Karusel (19-03-2015, 14:14)
Markesi bəyənməyən gənc yerlisi
Mirmehdi Ağaoğlu yazır
Beş-altı ay əvvəl Kulisdə belə bir layihə eləmişdik: “90-lar” layihəsində əksəriyyətini gənclər təşkil edən yazarlar, uşaqlıq dövrlərini, 1990-cı illəri xatırlayırdılar. O yazılarda olduqca maraqlı nüanslar, xeyli sayda bədii materiallar ortaya çıxdı. Deməli, yazmaq üçün xeyli mövzu olsa da təəssüf ki, 90-cı illər nədənsə ədəbiyyatımızda hələ tam mənasında əks olunmayıb. O illərin romanı yazılmamış qalır. O illərə ədəbiyyat öz damğasını vurmayıb, öz ələyindən keçirməyib.
Lap tutalım biri atdı tənbəlliyin daşını, keçdi masa arxasına, başladı 90-lardan roman yazmağa. Nədən yazmalı? Necə yazmalı? O illərin siyasi hadisələrini yazmalı, yoxsa insan talelərini? Hansına üstünlük verməli? Yoxsa heç siyasətə toxunmamalı və yaxud əksinə?
Əlbəttə son qərarı müəllif verir. Amma gəlin tələsməyək. Bir baxaq, görək başqa ölkələrdə hansı təcrübələr var. Elə uzağa niyə gedirik? Markesin vətəni Kolumbiyanı götürək. Onların bir yazarı var. Adı da maraqlıdır. Bir suyundan Markesə də oxşayır: Xuan Qabriel Vaskes. Bir roman yazıb, “Düşən əşyaların səsi” adlanır.
Romana keçəcəyik, amma gəlin əvvəlcə müəlliflə tanış olaq.
Markes getdi, Vaskes qaldı
Xuan Qabriel Vaskes həmvətəni Markes Nobel mükafatı almamışdan düz 9 il qabaq, 1973-cü ildə anadan olub. O, doğulduğu Rosario şəhərində yerləşən universitetdə hüquq fakültəsini bitirib. Daha sonra 1996-1999-cu illərdə Parisdə yaşayıb, Sarbonna Universitetində Latın Amerikası Ədəbiyyatı mövzusunda doktorluq dərəcəsi alıb. Bir il Belçikada yaşadıqdan sonra Barselonaya köçüb. Hazırda Boqotada yaşayır. Vaskes üç roman yazıb:
1. “Müxbirlər”
2 “Kostaquananın sirli tarixi”
3 “Düşən əşyaların səsi”
İspan və Kolumbiya qəzetlərində köşələri dərc olunan Vaskes o cümlədən ingilis yazıçı Jozef Konradın bioqrafiyasını yazıb.
Onun “Düşən əşyaların səsi” əsəri 2014-cü ildə Dublin İmPAC mükafatını qazanıb. O, hazırda dünyada çox məşhurdur. Mario Varqas Lyosa onu “Latın Amerikasının ən orijinal yeni səslərindən biri” adlandırıb. Görünən odur ki, kolumbiyalı Markesin yeri boş deyil. Markes getdi, Vaskes qaldı.
Pablo Eskobar... Doğma ad
Müəllifi tanıdıq. Əsərə keçməmişdən qabaq gəlin Kolumbiyanın yaxın keçmişinə nəzər yetirək. “Düşən əşyaların səsi” əsərini anlamaq üçün Kolumbiyanın yaxın tarixini bilmək də vacibdir.
1960-cı illərdən başlayaraq Kolumbiyada sol təmayüllü müxtəlif qruplaşmalar, silahlı təşkilatlar fəaliyyət göstərməyə başladı. Ölkəni bürümüş xaos narkoticarətçilərin güclənməsinə səbəb oldu. Onlardan biri də Pablo Eskobar idi. Yeri gəlmişkən “90-lar” layihəsini işləyən yazar dostlarımız yəqin o dövrdə məşhur olan bu adı xatırlamamış olmazlar. Bizim uşaqlıq illərimizin xarici xəbərlərində Pablo Eskobarla bağlı məlumatlar tez-tez səslənirdi.
XX əsrin ən qəddar terroristlərindən olan Eskobar nəhəng kartel yaratmışdı. Nəzarətində silahlı dəstələrin yer aldığı kartel narkotik məhsulların istehsalı, ixracı ilə məşğul idi. “Forbes” jurnalı 1989-cu ildə Eskobarın varidatının 47 milyard dollar olduğunu yazmışdı. Onun fəaliyyətinə mane olan məhkəmə işçilərini, dövlət adamlarını, jurnalistləri öldürməkdən çəkinməyən Eskobar uzun illər ərzində ölkəni səksəkə içində saxladı, onun əmin-amanlığını pozdu. Eskobarın 1993-cü ildə öldürülməsindən sonra ölkədə əmin-amanlıq nisbətən bərpa olunmağa başladı.
Oturduğu yerdə zibilə düşən adam
Əsərin baş qəhrəmanı universitetdə hüquq dərsi deyən Antonio Yammaradır. Sevdiyi qızın hamilə olduğunu öyrənən 26 yaşlı Antonio onunla evlənməyə hazırlaşır. O, dərsdən sonra içki içib, bilyard oynadığı barda Rikardo Laverde adlı keçmişi sirli bir adamla tanış olur. Aradabir ünsiyyət qursalar da (hətta bir dəfə içkili Antonio Rikardoya qoşulub onun yaşadığı evin qapısınacan gəlir) aralarında dərin dostluq yoxdur.
Tanışlıqlarının heç bir ayı tamam olmamış Rikardo Antonioya bir kaset göstərərək harda dinləyə biləcəyini soruşur. Antonio onu bir zamanlar Kolumbiyanın modernist şairi Xose Silva Asunsonun yaşadığı Şeir Evinə aparır.
Bir azdan dinlədiyi kasetdən təsirlənərək gözləri yaşaran Rikardo Laverde bayıra çıxır. Antonio da onun dalınca qaçır. Bu vaxt küçədən keçən motosikletdən atəş açılır. Laverde ölür, Antonio Yammara isə ağır yaralanır.
Antonio uzunmüddətli müalicədən sonra sağalıb ayağa qalxsa da səhhəti kimi (ayağı axsayır, aldığı güllə yarası nəticəsində impotent olur, ruhu sağlığı yerində deyil) həyatı da dəyişir. Və ən əsası hər gün azı bir nəfərin qətlə yetirildiyi Kolumbiyada ona qarşı təşkil olunmuş bu cinayətin də səbəbi olmalıdır. O, isə suallara cavab tapa bilmir; Rikardo Laverde kimdir, onu niyə qətl etdilər, yoxsa o da Kolumbiyanın qaranlıq insanlarından idi. Təsadüfən tanıdığı bir insana görə onun həyatı niyə dəyişməli idi? Axı o Kolumbiyanın bu qaranlıq, kriminal mühitindən uzaq durmağa can atırdı; təhsilli idi, universitetdə dərs deyirdi.
Bax bu suallar Antonio Yammaranı rahat buraxmır. Artıq ailəsi də böyüyüb. Letisiya adlı qızı var. Bununla belə həyatı qaydasında davam etmir. Cinsi həyatı qaydasında olmayan Antonio bir gün həyat yoldaşının aldığı vibratoru görüb qəzəblənir, özünü təhqir olunmuş hiss edir.
Bütün bu iztirablara son qoyulmalıdır. Bununsa bir yolu var: keçmişi mühakimə etmək! Cəsarət toplayıb keçmişə qayıtmaq. Amma bu təkcə Antonio Yammaranın, Rikardo Laverdenin, Laverdenin həyat yoldaşı Elein Fritsin, onlarının qızı Maya Fritsin keçmişi olmayacaqdı. Bu həm də bir ölkənin keçmişi olacaqdı.
Narkotik qaçaqmalçısını ağladan kaset
Sən demə Rikardo Laverdenin dinlədiyi kaset ABŞ-dan Kolumbiyaya uçan zaman El Diluvio dağına dəyərək qəzaya uğramış təyyarənin qara qutusuymuş. Kasetdə qəzadan bir neçə dəqiqə əvvəl baş verənlərin səs yazıları yer alır; pilotların həyəcanlı söhbəti, sərnişinlərin danışıqları, bağırtıları, qışqırıq və sonsuzadək sürən gurultu, səs... Bu səslərin içində Rikardonu ağladan bir səs də varmış, Milad bayramına onu görməyə gələn arvadının səsi.
Müəllif o mənzərəni belə təsvir edir: “Kəsik-kəsik gələn bir hayqırtı, ya da ona bənzər bir şey eşidilir. Heç cür müəyyən edə bilmirəm ki, nəyin səsidir. Bu insan səsi deyil, ya da insani olmaqdan çıxmış bir səsdir. Sona yetən həyatların və eyni zamanda qırılan əşyaların səsidir. Yüksəklikdən düşən əşyaların səsidir, başqaları ilə əlaqəsi kəsildiyi üçün əbədiyyən davam edən səsdir, heç vaxt susmayan, başımın içində o axşamdan bəri səslənən, getmək istəyənə bənzəməyən və sanki asılqandakı dəsmal kimi yaddaşımda asılıb qalmış bir səsdir”.
Sənin yaddaşının izi ilə
Sonuncu Nobel sahibi Patrik Modiano mükafatı “Ən təsəvvürə gəlməz insan talelərinə işıq tutan və işğal gerçəklərini üzə çıxaran xatırlama məharətinə görə” aldı. Modiano özünün kiçik həcmli romanlarında kimlik axtarışına çıxır. O, müharibədən sonra doğulsa da əsərlərinin mövzusu İkinci Dünya müharibəsidir. Bir yazarın yaşamadığı bir dövrü özgəsinin yaddaşına əsaslanaraq bərpa etməsi görünür dünya ədəbiyyatında yeni mövzu istiqamətidir. Bu artıq tarixi əsər deyil. Sənin özün də ordasan, əsərin iştirakçısısan. Hadisələrə əsərin içindən boylanırsan.
Müəllif kiçik bir detalla əsərə daxil olur və tanımadığı, bilmədiyi dünyaları səyahət edir. Ona yad olan adamların yaddaşını, xatirələrini öz xatirələri kimi yaşayır.
Hadisədən 3 il sonra Maya adlı bir xanımdan Antonioya zəng gəlir. O, Rikardonun qızı olduğunu, Antonio ilə görüşmək istədiyini bildirir. Buna görə də onu Boqotodan kənarda yerləşən mülkünə dəvət edir.
Oxucu burada Rikardonun keçmişini öyrənir. ABŞ-dan bura gələn könüllülərin bir qisminin əslində narkotik ticarəti ilə məşğul olduğunu, təyyarəçi Rikardonun da yükdaşınma məsələlərində iştirak etdiyini, bunun sayəsində küllü miqdarda pul qazandığını və günlərin bir günü ABŞ polisi tərəfindən tutularaq 20 il həbsdə yatdığını öyrənir. Özü də Rikardo narkotik ticarətinə görə ABŞ-da həbsdə yatan yüzlərlə insandan biri imiş. Deməli, hadisələrin baş verdiyi 70-ci illərdə təkcə Rikardo bu işlə məşğul olmurmuş. Bu təkcə Rikardonun taleyi deyilmiş.
Antonio Mayanın evində onun dilindən dinlədiyi əhvalatlar, məktublar və qəzet vərəqələri vasitəsilə Rikardo və onun arvadı Eleinin keçmişinə qayıdır. Özü də müəllif elə bir nəqletmə metodu seçib ki, oxucu bu keçidlərdə heç bir çətinlik çəkmir.
“Düşən əşyaların səsi”nin əsas xüsusiyyəti odur ki, əsər ölkənin taleyindən bəhs etdiyi halda heç bir yerdə buna birbaşa işarə yoxdur. Əslində bu əsər insan taleyindən bəhs edə-edə bir ölkənin taleyini danışır. Bu romanda insan taleyinin təsviri, onun təqdim edilməsi məqsəd deyil, vasitədir. Müəllifin istəyi öz ölkəsinin problemlərini, yaşadığı qaranlıq keçmişi oxucuya çatdırmaqdır. Amma bunu əsərin mərkəzinə siyasəti, ölkənin taleyini gətirməklə deyil, insan taleyini gətirməklə edir.
Ölkəsinin tarixini nəql edən müəllif Yammaranın ailə problemlərini qabartmaqdan da çəkinmir. Səhifələr irəlilədikcə oxucu Yammaranın ailəsinin dağılacağından qorxur. Təsadüfi deyil əsər də məhz belə bitir-evinə qayıdıb arvad-uşağını görməyən Antonionun tərəddüdləri ilə: “...Yoxsa dünyanın pisliyinə qarşı birlikdə daha yaxşı duruş gətirəcəyimizi və dünyanın, evdə bizi gözləyən, gecikəndə narahat olan, bəlkə də axtarmağa başlayan bir adam olmadan, tək başına gəzmək üçün çox təhlükəli bir yer olduğunu deyərək onu yola gətirməyəmi çalışacaqdım?”
Kolumbiya kəpənəkli oğlan deyil
Ya zəlzələdən, ya vəlvələdən məəttəlsən yaşlı yazarlardan biri haqqında tənqidi fikir, zarafata bir şey yazasan. Az qalalar səni linç edələr. Hələ yaxşı ki, bizim yazarlar Nobel mükafatı almayıblar, çünki onu Qarabağın bir kəndinə belə dəyişməzlər. Allah eləməmiş, alsalar bundan sonra “Anar”ın “A”sını deyəni yerindəcə güllələyərlər.
Vaskes isə romanda Kolumbiyanın Nobel mükafatı almış yeganə yazıçısı Markeslə sözün həqiqi mənasında məzələnir. Rikardonun atası gəlini Eleinə hədiyyə etdiyi kitab barədə deyir; müəllifi jurnalistdir, bir neçə il əvvəl nəşr olunsa da hələ satılır, müəllif avaranın biri olsa da kitab pis deyil. Elein isə kitabın üz qabığına baxaraq onu axmaq bir şeyə bənzədir. “Yüz illik tənhalıq” adı isə ona çox şişirdilmiş və melodramik görünür: “Onu oxumağa çalışdım, and içirəm, çalışdım. Amma ispanca ağır dillə yazılıb və kitabdakı hər kəsin adı eynidir. Uzun müddətdir oxuduğum ən cansıxıcı kitabdır...”
Vaskes Qabriel Qarsiya Markesə borclu olduğunu düşünsə də bayaqdan haqqında danışdığımız romandan da göründüyü kimi özü magik realist əsərlər yazmır. Vaskes ümumiyyətlə magik realizmin əleyhinədir. O deyir: “Mən Latın Amerikasının sehrli və ecazkar qitə olması barədə absurd teoriyanı rədd edirəm. Öz əsərlərimdə nisbətsiz reallığı göstərirəm və mənim nisbətsiz reallığım bizim tariximizin qəddar və vəhşi siyasətini də göstərir”.
Vaskes “Yüz ilin tənhalığı”nı bəyənsə də onun ən maraqsız yerlərinin məhz magik realizm olan hissələr olduğunu deyir: “Mən təklif edirəm ki, “Yüz ilin tənhalığı” əsərini Kolumbiya tarixinin təhrif olunmuş versiyası kimi oxuyasınız. Əsəri maraqlı edən hissə sarı kəpənəklər və ya donuz quyruqları deyil, banan toplayan işçilərin XIX əsrin vətəndaş müharibəsindəki soyqırımıdır. Bütün böyük romanlar kimi “Yüz ilin tənhalığı” da bizdən həqiqəti yenidən kəşf etməyi tələb edir. Mən əsərlərimdə çalışıram ki, kolumbiyalıların indiyə qədər oxuduqlarının tam əksinə olan XIX əsr Kolumbiya reallıqlarını göstərim”.
Begemotlar öldürülməsə...
Antonio ilə Maya Pablo Eskobarın bir zamanlar yaratdığı və hər iki qəhrəmanın uşaq olanda getdikləri mülkünə yollanır. Burada vaxtilə Pablo Eskobarın dünyanın müxtəlif yerlərindən gətirtdiyi heyvanlar olurdu. Kolumbiyalı uşaqlar da gəlib baxırdılar. Lakin Eskobar öləndən sonra buralar yiyəsiz qalıb. Terrorçunun evi uçub dağılır, bir-birindən qiymətli maşınları çürüyür. Bir vaxtlar uşaqların həvəslə tamaşaya gəldikləri begemotlarsa yiyəsizdirlər. Bu yerdə əsərin əvvəlinə qayıtmaq yerinə düşər: “Begemotlardan qara mirvari rəngində, bir neçə ton ağırlığında və erkək olanı 2009-cu ilin ortalarında öldürüldü. Pablo Eskobarın Maqdalena vadisindəki zooparkından iki il əvvəl qaçmışdı”.
Göründüyü kimi begemotun ölümü qəhrəmanımızı 13 il əvvəl baş verənləri xatırlamağa vadar. Begemotlar keçmişi xatırlamaq üçün əsərə gəlişi gözəl atılmış bədii detal deyil. Bu həm də o deməkdir: Ölkəmizi bürüyən faciə, dəhşət o qədər böyük və genişmiqyaslı idi ki, bunun qurbanlar təkcə insanlar olmadı. Heyvanlar da bu bəladan öz nəsiblərini aldılar. Və sanki bilinməyən bir əl nə vaxtsa yaxından və ya uzaqdan Pablo Eskobarla əlaqədə olmuş hər kəsi məhv etməkdədir. Hətta bu canlı heyvan olsa da.(