İqtisadiyyat (10-10-2018, 17:30)
Azərbaycanda aksiz postları qurulub
Araq istehsalı və daxili bazarda satış həcmi cari ilin ötən dövrü ilə müqayisədə, avqust və sentyabr ayları üzrə orta hesabla üç dəfə artıb.
Mediatv.az xəbər verir ki, bu barədə vergilər naziri Mikayıl CabbarovNazirlər Kabinetinin iclasında məlumat verib.
“Aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib, ən iri 30 istehsalçıda cari ilin avqustun 1-dən aksiz postları qurulub. Bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalının, saxta aksiz markalarından istifadənin və aksiz markası olmadan məhsul satışının qarşısı alınıb”.
Nazir bildirib ki, aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində keçirilən tədbirlər nəticəsində daxili bazarda qaçaqmalın payı cari ilin əvvəlindəki 19 faizdən 3 faizə enib.
İlin əvvəlindən dövlətin nəfinə müsadirə olunan və təhvil verilən tütün məmulatlarının dəyəri 13 milyon manatdan çoxdur.
Qanunsuz olaraq daxili bazara yol tapmış tütün məhsullarının müsadirə edilərək satışdan çıxarılması nəticəsində yerli məhsulların istehsalında canlanma yaranıb.
Belə ki, yerli istehsalçıların daxili bazarda satış həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə, cari ilin müvafiq dövründə 75 faiz artıb.