyhan limanından götürdüyü xam neftinin əsas hissəsini satır, habelə digər şirkət və ölkələrin neft və neft məhsullarının ticarəti ilə məşğul olur. “SOCARTrading”in faəliyyət sahəsi Avropa, Asiya, Amerika ölkələrini əhatə edir. Şirkətin ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Sinqapur və digər ölkələrdə nümayəndəlikləri var.