Karusel (26-02-2015, 00:25)
26 Fevral Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı səhnələşdirilmiş kompozisiya müsabiqəsi keçirilib.
24 fevral 2015-ci il tarixlərdə şəhər 4 saylı tam orta məktəbin tədbirlər zalında Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 Fevral Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı səhnələşdirilmiş kompozisiya müsabiqəsi keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ləman Yüzbaşova, Rayon Gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov iştirak etdilər.
Müsabiqədə rayonun 20 ümumtəhsil məktəbindən 140 nəfər gənc iştirak etdi.Müsabiqənin əsas məqsədi Xocalı soyqırımı haqqında gəncləri məlumatlandırmaq, vətənpərvərlik ruhunu yüksəltmək və gənclərin intellektual yaradıcılıq imkanlarını üzə çıxarmaqdan ibarət idi.
Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, “Xocalı soyqırımı” adlı qısametrajlı filmin nümayişi keçirildi.
Müsabiqənin açılışında çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov Xocalı faciəsi haqqında gənclərə geniş məlumat verdi. Bildirildi ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
Tədbirdə böyük inam hissi ilə qeyd olundu ki, məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımızın hünəri sayəsində Azərbaycan bayrağı tezliklə Şuşada, Xankəndidə, işğal altında olan digər ərazilərdə dalğalanacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Sonra müsabiqəyə start verildi və qaliblərini müəyyənləşdirdi.
Qaliblər Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldı.