Sosial (17-02-2015, 23:05)
Bəzi dövlət qurumlarında kommunal xidmətlərə görə borc yaranıb
2014-cü ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1867,9 milyon kVt.saat elektrik enerjisi, 239,6 min Q.kal istilik enerjisi, 131,5 milyon kubmetr təbii qaz, 27,0 milyon kubmetr su, 12,5 milyon manatlıq rabitə xidmətləri istehlak edilib.
Dövlət Statistika Komitəsindən “Həftə içi”nə verilən məlumata görə, 2013-cü illə müqayisədə rabitə xidmətlərinin istehlakı 25,0 faiz, istilik enerjisinin istehlakı 19,1 faiz, təbii qazın istehlakı 18,7 faiz, elektrik enerjisinin istehlakı 4,2 faiz, suyun istehlakı 3,1 faiz artıb. İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 2014-cü ildə 6,5 faiz artaraq 168,2 milyon manat təşkil edib.
İstehlakın ümumi dəyərinin 66,6 faizini elektrik enerjisi, 14,4 faizini su, 7,8 faizini təbii qaz, 7,4 faizini rabitə xidmətləri, 3,8 faizini isə istilik enerjisi təşkil edib.
2014-cü ildə büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 98,5 faizini (2013-cü ildə 97,6 faiz) ödəməklə 2,6 milyon manatlıq kəsir yaranıb. İstehlak edilmiş elektrik enerjisinin 1,5 milyon manatı, təbii qazın 640,8 min manatı, suyun 276,7 min manatı, rabitə xidmətlərinin 135,7 min manatı və istilik enerjisinin 13,2 min manatı ödənilməyib.
