İqtisadiyyat (12-10-2018, 17:00)
Sahibkarların fırıldağı: şərab aksizi ilə araq satılır
Şərab ilə arağa verilən aksiz markasının görünüşü fərqlənmədiyindən bundan istifadə edib dövlətdən milyonların oğurlanması Nazirlər Kabinetinin iclasında müzakirə olunub.
Mediatv.az xəbər verir ki, ölkə prezidenti İlham Əliyev çıxışında bununla bağlı vəziyyətə toxunub:
“Bir çox boşluqlar var idi - həm istehsalatda, həm uçotda, həm də aksiz markalarının yapışdırılmasında. Sanki kimsə bu boşluqları qəsdən edirdi ki, orada qeyri-şəffaf vəziyyət yaradılsın. Mən buna başqa bir izahat verə bilmərəm. Çünki o qədər çətin olmayan, yəni, böyük intellektual potensial tələb etməyən məsələlər var və elə bil, onlar qəsdən edilib, qarmaqarışıq salınıb ki, burada həm vergilərdən yayınsınlar, həm də qanunsuz istehsalla məşğul olsunlar. Şərab əvəzinə araq istehsal olunurdu”.
Beləliklə, problemin kökünü, əslində, prezident qeyd edib.
Mediatv.az Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, şərab istehsal etdiyini bəyan edərək 1 litr üçün 10 qəpik ödəyib aksiz markası alan sahibkar onu arağın üzərinə vurur. Aksiz markaları isə elə hazırlanıb ki, mütəxəssis olmasan, onun hansı məhsul üçün olduğunu müəyyən etmək çətindir. Halbuki, arağın aksiz markası 1 litr üçün şərabın aksiz markasından 20 dəfə bahadır.
Həmçinin, istehsal prosesində kiçik həcmli 100 qr və 250 qr şüşə tarasından istifadə olunduğu bəyan edilsə də, reallıqda aksiz markaları daha böyük həcmli taralara yapışdırılır. Bu yolla uzun müddətdir ki, milyonlarla vəsait dövriyyədən gizlədilir.
Təkcə bir rəqəmi deyək ki, avqust-sentyabr aylarında Vergilər Nazirliyinin aksiz postları qurmasından sonra araq istehsalı və daxili bazarda satış həcmi orta hesabla üç dəfə artıb.
Qeyd edək ki, artıq bir neçə ildir ki, şərab və digər spirtli içkilər lisenziyadan azad edilib. Şərabçılığın və ümumiyyətlə, sahibkarlığın inkişafı məqsədilə bu sahədə azadlıq verilməsindən sui-istifadə edən bəzi sahibkarlar hətta aksiz markası vurmadan belə saxta məhsul istehsalı ilə məşğul olurlar.
Bununla bağlı artıq şərabçılardan bir neçə dəfə SOS siqnallı bəyanatlar da eşidilib. Saxta məhsullarla bağlı vəziyyət o həddə çatıb ki, hətta sahibkarların bir qismi lisenziyanın yenidən bərpa olunmasının tərəfdarı kimi çıxış edirlər.
Qeyri-neft sektorunun perspektivli sahələrindən hesab olunan şərabçılıqla bağlı hökumətin ixrac planları isə böyükdür. Artıq bir neçə ölkədə “Azərbaycan şərab evləri” açılıb.
Statistikaya görə, 2017-ci ildə ölkədən ixrac edilən qeyri-neft məhsullarının 17 faizi spirtli və spirtsiz içkilərin payına düşür. Məsələn, Göygöl Şərab Zavodu kimi müəssisələr artıq öz şərablarını Çinə ixrac etməyə başlayıblar. “Azexport” saytına daxil olan sifarişlər arasında şərab aparıcı məhsullardan biridir.
Prezidentin çıxışında da bununla bağlı hökumətin planları açıqlanıb:
“Xüsusilə nəzərə alınmalıdır ki, dövlət öz dəstəyini göstərir. İxrac missiyalarını dövlət təşkil edir, şərab evlərinin yaradılmasını dövlət təmin edir, ixracla bağlı danışıqları dövlət aparır. Mən şəxsən bir neçə həmkarımla Azərbaycanın qeyri-neft ixracının artırılması ilə bağlı danışıqlar aparmışam və biz nəticəyə gəlmişik. Bütün bunları biz edirik, sahibkarlar da öz məsuliyyətini dərk etməlidirlər”.