İqtisadiyyat (7-02-2018, 11:33)
Elektrik stansiyalarının özəlləşdirilmə imkanları nəzərdən keçirilir
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi prioritet sektorlarda özəlləşmə prosesinin sürətlənməsi istiqamətində mühüm işlər görür, bir çox yeni layihələr reallaşdırır.
“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”-nə uyğun olaraq, Komitə tərəfindən elektrik enerjisi sektorunun liberallaşdırılması tədbirləri çərçivəsində elektrik stansiyalarının özəlləşdirilməsi imkanları nəzərdən keçirilir. Bu məqsədlə Komitədə Energetika və İqtisadiyyat nazirlikləri, habelə “Azərenerji” ASC-nin nümayəndələri cəlb olunmaqla işçi qrupu fəaliyyət göstərir.
İlkin mərhələdə işçi qrupu tərəfindən mövcud elektrik stansiyalarında elektrik enerjisinin istehsalının vəziyyəti öyrənilir. Eyni zamanda stansiyaların səmərəlilik göstəriciləri, qoyuluş, imkan və faktiki gücləri təhlil olunur. Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılmalı strateji əhəmiyyətə malik stansiyaların siyahısı dəqiqləşdirilir. Enerji sektorunda özəlləşdirilmə prosesi vasitəsilə səmərəliliyin artırılması və uğurlu nəticələrin əldə edilməsi istiqamətində beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlər ilə müzakirələr aparılır.
Növbəti mərhələdə özəlləşdirilməsinə qərar veriləcək stansiyalara investorlar və ya operator şirkətlərin cəlb edilməsi istiqamətində tədbirlər görüləcək. Elektrik enerjisi sektorunda özəl şirkətlərin səmərəli iştirakını təmin etmək məqsədi ilə beynəlxalq təcrübəyə xüsusi əhəmiyyət verilir, qabaqcıl ölkələrin praktikası öyrənilir. Hazırda maya dəyəri yüksək olan rentabelsiz stansiyaların özəlləşdirilərək iqtisadi potensialının artırılması ilə bağlı mövcud perspektivlər öyrənilir. Həmçinin bu sektorda rəqabət mühitinə daha tez nail olmaq məqsədi ilə investorlar üçün nisbətən cəlbedici stansiyaların əlavə investisiya qoyuluşu öhdəlikləri ilə özəlləşdirilməsi kimi alternativlər müzakirə olunur.
Kommunal xidmətlər sahəsində özəlləşdirmə, idarəetməyə vermə və dövlət-özəl tərəfdaşlığı modelləri ilə özəl sektorun payının artırılması bu sahədə səmərəliliyin və xidmətlərin keyfiyyət səviyyəsinin yüksəlməsinə imkan verə bilər. Rəqabət qabiliyyətli mühitin formalaşdırılması isə dövlətin büdcə yükünün azaldılmasına, xərclərin minimuma endirilməsinə şərait yaradacaq.
Qeyd olunmalıdır ki, elektrik stansiyalarının özəlləşdirilməsi istiqamətində xarici ekspertlərin rəyi nəzərə alınmaqla hazırlanacaq yekun təkliflərin aidiyyəti qurumlarla razılaşdırmaqla yaxın zamanlarda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hökumətə təqdim olunması planlaşdırılır.